22/04/2018 18:04
728 x 90

Prezident Azərbaycanın qeyri-neft ixracını genişləndirə bilən yeni fəaliyyət forması tətbiq etdi...

“Bu istiqamətdə görülən işlər imkan verəcək ki, daha çox qeyri-neft məhsulu dünya bazarına çıxarılsın”

img

Vüqar Bayramov: “Yalnız ənənəvi bazarlara deyil, yeni bazarlara da çıxış imkanları olacaq”

 

Prezident İlham Əliyev “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli, 1063 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycanın iqtisadi və ticarət əlaqələri, qeyri-neft məhsullarının ixrac potensialı, habelə ixracatçılardan daxil olmuş müraciətlər nəzərə alınmaqla, alıcı missiyalarının tarixini və iştirak edəcək xarici şəxsləri İqtisadiyyat Nazirliyi müəyyən edəcək və bu barədə məlumatı özünün rəsmi internet saytında yerləşdirəcək.

Fərmanda bildirilib ki, hər alıcı missiyasının müddəti 6 gündən və hər alıcı missiyasında iştirak edən alıcıların sayı 10 nəfərdən artıq ola bilməz. Hər alıcı missiyasında alıcı yalnız bir nümayəndə ilə təmsil edilə bilər. Bundan başqa, qaydalara görə, təşkil edilən alıcı missiyalarının sayı təqvim ili ərzində 20-dən çox ola bilməz.

Bütün hallarda, sözügedən fərmandan irəli gələn tələblərin həyata keçirilməsi Azərbaycanın qeyri-neft ixracının artmasında nə kimi rol oynayacaq?

Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, bunun sayəsində qeyri-neft ixracı artacaq: “Qeyri-neft sektoru məhsulları ixracatının genişləndirilməsi və yeni bazarlara çıxışın təmin olunması Azərbaycan iqtisadiyyatının prioritet istiqamətlərindəndir. Aidiyyəti dövlət qurumları rəqabətqabiliyyətli və ixracyönümlü yerli məhsulların xarici bazarlarda təşviqi istiqamətində kompleks tədbirlər həyata keçirirlər. Bu çərçivədə “Made in Azerbaijan” brendinin formalaşdırılması mühüm addımlardan biridir. 2017-ci ildlə Azərbaycanın qeyri-neft sektoru məhsulları ixracatının artmasında sözügedən brendin xaricdə təşviq edilməsi böyük rol oynayıb. Həmin brendin tanıdılması və təşviqi istiqamətində aparılan işlər yaxın vaxtlarda qeyri-neft sektoru məhsullarının ixracının daha da artmasına müsbət təsir göstərəcək. Bu zaman yalnız ənənəvi bazarlara deyil, yeni bazarlara da çıxış imkanları olacaq. Həmin bazarlara ixrac məhsullarının daxil olmasına şərait yaradacaq. Bu da, öz növbəsində, ölkənin ixrac imkanlarını artıracaq. Ona gərə də bununla bağlı qərara müsbət yanaşıram. İxrac missiyalarının təşkili Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi, eləcə də bu sahədə ixracın artırılması ilə bağlı aparılan islahatların bir elementidir. Bu, nəticə etibarilə, Azərbaycanda istehsal olunan məhsulların fərqli bazarlara, xüsusən də inkişaf etmiş ölkələrin bazarlarına çıxış imkanlarının artırılmasına imkan verir. Onu da nəzərə almaq lazımdır ki, ötən il qeyri-neft ixracının artması ilə yadda qaldı. Qeyri-neft ixracı 24 faiz artdı. Bu eyni zamanda Azərbaycan məhsullarının dünyada tanıdılması ilə də mümkün oldu. Ortaya çıxan nəticə həm də aparılan islahatların göstəricisidir. Bu istiqamətdə görülən işlər imkan verəcək ki, daha çox qeyri-neft məhsulu dünya bazarına çıxarılsın. Ona görə də fərmandan irəli gələn məsələlərə müsbət yanaşıram”.

Vidadi ORDAHALLI  

Son xəbərlər