18/07/2018 14:25
728 x 90

Azərbaycan qeyri-neft ixracı sahəsində də postneft ölkələri üçün nümunə göstərir...

“Qeyri-neft ixracatının artırılması nəticə etibarilə iqtisadiyyatın mərhələli şəkildə diversifikasiyasına imkan verəcək”

img

Vüqar Bayramov: “İqtisadiyyatın şaxələnməsi Azərbaycanın dayanıqlı inkişafını təmin edəcək”

 

“Ölkə iqtisadiyyatı 2017-ci ildə artıb, bu, çox müsbət göstəricidir. Ümumdaxili məhsul az da olsa artmışdır. Ən sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz artıb və burada artım 2,5 faiz təşkil edir. Sənaye sahəsində qeyri-neft sektorumuz 3,6 faiz, kənd təsərrüfatı isə 4,1 faiz artıb”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Dövlət başçısı qeyd edib ki, ölkənin ixrac potensialı artıb. O bunu konkret rəqəmlərlə əsaslandırıb: “2017-ci ildə ixrac 19 faiz artmışdır, qeyri-neft ixracımız isə 24 faiz artmışdır. Bu, görülən işlərin nəticəsidir. Əhalimiz artır. Hər il əhali ən azı 100 min nəfər artır. İstehlak artır, turistlərin sayı çoxalır. Keçən il 2016-cı ilə nisbətən 500 minə yaxın çox turist gəlmişdir. Bu da təbii ki, istehlakın artmasına gətirib çıxarır. Buna baxmayaraq, bizim qeyri-neft ixracımız, o cümlədən ərzaq məhsullarının ixracı sürətlə artır. İl ərzində qeyri-neft ixracının 24 faiz artması görülən işlərin nəticəsidir”.

Görünən odur ki, ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində davamlı və sistemli işlər görülür. 2016-cı ilin dekabrında Prezident tərəfindən “Strateji Yol Xəritəsi” imzalandı. Bu xəritəyə uyğun olaraq, 2017-ci ildə bir sıra işlər görüldü. Əsasən qeyri-neft sektorunun inkişafı üçün ciddi addımlar atılmağa başladı. Bütün bunlar da qeyri-neft ixracının artmasına münbit zəmin yaratdı.

Maraqlıdır, bəs ekspertlər qeyri-neft sektorunda ixracın artmasını necə izah edirlər?

Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Vüqar Bayramov qeyri-neft ixracının artmasını bir sıra faktorlarla əsaslandırdı: “Ümumilikdə, qeyri-neft ixracının artırılması Azərbaycan üçün vacib məqamlardan biridir. Çünki Azərbaycanda ixracın şaxələndirilməsində qeyri-neft sektorunun payının artırılmasına ehtiyac var. Bu da ixracda neftdən asılılığın azaldılmasına xidmət edir. 2017-ci ildə qeyri-neft ixracının artması həm də bu sektorun təşviq edilməsi sayəsində mümkün olub. İxrac qabiliyyəti olan qeyri-neft məhsullarının istehsalına xüsusi önəm verilib. Bu, ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından düşünürəm ki, vacib addımlardan idi. Qeyri-neft ixracatının artırılması nəticə etibarilə iqtisadiyyatın mərhələli şəkildə diversifikasiyasına imkan verəcək. Bu imkan verir ki, Azərbaycan iqtisadiyyatı növbəti dövrdə mərhələli şəkildə diversifikasiya olunsun. İqtisadiyyatın şaxələnməsi Azərbaycanın dayanıqlı inkişafını təmin edəcək. O baxımdan 2017-ci ildə nəzərdə tutulan prioritetlər reallaşdı. Bu da, öz növbəsində, yeni imkanlar açır. Yəni 2018-ci ildə də qeyri-neft sektorunun inkişaf etdirilməsi vacib prioritetlərdən biri olacaq. Güman olunur ki, bu ildə də qeyri-neft ixracı daha da artacaq. Nəzərə almaq lazımdır ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alınan lisenziyaların sayının azalması, tələb olunan fəaliyyət sahələrində onların alınması prosedurlarının sadələşdirilməsi, eyni zamanda sahibkarlıq subyektlərində lüzumsuz yoxlamaların ləğv edilməsi məhsul istehsalının artımı ilə bərabər, onun maya dəyərinə də müsbət təsir göstərir. Bu, xüsusilə yerli xammaldan hazırlanan məhsullarda özünü açıq göstərir. Azərbaycanda xüsusilə bölgələrdə sənaye zonalarının yaradılması sahibkarlığın inkişafına yeni imkanlar açır. Hazırda bir neçə rayonda belə sənaye zonalarının yaradılması prosesi gedir. Dövlət həmin ərazilərdə yaradılan bütün infrastruktur xərclərini öz üzərinə götürüb”.

Vidadi ORDAHALLI 

Son xəbərlər