23/01/2018 23:51
728 x 90

2017-ci ildə Azərbaycan idxalı necə sabitləşdirdi – Prezidentin arqumentli izahına ekspert şərhləri...

“Məsələ ondadır ki, ölkə daxilində idxalı əvəz edən bir sıra yerli məhsulların istehsalına xüsusi önəm verilib”

img

Ruslan Atakişiyev: “Bütün bunlar nəticə etibarilə idxalın sabit qalmasına öz təsirini göstərib”

 

“İdxalın sabit səviyyədə qalması hesab edirəm ki, çox böyük nəticəmizdir”. Bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib. Dövlət başçısı qeyd edib ki, ölkə iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub: “Bu da çox gözəl göstəricidir. Onu göstərir ki, həm yerli və həm də xarici investorlar ölkəmizə vəsait qoymaqda maraqlıdırlar. Bu, eyni zamanda, qeyd etdiyim sabitliyin təzahürüdür”.

Dövlət başçısının fikrincə, ötən il idxal çox az artıb: “İdxal təqribən cəmi 1 faiz artmışdır və bu da təbiidir. Çünki, ilk növbədə, Azərbaycan öz daxili tələbatını daha böyük həcmdə daxili istehsal hesabına təmin edir, digər tərəfdən, vətəndaşların alıcılıq qabiliyyəti artır. Beləliklə, idxalın sabit səviyyədə qalması hesab edirəm ki, çox böyük nəticəmizdir. Ticarət balansımızın müsbət saldosu isə 6,2 milyard dollardır. İqtisadçılar yaxşı bilirlər ki, bu, çox gözəl göstəricidir. Əminəm ki, bu il və bundan sonrakı illərdə bizim saldomuz həmişə müsbət olacaq. Hesab edirəm ki, fərq daha da böyük olacaq və beləliklə, makroiqtisadi vəziyyətimizin yaxşılaşdırılması, manatın məzənnəsinin sabit səviyyədə saxlanması üçün bu, çox mühüm amillərdən biridir”.

Ümumilikdə, ötən il idxalın sabit qalması yaxşı haldır. Bütövlükdə, bu nəyin hesabına təmin olunub?

Sözügedən məsələni “Baki-Xəbər”ə şərh edən İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin direktoru Ruslan Atakişiyev idxalın sabit qalmasını bir sıra amillərlə əlaqələndirdi: “Məsələ ondadır ki, ölkə daxilində idxalı əvəz edən bir sıra yerli məhsulların istehsalına xüsusi önəm verilib. Bununla bağlı kompleks tədbirlər görülüb. Yerli məhsul istehsalının artırılması bir sıra məhsullara olan tələbatın daxili istehsal hesabına təmin olunmasına şərait yaradıb. Nəzərə almaq lazımdır ki, son illər yerli istehsala xüsusi önəm verilir. Yerli istehsalı stimullaşdırmaq üçün kompleks tədbirlər görülür. Bütün bunlar əlbəttə ki, idxalın azalmasına öz təsirini göstərir. Yəni əsas faktor yerli istehsalın artması ilə bağlıdır. Digər tərəfdən, infrastruktur layihələri həyata keçiriləndən sonra dövlət investisiyalarının həcmi azaldılıb. Çünki dövlət investisiyaları həm də xərcləri artırırdı. Bu zaman xaricdən bir sıra malların idxal edilməsinə zərurət yaranırdı. Başqa bir tərəfdən, neft gəlirləri azalandan sonra dövlət qənaət rejiminə keçib. Yəni o qədər də vacib olmayan layihələrin həyata keçirilməsi sonrakı dövrə saxlanıb. Hesab edirəm ki, sözügedən amilin də bu və ya digər dərəcədə idxalın sabit qalmasında rolu var. Ən nəhayət, bəzi idxal olunan məhsullara tətbiq olunan gömrük dərəcələrinin artırılması bu məsələdə müəyyən rol oynayıb. Nəticədə həmin məhsullara olan tələb azalıb. Əvəzində yerli məhsulların alınmasına önəm verilib. Bütün bunlar nəticə etibarilə idxalın sabit qalmasına öz təsirini göstərib”.

Vidadi ORDAHALLI  

Son xəbərlər