18/07/2018 14:31
728 x 90

Neftin ölkəmizdə iqtisadi fəallığa yeni təkan verdiyi dövr qayıdır

img

Ötən il üçün ölkə həyatında yaşanan ən mühüm hadisələrdən biri, heç şübhəsiz, “Azəri-Çıraq-Günəşli” yatağı üzrə müqavilə müddətinin 2050-ci ilə qədər uzadılması oldu. Bu hal cari il də daxil olmaqla qarşıdakı dövr ərzində Azərbaycanın neft sektorunun və bunun əsasında iqtisadiyyatının digər sahələrinin çevik inkişafına imkan verəcək.

Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bununla bağlı Prezident İlham Əliyev aşağıdakıları qeyd edib: “2017-ci ildə energetika sahəsində tarixi hadisələr baş vermişdir. Onlardan biri “Azəri-Çıraq-Günəşli” yatağı üzrə kontraktın müddətinin 2050-ci ilə qədər uzadılması məsələsidir. Bu bizə imkan verəcək ki, bundan sonra uzun illər ərzində - ən azı 2050-ci ilə qədər hasilat səviyyəsi sabit qalsın. Bu imkan verəcək ki, Azərbaycanın neft sektoruna xarici investorlar tərəfindən bundan sonra da böyük həcmdə sərmayə qoyulsun. Burada söhbət on milyardlarla dollardan gedir. Əlbəttə ki, bu investisiyalar iqtisadiyyatımızın bütün sahələrinə öz müsbət təsirini göstərəcək, yeni iş yerlərinin, yeni yerli müəssisələrin yaradılması nəzərdə tutulur. Əlbəttə, neft hasilatının sabit saxlanması imkan verəcək ki, biz öz iqtisadi inkişafımızı planlaşdıraq və tədricən bundan sonra da neftdən asılılığı azaldaq”. 

Neft hasilatının sabit saxlanması Azərbaycana həm də bu məhsulun satışından daha çox gəlir əldə etməyə imkan verəcək.  Məsələn. elə cari il ərzində ölkəmizin satışdan kiyfayət qədər böyük gəlir əldə etməsi gözlənir. Xatırladaq ki, bu il üçün dövlət büdcəsində neftin qiyməti 45 dollardan hesablanıb. Amma qiymət bununla müqaisədə kifayət qədər yüksəkdir. Artıq Azərbaycan neftinin bir barreli son 3 ilin ən yüksək qiymətinə satılır. Son məlumatlara əsasən, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 1 faizədək bahalaşaraq 71,25 dollar olub. Bu, son 3 il 1 aydan da artıq müddətdə qeydə alınan ən yüksək qiymət göstəricisidir. Belə ki, “AzəriLayt”ın bir barreli sonuncu dəfə 2014-cü il dekabrında 72,56 dollara satılıb. Həmin vaxtdan  sonra ucuzlaşmağa başlayan Azərbaycan neftinin bir barrelinin qiyməti 2015-ci ildə 38-70 dollar arasında dəyişib. “AzəriLayt”ın bir barreli 2016-cı il yanvarında minimuma – 28,82 dollara enib. Daha sonra nisbətən bahalaşan Azərbaycan nefti 2016-cı ildə 28-57 dollar arasında dəyişib. 2017-ci ilin əvvəlində isə 57 dollara satılan “AzəriLayt”ın bir barreli ilin ortalarında 46 dollara geriləsə də, dekabrda 69 dollaradək bahalaşıb. İndi isə 70 dollarlıq həddi keçib. Bu hal Azərbaycana neft satışından daha çox gəlir gələcəyi deməkdir. Özü də o şəraitdə ki, ölkəmizdə neft hasilatı da sabitləşib. Halbuki, bundan əvvəl bəzi dairələr Azərbaycanda neft hasilatının azalmağa doğru getdiyini iddia edirdi. Amma hasilat sabitdir və 2050-ci ilə qədər də vəziyyət dəyişməyəcək.

Digər tərəfdən, indiki şəraitdə neftin qiymət artımı da ölkəyə əlavə üstünlüklər qazandırır. Yaranmış durumda ABŞ-ın üçüncü böyük bankı olan “Citigroup” belə bir proqnozla çıxış edib ki, neftin bir barrelinin qiyməti 80 dollaradək bahalaşa bilər. Bildirilir ki, ABŞ prezidenti Donald Trampın İran və Şimali Koreyaya qarşı yeni sanksiyaların tətbiq ediləcəyi ilə bağlı bəyanatları və Yaxın Şərqdəki siyasi gərginlik neftin qiymətinin 80 dollar/barrelədək bahalaşmasına səbəb ola bilər. “Citigroup”a görə, 2018-ci il neft bazarında elə də sakit keçən bir il olmayacaq, bu vəziyyətdə neftin bir barrelinin qiymətinin 80 dollar səviyyəsinə qalxması, daha sonra həmin həddi keçməsi də istisna edilmir. Bütün bu proseslər fonunda isə Neft İxrac edən Ölkələr Təşkilatı (OPEK) və digər neft istehsalçısı ölkələrlə əldə edilən hasilatın azaldılması üzrə saziş “qara qızıl”ın qiymətini artırır: “ABŞ-ın OPEK-in ən böyük neft istehsalçılarından olan İrana qarşı yeni sanksiyalar tətbiq etməsi Orta Şərqdəki neft ixracında ən azı 500 min barrel azalmaya səbəb olacaq. OPEK-ə üzv ölkələr olan İraq və Liviyadakı siyasi böhranlar da xam neft təklifində ciddi azalmaya səbəb olacaq və bu da neftin qiymətinin qalxmasına zəmin yaradacaq“.“Natixis Asset Management” maliyyə qurumunun rəhbəri Yun Çonq da bildirir ki,  neftin qiyməti tezliklə 80 dollara  çata bilər: “İstehsalçıların neft hasilatının azaldılması üzrə sazişə sadiqliyi və Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco”nun səhmlərinin satışa çıxarılması “qara qızıl”ın qiymətinin tezliklə 80 dollar  səviyyəsinə yüksəlməsinə səbəb ola bilər. İxracatçı şirkətlərə və texnologiya şirkətlərinə olduqca çox sərmayə yatırılıb və bu investisiyalar özünü doğruldur. Tezliklə  neftin bir barrelinin qiymətinin 80 dollara çatması real görünür”. Qiymətlər 80 dollara çatacağı təqdirdə onun yenidən 100 dollarıq həddi görməsi də istisna olunmur. Bütün bunlar isə Azərbacanın da neft gəlirlərinin cari il ərzində əhəmiyyətli dərəcədə yüksəlməsi deməkdir. Aydındır ki, bu da, öz növbəsində, iqtisadi aktivlik dərəcəsini xeyli yüksəldəcək.

Nahid SALAYEV

Son xəbərlər