18/07/2018 14:28
728 x 90

Azərbaycan Qaz İxrac Edən Ölkələr Forumunun üzvlüyünə rəsmən dəvət aldı...

“Azərbaycanın gələcəyi qaz ixracı ilə bağlı olacaq”

img

İlham Şaban: “Biz qaz bazarındakı qiymətlərin müəyyənləşməsi, yeni bazarların kəşfi məsələsində söz sahibi olmalıyıq”

 

Azərbaycan, İraq və Qazaxıstanın Qaz İxrac edən Ölkələr Forumuna (GECF) tamhüquqlu üzv olmaq üçün yaxşı şansları var. Bunu "Nefteqazovaya vertikal" jurnalına müsahibəsində Forumun baş katibi Yuri Sentyurin deyib. O qeyd edib ki, hazırda müşahidəçi statusuna malik ölkələrlə iş aparmaq planlaşdırılır: "Ümid edirəm ki, onları təşkilatdakı iştirak səviyyələrini yüksəltməyə razı salacağıq".

Qeyd edək ki, GECF-ə 12 qaz ixracatçısı ölkəsi daxildir: Əlcəzair, Boliviya, Misir, Ekvatorial Qvineya, İran, Liviya, Nigeriya, Qətər, Rusiya, Trinidad və Tobaqo, Venesuela, Birləşmiş Ərəb Əmirlikləri. Azərbaycan (2015-ci ilin noyabrından), Qazaxıstan, Niderland, Norveç, İraq, Oman və Peru isə Forumda müşahidəçi ölkələrdir.

Azərbaycanın sözügedən quruma üzv olması bizə hansı üstünlükləri vəd edə bilər?

Enerji məsələləri üzrə ekspert İlham Şaban qəzetimizə açıqlamasında bildirdi ki, bunun Azərbaycan üçün yalnız müsbət mənada təsiri ola bilər: “Nəzərinizə çatdırım ki, sözügedən qurum 2001-ci ildə Qətər və Rusiyanın təşəbbüsü ilə yaradılıb. Başlıca missiyası qaz bazarına nəzarət etmək, oradakı qiymətləri müəyyənləşdirməkdən ibarətdir. Bir növ, OPEC kimi. Ancaq fərq bundan ibarətdir ki, OPEC neftlə məşğul olur, GECF isə qazla. Qətər və Rusiya iri qaz ixracatçısı olduğu üçün bu işdə qabağa düşüblər. Artıq 17 illik bir zaman arxada qalıb. Qurumun bu müddətdə üç böyük toplantısı keçirilib. Sonuncu tədbirdə Azərbaycan müşahidəci qismində iştirak edib. İndi isə bizim bərabərhüquqlu üzv olma şansımız müsbətə doğru irəliləyişdir. Bir var müşahidəçi olasan, bir də var söz sahibi olan üzv. Təbii ki, ikinci yaxşıdır. Çünki Azərbaycanın gələcəyi qaz ixracı ilə bağlı olacaq. Buna görə də biz qaz bazarındakı qiymətlərin müəyyənləşməsi, yeni bazarların kəşfi məsələsində söz sahibi olmalıyıq. Təşkilatın böyük işlər görə bilməməsilə bağlı səslənən iradları da təbii qəbul edirəm. Çünki OPEC yarananda da belə olub. Bu asan proses deyil. OPEC-in yaranmasından 13 il keçəndən sonra həmin qurum neft bazarında sözünü deməyə başladı. Bilirsiniz ki, OPEC-in yaradılması 60-cı illərə təsadüf edir.  Həmin illəri araşdırsanız görərsiniz ki, təşkilatın neft bazarına təsiri olmayıb. GECF də artıq həmin mərhələni arxada qoyub. Artıq bar verən vaxtıdır. Azərbaycanın hazırkı mərhələdə quruma üzvlüyü lap yerinə düşər”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər