22/10/2018 21:34
728 x 90

Azərbaycanın nəqliyyat infrastrukturundan istifadəyə ciddi ehtiyac hiss edən ölkələrin sayı artır

img

Nəqliyyat infrastrukturunun inkişafı istiqamətində atılan addımlar artıq öz bəşrəsini verməkdə, Azərbaycana həm daha çox valyuta axınını təmin etməkdə, həm də ölkənin dünya miqyasında siyasi mövqelərini möhkəmləndirməkdədir. Xüsusən də Bakı-Tiflis-Qars dəmir yolunun işə düşməsindən sonra bu proses özünü daha qabarıq müstəvidə göstərir.

Belə ki, sözügedən marşrut üzərindən yüklərini daşımaq istəyən ölkələrin sayı artır və Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu məsələyə Prezident İlham Əliyev də xüsusi olaraq toxundu.

Dövlət başçısı qeyd etdi ki, Bakı-Tiflis-Qars dəmir yolunun açılışı nəinki ölkəmiz üçün, bölgə üçün, dünya üçün önəmli hadisə olub: “Bu yol Bakıdan başlanır. Təsadüfi deyil ki, təntənəli açılış mərasimi Azərbaycanda keçirilmişdir. Uzunluğu 850 kilometrə yaxın olan dəmir yolunun 504 kilometri Azərbaycan ərazisində tikilib, bərpa edilib. Bilirsiniz ki, Azərbaycan bu yolun icrasında ən böyük maliyyə yükünü öz üzərinə götürmüşdür. Bu tarixi layihənin icrası Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərinin birinə çevirəcək və artıq çevirir. Yol açılandan sonra qısa müddət ərzində - cəmi iki ay ərzində bir çox ölkələrdən Bakı-Tiflis-Qarsa qoşulmaq haqqında bizə müraciətlər olmuşdur. Artıq bir neçə həmkarımla bu məsələni mən şəxsən müzakirə etmişəm. İndi müvafiq göstərişlər verilmişdir ki, bir çox ölkələrlə işçi qrupları yaradılsın və bu xəttə qoşulmaq istəyənlərin yük potensialı təhlil edilsin. Əlbəttə ki, biz bütün tərəfdaşlarla bu layihə çərçivəsində uğurlu əməkdaşlıq etməyə hazırıq”.

Beləliklə, aydın görünür ki, Bakı-Tiflis-Qarsla digər ölkələrdən gələn xeyli həcmdə yüklər daşınacaq və artıq bunun üçün ölkəmizə edilən müraciətlərin də sayı artmaqdadır. Artıq yüklərinin bir hissəini bu marşrutla daşıyan Qazaxıstan daha böyük həcmdə məhsulu Bakı-Tiflis-Qarsa yönəltməyi düşünür. “Qazaxıstan Dəmir Yolu” Səhmdar Cəmiyyətinin rəhbəri Kanat Alpısbayev də bunu təsdiq edir. O qeyd edir ki, Bakı-Tiflis-Qars dəmir yolu xəttinin açılışı və Kurık bərə kompleksinin istifadəyə verilməsi Transxəzər beynəlxalq nəqliyyat marşrutu üzrə ixrac konteynerlərinin daşınmasında əlavə stimul olub. Onun sözlərinə görə, ölkəsində tranzit dəmir yolu daşınmalarının həcmi 16 milyon ton təşkil edib ki, bu da 2016-cı illə müqayisədə 23 faiz çoxdur: “2018-ci ildə tranzit yük daşımalarının həcminin 17,1 milyon tona çatdırılması planlaşdırılır”.

Artıq Orta Asiya ölkələrindən Tacikistan  da bu xəttə xüsusi maraq göstərir. Tacikistanın Azərbaycandakı səfiri Zohir Saidov bu xüsusda bildirir: "Tacikistan Bakı-Tiflis-Qars dəmiryol xəttinin fəaliyyət göstərməsində maraqlıdır və biz gələcəkdə Tacikistan-Əfqanıstan-Türkmənistan dəmir yolu xəttinin Azərbaycanın dəmir yolu xətlərinə qoşulması layihəsinin perspektivlərini nəzərdən keçiririk". Onun sözlərinə görə, bu dəmir yolları xətlərinin birləşməsi ilə gələcəkdə Mərkəzi Asiyadan Avropaya qədər uzanacaq yolun önünü açmaq olar: "Qeyd etmək lazımdır ki, ölkələrimiz arasında qarşılıqlı ticarətin inkişafına mane olan amillərdən biri nəqliyyat-kommunikasiya imkanlarının məhdudluğudur. Ölkəmizin coğrafi mövqeyini nəzərə alsaq, bu cür ticarət, təbii ki, zəruri infrastrukturun yaradılmasını tələb edir. Bu baxımdan biz TRACECA layihəsi çərçivəsində Böyük İpək Yolunun dirçəldilməsində maraqlıyıq". O da məlumdur ki, 2018-ci ilin ilk rübündə Özbəkistan Bakı-Tiflis-Qarsla  pilot qaydada tranzit yükdaşımalarına başlaya bilər. Özbəkistanın 2018-2022-ci illəri əhatə edən nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və xarici yükdaşıma marşrutlarının diversifikasiyasına dair dövlət proqramında Bakı-Tiflis-Qars dəmir yolu xətti ilə pilot qaydada tranzit yükdaşımalarının həyata keçirilməsi bəndi də yer alıb. Qrafikə əsasən, ilk yükdaşımaların həyata keçirilməsinə 2018-ci ilin ilk rübündən etibarən başlanması nəzərdə tutulub. Proqrama əsasən, Özbəkistan tərəfi Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa İttifaqı vahid nəqliyyat dəhlizinin formalaşdırılmasında da iştirak edəcək. Bununla yanaşı,  Türkmənistan, Pakistan, Çin və Hindistan Bakı-Tiflis-Qarsla yükdaışmalarda iştirak etmək istəklərini bildirib. Perspektivdə qonşu İran və Rusiya da bu imkandan faydalana bilər. Asiyadan, Avropadan da bir çox ölkələrin Bakı-Tiflis-Qarsa marağının artması müşahidə olunur. Bu layihə həm də təhlükəsizliyə təminat layihəsidir və bölgə dövlətlərinin iqtisadi cəhətdən inkişafı üçün yeni təkan sayılır. Eyni zamanda, bu yol siyasi ambisiyalara xidmət etməyəcək bir xətt olaraq qəbul edilir. Ona görə də ən faydalı, təhlükəsiz alternativ yol hesab edilir.

Tahir TAĞIYEV

Son xəbərlər