22/04/2018 18:09
728 x 90

Prezident Azərbaycanda özünüməşğulluq layihəsinin genişləndirilməsi yollarını hədəf kimi qoydu…

“Ayrılan vəsait vətəndaş üçün daimi qazanc mənbəyinə çevriləcək”

img

Fikrət Yusifov: “Özünüməşğulluq proqramının məqsədi insanlara dövlət tərəfindən göstərilən köməkliyin daha səmərəli olmasını təmin etməkdir”

 

Özünüməşğulluq proqramının çox böyük gələcəyi var və bu proqramın icrası ilə bağlı əlavə tədbirlər görüləcək”. Bunu yanvarın 10-da Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yekun nitqində deyib.

Prezident qeyd edib ki, ictimai işlərin yaradılması öz müsbət nəticəsini verib: “Biz bu işə iki il bundan əvvəl başladıq, buna ehtiyac var idi. Çünki işsizlik artmağa başlamışdı. Dünya iqtisadi və maliyyə böhranı bizə də təsir etmişdi. İşsizliyin qabağını almaq üçün biz ictimai işlərin yaradılmasına başladıq və operativ tədbirlər nəticəsində il ərzində on minlərlə ictimai iş yaradılıb. İndi ictimai işlərə tələbat o qədər də böyük deyil. Bölgələrdə olarkən maraqlanıram və mənə məlumat verilir ki, indi kənd təsərrüfatına bu qədər dəstəyin verildiyi bir vaxtda vətəndaşlar - yəni kəndlilər daha çox kənd təsərrüfatı işləri ilə məşğuldurlar, orada daha çox pul qazanırlar. Ona görə ictimai işlərə maraq azalıb”.

İlham Əliyev əlavə edib ki, amma yenə bu il də ictimai işlərin yaradılması istiqamətində iş aparılacaqdır ki, Azərbaycanda işsizlik daim aşağı səviyyədə olsun: “Bu yaxınlarda başladığımız özünüməşğulluq proqramının da uğurlu icrası gözlənir. Bu məqsədlər üçün 35 milyon manat vəsait nəzərdə tutulub və bu, təqribən 7 min ailənin büdcəsinə böyük dəstək olacaq. Özünüməşğulluq proqramının çox böyük gələcəyi var və biz bu proqramın icrası ilə bağlı əlavə tədbirlər görəcəyik. Bu, işsizliyin aradan qaldırılması istiqamətində önəmli təşəbbüsdür. Eyni zamanda, ünvanlı sosial yardım alanların sayı da çoxalmayacaq, azalacaq. Bu yardımı alanlar artıq dövlət tərəfindən biznes üçün lazım olan vasitələrlə təmin ediləcəklər”.

Özünüməşğulluq proqramının icrası ilə bağlı hansı tədbirlərin görülməsinin vacibliyini öyrənmək məqsədilə ekspertə müraciət etdik.

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, özünüməşğulluq proqramının məqsədi insanlara dövlət tərəfindən göstərilən köməkliyin daha səmərəli olmasını təmin etməkdir. Bu yardımlar sayəsində yeni iş yerlərinin yaradılması ilə insanlar özləri qazanıb  özlərini təmin edə biləcəklər: “Dövlət tərəfindən ayrılan vəsait sadəcə istehlak üçün deyil, hansısa iş yerinin açılması, kiçik də olsa işin qurulmasına sərf edilməlidir. Bu bir tərəfdən insanlarda ələbaxımlıq əhval-ruhiyyəsini aradan qaldıracaq. Digər tərəfdən isə dövlət tərəfindən sərf olunan vəsaitin səmərəliliyini yüksəldəcək. Vətəndaşlara verilən yardım birdəfəlik xərclənərək bitməyəcək. Ayrılan vəsait vətəndaş üçün daimi qazanc mənbəyinə çevriləcək”.

Həmsöhbətimizin sözlərinə görə, bu ildən etibarən bu iş bir qədər də genişləndiriləcək. Nəticə etibarilə birdəfəlik yardımlar özünüməşğulluqla əvəz olunacaq.

Günel CƏLİLOVA   

Son xəbərlər