12/12/2017 04:54
728 x 90

Bakı-Tiflis-Qars Azərbaycan sahibkarlarına Avropaya və Çinə mal daşınmasından böyük pullar qazandıracaq…

img

Azərbaycan məhsullarının dünya bazarlarına çıxarılması istiqamətində atılan ən mühüm addımlardan biri, heç şübhəsiz, əlverişli nəqliyyat infrastrukturunun yaradılmasıdır. Bu səpkidə son dövrlərdə görülən ən böyük iş isə Bakı-Tiflis-Qars dəmir yolunun işə salınmasıdır. Məhz bu dəmir yolunun işə düşməsi Azərbaycana öz məhsullarını daha sərfəli qiymətlərlə dünya bazarlarına çıxarmağa imkan verir. Çünki daşınma xərclərinə əhəmiyyətli dərəcədə qənaət olunur.

Yeri gəlmişkən qeyd edək ki, artıq bu dəmir yolu vasitəlsilə Azərbaycan məhsullarının ixracı həyata keçirilir. Belə ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) məxsus vaqonlardan ibarət ilk yük qatarı dekabrın 5-də Bakı-Tiflis-Qars dəmir yolu ilə yola salınıb. Qurumun hərəkətin təhlükəsizliyi üzrə müfəttişlik aparatının rəisi Kazım Şərifov bildirib ki, Axalkalaki stansiyasında vaqonların təkər arabacıqlarının dəyişdirilməsi, yəni 1520 millimetr standartlı izdən 1435 millimetr standartlı izə keçirilməsi prosesi başa çatandan sonra qatar Qarsa yola salınıb. Artıq Azərbaycan bayraqlı ilk qatar Türkiyə ərazisindədir. Qeyd edək ki, Bakı-Tiflis-Qarsla  Qazaxıstandan Türkiyənin Mersin şəhərinə bundan əvvəl də iki qatar yola salınıb.

İndi Azərbaycan məhsullarının bu xətlə daşınması onun dünya bazarlarına daha ucuz qiymətlə çıxmasına səbəb olmaqdadır və bu da, təbii ki, qiymət faktoru baxımından həmin məhsullara tələbi artıracaq. Digər tərəfdən, bu marşrut Azərbaycan məhsullarını Çinə, Avropaya da sərfəli qiymətlərlə daşımağa imkan verəcək. Xatırladaq ki, hazırda ölkəmizdən Çinə daha çox şərab məhsulları ixrac olunur. Bakı-Tiflis-Qars bu məhsulların daha sərfəli qiymətlərlə daşınmasına imkan verir. Bunu Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev də təsdiq edir. M.Musayev bildirib ki, ölkə sahibkarları üçün yeni biznes imkanlarının əldə edilməsi baxımından Azərbaycanla Çin arasında biznesin inkişafı sahəsində əməkdaşlığın genişləndirilməsi və yeni əlaqələrin qurulması üçün əlverişli mühit var. İki ölkə arasında iqtisadi-ticari əlaqələrin həcmi ilbəil artır. Çin texnologiyaları əsasında Azərbaycanda yeni istehsal sahələri yaradılır. Eləcə də, Azərbaycandan Çinə müxtəlif sektorlarda, xüsusilə də şərab və şərab məhsulları sahəsində ixracın həcmi genişlənir.

Çin Beynəlxalq Ticarət Palatasının baş katibi Yu Jianlong isə bildirib ki, Azərbaycan, digər Asiya dövlətləri kimi, Çin üçün iqtisadi-ticari əlaqələr baxımından cəlbedici ölkədir. Tranzit ölkə olmaqla yanaşı, Azərbaycan böyük iqtisadi potensiala malikdir. Ona görə Çin tərəfi Azərbaycanla bütün sahələrdə əməkdaşlığın genişlənməsində çox maraqlıdır. İpək Yolu Beynəlxalq Ticarət Palatasının baş katibi Li Cunxan da bu mövqeni dəstəkləyir. O hesab edir ki, Avropa ilə Asiya arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən Bakı-Tiflis-Qars təkcə Azərbaycan, Gürcüstan və Türkiyə üçün deyil, ümumilikdə Avrasiya regionunda yerləşən ölkələr üçün də iqtisadi baxımdan yeni imkanlar açır. Onun sözlərinə görə, dünyanın ən böyük ixracatçı və ikinci ən böyük idxalçı ölkəsi olan Çinin də bu dəmir yoluna marağı yüksəkdir:

“Azərbaycan Çinin 2013-cü ildə irəli sürdüyü “Bir kəmər-bir yol” təşəbbüsünə Qafqaz regionunda dəstək verən ilk ölkə olub. Bu baxımdan “Bir kəmər-bir yol” strategiyasının həyata keçirilməsində Azərbaycan logistika mərkəzi, qovşaq və körpü rolunu oynayır. Azərbaycanın əlverişli geosiyasi mövqeyi və böyük iqtisadi imkanları bizim palatamız və iş adamları üçün cəlbedicidir. Bir müddət əvvəl istifadəyə verilmiş Bakı-Tiflis-Qars dəmir yolu xətti sayəsində Çindən Avropaya yüklərin daşınma müddəti xeyli azalıb. Bu o deməkdir ki, Çindən daşınan yüklər iki həftə müddətində Azərbaycandan keçərək Avropaya çatır. Bakı-Tiflis-Qars layihəsi həm də Azərbaycanın dəmir yolu nəqliyyatı sahəsində çox mühüm rol oynadığını nümayiş etdirdi. Türkiyə, Azərbaycan və Gürcüstanı əhatə edən bu dəmir yolu bir çox ölkələrin iqtisadiyyatının inkişafına müsbət təsirini göstərəcək. Bu dəmir yolu “Bir kəmər-bir yol” strategiyasının səmərəliliyini artıracaq. Ona görə də Çin bu dəmir yolu xəttinə böyük əhəmiyyət verir. Belə ki, Çin Azərbaycan vasitəsilə Avropaya daha sürətli çıxış əldə etmiş olur. Arzu edirik ki, təkcə Çin malları deyil, həm də Avropa yükləri bu yolla Çinə daşınsın”. Bundan başqa, Li Cunxan qeyd edir ki, Azərbaycan öz məhsullarını artıq daha sərfəli şərtlərlə Çin bazarlarına çıxara biləcək. Bütün bunlar bir daha göstərir ki, Bakı-Tiflis-Qars qarşıdakı dövr ərzində Azərbaycana dünya bazarlarında daha çox məhsul satmağa imkan verəcək.

Nahid SALAYEV

Son xəbərlər