12/12/2017 04:58
728 x 90

Bakı Şopinqin alıcılarına qaytarılan 3,4 milyon dollar nə deməkdir…(?)

“Ticarət dövriyyəsini artırmaq, xarici alıcıları cəlb etmək nöqteyi-nəzərindən bu tip festivalların keçirilməsi əhəmiyyətlidir”

img

Fikrət Yusifov: “Şopinq Festivalında yerli və xarici vətəndaşlara alış-veriş etdikləri mallara görə ƏDV-nin qaytarılması ticarət dövriyyəsinin artmasına səbəb olur”

 

Bakını dünyanın qabaqcıl alış-veriş mərkəzlərindən birinə çevirmək məqsədilə oktyabrın 15-dən noyabrın 15-dək ikinci Bakı Şopinq Festivalı keçirilib. Bu festival keçmiş MDB məkanında irimiqyaslı unikal tədbirlər sırasında yer alır.

Kampaniya zamanı xarici turistlərlə yanaşı, Azərbaycan vətəndaşları da ƏDV qaytarılması sistemindən yararlanıblar. Bu güzəştin yerli əhali üçün tətbiqi dünyanın heç bir ölkəsində rast gəlinməyən bir addımdır. Bir ay müddətində müştərilər dünya brendlərinə məxsus məhsulları Bakıda yerləşən 400-dən çox mağazadan xüsusi kampaniya və endirimlərlə əldə edə biliblər. Ümumilikdə, budəfəki festival müxtəlif yeniliklərlə yadda qalıb.

Festival boyunca alıcılara 10 faizdən 70 faizədək endirimlər təklif olunub. Bu festivalda 643 mağaza iştirak edib. Onlardan 493-ü ƏDV qaytarma proqramına qoşulub. Yerdə qalanları sadələşdirilmiş vergi ödəyicisi kimi iştirak ediblər. Festivalın “Tax Free” sistemi çərçivəsində 48 mindən çox hesab faktura təsdiqlənib. Qeyd edək ki, Şopinq Festival Prezident İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixli “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən keçirilir. Festivalın təşkil olunması “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə də öz əksini tapıb. İlk Bakı Şopinq Festivalı bu ilin 10 aprel-10 may tarixlərində uğurla keçirilib.

Onu da qeyd edək ki, oktyabrın 15-dən noyabrın 15-dək keçirilən ikinci Bakı Şopinq Festivalı zamanı banklar alıcılara 3 milyon 366 min 702 manat ƏDV qaytarıb. 

Payız Festivalının ilkin nəticələri göstərir ki, ikinci Bakı Şopinq Festivalı da ötən festival kimi uğurlu alınıb. Oktyabr ayı ərzində Azərbaycana 204,686 turist gəlib. Bu, keçən ilin müvafiq dövrünə nisbətən 13 % artım deməkdir.

İkinci Şopinq Festivalı zamanı bankların alıcılara 3 milyon 366 min 702 manat ƏDV qaytarmasına münasibət bildirən “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov “Bakı-Xəbər”ə açıqlamasında bunları qeyd etdi: “Ticarət festivalları zamanı alıcılara ƏDV-nin qaytarılması təcrübəsi dünyada var. Ticarət dövriyyəsini artırmaq, xarici alıcıları cəlb etmək nöqteyi-nəzərindən bu tip festivalların keçirilməsi əhəmiyyətlidir. Bu təcrübə artıq Azərbaycanda da tətbiq olunur. Şopinq Festivalında yerli və xarici vətəndaşlara alış-veriş etdikləri mallara görə ƏDV-nin qaytarılması müsbət haldır. Bu, ilk növbədə, ticarətin inkişafı və ticarət dövriyyəsinin artırlması məqsədi daşıyır”.

Həmsöhbətimiz hesab edir ki, gələcəkdə növbəti şopinq festivalları keçirilərsə, bu tədbirin daha da genişləndirilməsi vacib şərtdir. Ticarət dövriyyəsinin artması ölkə iqtisadiyyatına daha çox töhfə verə bilir: “Bu səbəbdən hesab edirəm ki, paytaxt ərazisində keçirilən şopinq festivalları təqdirəlayiq sayılmalıdır”.

Günel CƏLİLOVA

Son xəbərlər