12/12/2017 04:55
728 x 90

Hesablama Palatasının yeni səlahiyyətləri korrupsiya əleyhinə mübarizədə öz təsirini göstərəcək

“Hesablama Palatasının səlahiyyətlərinin artırılması onun çevikliyinin artmasına səbəb olacaq”

img

Əkrəm Həsənov: “Ancaq indi ən xırda pozuntu aşkar etsə, şikayət edə biləcək”

 

Məlum olduğu kimi, Prezident İlham Əliyev “Hesablama Palatası haqqında” Qanuna dəyişikliyi təsdiqləyib.

Qeyd edək ki, indiyədək qanunun qüvvədə olan mətni yalnız cinayət əlamətləri olan hüquqpozmalarla bağlı materialların aidiyyəti üzrə göndərilməsini nəzərdə tuturdusa, dəyişiklik edilən variant həm də inzibati xəta əlamətləri olan hüquqpozmaları da əhatə edir. Belə ki, indiyədək Hesablama Palatası dövlət əmlakının idarə edilməsinə, onun barəsində sərəncam verilməsinə, dövlət büdcəsinin icra olunmasına, dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına, hüquqi şəxslərə və bələdiyyələrə dövlət büdcəsindən vəsaitlər ayrıldıqda həmin vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarətin həyata keçirilməsi zamanı yalnız cinayət əlamətləri olan hüquqpozmalar aşkar etdikdə təxirə salınmadan müvafiq materialları Baş Prokurorluğa göndərirdisə, dəyişikliklə inzibati xəta əlamətləri olan hüquqpozmalar da aşkar etdikdə təxirə salınmadan müvafiq materialları aidiyyəti icra hakimiyyəti orqanlarına və ya Baş Prokurorluğa göndərəcək.

Maraqlıdır, Hesablama Palatasının yeni səlahiyyətləri korrupsiya ilə mübarizədə necə rol oynayacaq?

Bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Hesablama Palatasının səlahiyyətlərinin artırılması onun çevikliyinin artmasına səbəb olacaq: “Palata artıq inzibati xəta haqqında şikayət edə biləcək. Bəllidir ki, bəzi hüquqpozmalar Cinayət Məcəlləsinə deyil, İnzibati Xətalar Məcəlləsinə aiddir. Onların ictimai təhlükəsi elə yüksək olmasa da, yenə də pozuntudur. Onlara dair Palata bu günə kimi iş qaldıra bilmirdi. Ancaq indi ən xırda pozuntu aşkar etsə, şikayət edə biləcək. Pozuntuya dair işin qaldırılmasını tələb edəcək”.

Həmsöhbətimizin sözlərinə görə, Palata cinayət işləri ilə bağlı əvvəlki kimi prokurorluğa, inzibati xətalarla bağlı isə Maliyyə Nazirliyinə müraciət edəcək,: “Artıq Palata pozuntularla bağlı lazımi işlər görəcək. Bu sahədə bizim qanunumuz kifayət qədər təkmildir. Sadəcə, bununla məşğul olan orqanlar öz işlərini doğru- dürüst qursunlar ki, qarşıya qoyulan vəzifələr uğurlu şəkildə icra olunsun”.

Günel CƏLİLOVA

Son xəbərlər