23/01/2018 23:35
728 x 90

Prezident xarici borclar üzrə Azərbaycanın çox gərəkli yeni kursunu elan etdi...

“Bütün bu faktorlar büdcəyə daxilolmaları artırır”

img

Günel Fərhadqızı: “Bu da xarici borcun azaldılması ilə bağlı Prezidentin verdiyi tövsiyələrə əməl etməyə imkan verəcək”

 

Neftin qiymətinin dünya bazarında kəskin enməsi enerji ixrac edən ölkələrin bir çoxunun iqtisadiyyatına təsirsiz ötüşmədi. Ancaq Azərbaycan nadir ölkələrdən oldu ki, həmin vəziyyətdən çıxış yollarını tapa bildi. Yəni böhranın fəsadları bizdə az hiss edildi. Buna baxmayaraq, ölkəmizi istəməyən bəzi qüvvələr Azərbaycan iqtisadiyyatı barədə xoşagəlməz rəylər verməyə başladılar.

Xüsusilə də guya Azərbaycanın külli miqdarda xarici borcunun yaranması ilə bağlı yayılan əsassız xəbərləri bu qəbilə aid edə bilərik. Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev etdiyi çıxışda bu məsələyə aydınlıq gətirib. Ölkə başçısının çıxışından bir daha aydın olur ki, ölkənin xarici borcla bağlı heç bir ciddi problemi yoxdur. Buna baxmayaraq, ölkə başçısı xarici borcun artmaması ilə bağlı qarşıya vəzifə qoydu: "Biz çalışmalıyıq ki, Neft Fondunun gəlirlərini artıraq. Ümumiyyətlə, bizim valyuta ehtiyatlarımız, Dövlət Neft Fondunun valyuta ehtiyatları ildən-ilə artır. Əlbəttə, bu bizə imkan verəcək ki, ölkə qarşısında duran önəmli layihələr üçün vəsait ayıraq və ölkəmizin iqtisadi dayanıqlığını təmin edək. Valyuta ehtiyatlarının həcmi və artması bizə iqtisadi müstəqillik verir. Biz heç bir maliyyə qurumundan asılı deyilik. Biz kreditlər alırıq. Ancaq onu da qeyd etməliyəm ki, kreditlərin alınması ilə bağlı biz daha da ciddi siyasət aparmalıyıq. Hesab edirəm ki, bundan sonrakı illərdə dövlət xarici borcunun azaldılması istiqamətində işlər aparılmalıdır. Bu gün də xarici borcumuz məqbul səviyyədədir. Dünya miqyasında biz xarici borcun səviyyəsinə görə müsbət mənada qabaqcıl ölkələrdənik. Ancaq mən qarşıya vəzifə qoymuşam, çalışmalıyıq ki, bundan sonra xarici borcu artırmayaq, əksinə, bunu azaldaq.Valyuta ehtiyatlarımızın artırılması bizə iqtisadi müstəqillik verir. Qeyd etdiyim kimi, biz özümüz kreditlər veririk və xarici kreditləşmədən asılı deyilik. Hətta neftin qiymətinin çox aşağı səviyyədə olduğu bir vaxtda biz ölkə üçün strateji əhəmiyyət daşıyan “Cənub Qaz Dəhlizi”nin maliyyələşməsində heç bir yubanmaya yol vermədik və demək olar ki, bu layihə artıq başa çatmaq üzrədir. Odur ki, valyuta ehtiyatlarımızın yüksək səviyyədə olması iqtisadi müstəqilliyi gücləndirir. Bu da, öz növbəsində, bizim siyasi müstəqilliyimizi möhkəmləndirir. Bir sözlə, xarici borcumuzun səviyyəsi aşağı düşməlidir. Builki büdcəmizdə xarici borcun qaytarılması üçün vəsait nəzərdə tutulub. Əsas vəzifə ondan ibarətdir ki, biz o qədər də vacib olmayan layihələrə xarici borc götürməyək. Biz ancaq texnoloji cəhətdən önəmli layihələrə xarici borc götürməliyik. Yoxsa, hansısa binanın tikintisinə, yaxud da ki, daxili imkanlar hesabına edə biləcəyimiz digər layihəyə xaricdən kredit almaq düzgün deyil".

Göründüyü kimi, ölkə başçısı tapşırıq verib ki, maksumum dərəcədə az miqdarda xarici borcdan istifadə olunsun. Ölkəmizin bu tapşırığı yerinə yetirməyə nə dərəcədə imkanı və resursu var, qarşıya qoyulan tapşırığın öhdəsindən gələ biləcəyikmi?

İqtisadçı Günel Fərhadqızı qəzetimizə bildirdi ki, ölkə başçısının Azərbaycanın xarici borcu ilə bağlı çıxışı bir çox mətləblərə aydınlıq gətirmiş oldu: “Təbii ki, iqtisadi böhranın, bir çox ölkələrə olduğu kimi, Azərbaycan iqtisadiyyatına da təsiri oldu. Ancaq mən deyərdim ki, ölkəmizin iqtisadiyyatı bununla bağlı immuniteti yaxşı formalaşdırdı. Biz dərhal qeyri-neft sektorunun inkişafı ilə bağlı tədbirlər gördük. Hətta qanunvericilik bazası da buna uyğunlaşdırıldı. Azərbaycanın xarici borcunun katostrofik həddə olması ilə bağlı məlumatlar həqiqəti əks etdirmirdi. Həmin məlumatların çoxu məqsədli şəkildə təhrif edilirdi və sağlam niyyətə xidmət etmirdi. İstənilən ölkənin xarici borcu ola bilər. Azərbaycan bu məsələdə tam şəffaf məlumat verirdi. Maliyyə Nazirliyi ötən il ərzində bir neçə dəfə belə məlumatları ictimaiyyətə açıqlayıb. Həmin rəqəmlərin bəzisini diqqətinizə çatdırmaq istərdim. 1 iyul 2017-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 7 mlrd. 172,6 mln. ABŞ dolları (12 mlrd. 208,5 mln. manat), xarici dövlət borcunun ümumdaxili məhsula (ÜDM) olan nisbəti 18,9% təşkil edib. Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.

Xarici dövlət borcu əsasən beynəlxalq maliyyə institutlarının kredit proqramlarından və infrastruktur layihələrindən, həmçinin, beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir. Göründüyü kimi, bu sahədə vəziyyət normal olub. Ancaq ölkə başçısı yenə də xarici borcların həcminin azaldılması ilə bağlı tapşırıq verdi. Azərbaycanın bu tapşırığı yerinə yetirməyə imkanı çatacaq. Çünki neftin qiymətində artma müşahidə edilir. Həmçinin, ölkəmizin tranzit ötürmə qabiliyyəti artır və qeyri-neft sektorundan gələn gəlirlər bu il daha da artacaq. Bütün bu faktorlar büdcəyə daxilolmaları artırır. Bu da xarici borcun azaldılması ilə bağlı Prezidentin verdiyi tövsiyələrə əməl etməyə imkan verəcək”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər