12/12/2017 04:57
728 x 90

Əkinə yararlı torpaq sahələrinin birləşdirilməsi Azərbaycan aqrar sektorunun zəruri tələbinə çevrildi

img

Aqrar sahənin inkişaf etdirilməsi istiqamətində atılan addımlar artıq öz müsbət nəticələrini verməkdə, bu sahədə həm məhsuldarlığın, həm də ixracın həcmi artmaqdadır. Amma ekspertlər bu fonda diqqəti ona da yönəldir ki, aqrar sahədə bəzi məsələlərin həlli, əslində, Azərbaycana daha çox kənd təsərrüfatı məmulatları istehsal etməyə, eləcə də ixraca daha çox məhsul yönləndirməyə imkan verə  bilər. Söhbət ilk növbədə pay torpaqlarının birləşdirilməsi, kooperativ təsərrüfatların yaradılmasından gedir.

Bu məsələ, uzun illərdir gündəmdə olmasına baxmayaraq, hələ də müsbət həllini tapmayıb. Elə bu səbəbdəndir ki, kənd təsərrüfaıtnda çalışanların heç də hamısı potensiala uyğun məhsul istehsal edə bilmir. Məsələ ondadır ki, suvarma xəttinin çəkilməsi, əkin-biçin texnikalarının alınması həm yüksək xərc, həm də daha çox iş tələb edir. Aydındır ki, bu işlərə sərf olunan vəsait bir-birinin yanında olan əkin sahələrinin sahibləri arasında bölünsə, həm işin səmərəliliyi artar, həm də pula qənaət edilər. Amma bu məqsədlə torpaqların birləşdirilməsi vacib şərt kimi çıxış edir. Hökumət uzun müddətdir qeyd olunan istiqamətdə müəyyən çağrışlar etsə də, hələlik istənilən nəticə yoxdur. “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi isə bu məsələdə problemlərin aradan qaldırılmasını nəzərdə tutur. Proqramda qeyd edildiyi kimi, kənd təsərrüfatında kooperativlərin rolu və üstünlükləri böyükdür. İlk növbədə o baxımdan ki,  kənd təsərrüfatı məhsulları istehsalçılarının kooperativ təsərrüfatlarda birləşməsi onların maraqlarının qorunmasına, aqrar istehsalın səmərəliliyinin yüksəldilməsinə, məhsullarının rəqabət qabiliyyətinin artmasına əhəmiyyətli təsir göstərir. Bu baxımdan, kənd təsərrüfatında kooperasiyanın təşəkkül tapması həm dövlətin, həm də fermerlərin marağına uyğundur.

Digər tərəfdən, hökumət qeyd olunan istiqamətdə artıq praktiki işlərə başlamaq istiqamətində də mühüm addımlar atır. Bununla bağlı qardaş Türkiyənin təcrübəsindən yararlanmaq üçün də zəruri addımlar atılır.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələrinin və Salyanın Şorsulu kəndinin fermerlərinin Türkiyəyə səfəri də məhz qeyd olunan zərurətdən irəli gəlir. Sözügedən heyətlə görüşündə Türkiyənin Qida, Əkin və Heyvandarlıq Nazirliyinin Dənizli şöbəsinin sədr müavini Mehmet Atmacaoğlu bildirib ki, torpaqların birləşdirilməsi fermerlərə daha çox məhsul götürməyə imkan verir. Mehmet Atmacaoğlu konkret olaraq Dənizlidə bu istiqamətdə görülən işlər və onun nəticələri barədə məlumat verib. Onun sözlərinə görə, Türkiyədə torpaqların konsolidasiyasının ilk vaxtlarında fermerləri narahat edən bir sıra məsələlər vardı: “Ancaq təsərrüfat sahibləri bir müddət keçdikdən sonra konsolidasiyanın faydalarını görüb, daha çox məhsul götürməyə başladılar. Amma kiçik pay torpaqlarının birləşdirilməsi zamanı bir sıra qurumlar əlaqəli şəkildə fəaliyyət göstərməli, fermerləri bu istiqamətdə maarifləndirməlidir".

Yeri gəlmişkən qeyd edək ki, görüş zamanı "Torpaqların Konsolidasiyası üzrə Milli Strategiyanın və Torpaqların Konsolidasiyası üzrə Pilot Layihənin hazırlanmasına dəstək" layihəsinin milli ekspertlər qrupunun rəhbəri Amin İsmayılov Salyanın Şorsulu kəndində torpaqların birləşdirilməsi ilə bağlı pilot layihənin icrasına başlandığını və Türkiyəyə səfərin də pilot layihə çərçivəsində həyata keçirildiyini diqqətə çatdırıb. Hesab olunur ki, bu məsələdə Türkiyə təcrübəsindən istfiadə fonunda Azərbaycanda torpaqların birləşdirilməsi istiqamətində işlər intensivləşəcək. Elə bu da aqrar sahədə istehlakçılar üçün əlavə imkanlar yaradacaq. Ən əsası isə, nəzərə almaq lazımdır ki, birləşmə kənd təsərrüfatı istehsalçılarının maliyyə resurslarına çıxışını da xeyli asanlaşdırır. Bundan əlavə, torpaq və digər əmlakın birləşdirilməsi ilə kooperativ təsərrüfatın yaranması fermerlərə öz aralarında fəaliyyət bölgüsü aparmağa imkan verir. Belə təsərrüfatlar, həmçinin, iri investisiya layihələrinin tətbiqinə, mövcud texnikadan qarşılıqlı istifadə edilməsinə, yeni texnikanın alınmasına, bank ödənişlərinin vaxtında həyata keçirilməsinə imkan verir. Məlumat üçün qeyd edək ki, hazırda Avropa ölkələrinin əksəriyyətində fermerlərin təxminən 80 faizi kooperativlərdə birləşməklə kənd təsərrüfatı məhsullarının 70-90 faizini, bəzi ölkələrdə isə 100 faizini istehsal və emal edir. Danimarka məhz son 100 ildə aqrar sektorda tam kooperativləşmə sayəsində kənd təsərrüfatı məhsulları ixracatçısı olan əsas ölkələrdən birinə çevrilib. Bu ölkədə mövcud olan 40 mindən çox fermer təsərrüfatı sahələr üzrə ixtisaslaşmış kooperativlərdə birləşir. Almaniyada hazırda 2675 kənd təsərrüfatı kooperativi fəaliyyət göstərir. Həmin kooperativlər kənd təsərrüfatının istehsal vasitələri ilə təmin edilməsində mühüm rol oynayır və ərzaq məhsullarının üçdə iki hissəsini realizə edir. İsveçdə ixrac olunan süd və süd məhsullarının 100 faizi, yumurtanın isə 75 faizi kooperativlərin payına düşür. Burada bütün istehsalçılar kooperativlərlə əhatə olunub. Türkiyə son onillikdə təqribən 4 milyon hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin kooperasiya əsasında birləşdirilməsinə nail olub.  Qarşıdakı illərdə əlavə 10 milyon hektar sahədə də kooperativlərin yaradılması nəzərdə tutulur. Bu təcrübənin Azərbaycanda tətbiqi, şübhəsiz ki, kənd təsərrüfatı məhsullarının daha çox həcmdə istehsalına gətirib çıxaracaq.

Namiq QULİYEV

Son xəbərlər