12/12/2017 04:55
728 x 90

Manat və dollarla depozit faizləri endirildi, kredit faizləri icə yüksək həddə qalır…

“Təəssüf ki, depozit faizlərinin aşağı salınmasına baxmayaraq, Azərbaycanda kredit faizləri yüksək olaraq qalmaqdadır”

img

Vüqar Bayramov: “Bankların əksəriyyəti depozit kimi cəlb etdiyi vəsaiti kredit formasında yerləşdirməkdə çətinlik çəkirlər”

 

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini 15 faiz  saxlamaqda davam edərkən, banklarda əmanət faizləri aşağı düşür. Nəzəriyyəyə görə, MB uçot dərəcəsini qaldıran zaman insanların banklara əmanət qoymaq meyli güclənməlidir. Çünki əmanətlər üzrə faizlər nağd pulu saxlamağın “alternativ xərci”dir. Nəticədə iqtisadi subyektlər daha az kreditlər alırlar və qazandıqları pulun çox hissəsini xərcləməyərək yığıma yönəldirlər. Beləliklə də məcmu tələb daralır və inflyasiyanın azalması üçün şərait yaranır.

Xeyli müddətdir MB uçot dərəcəsini 15 faizə qaldırmış olsa da, banklarda əhalinin əmanətləri kəskin artmayıb, cüzi artım payızın ilk aylarında müşahidə edilib. Ehtimal ki, əmanətlərin geri götürülməsinin dayanması və son aylar cüzi artması dollar/manat məzənnəsinin sabitləşməsilə bağlıdır. Bir sözlə, ölkədə praktikada, nəzəriyyədə deyilənlər müşahidə olunmur. Uçot dərəcəsinin 15 faiz, manat əmanətlərində sığorta faizi də 15 faiz olmasına baxmayaraq, banklar bir-bir əmanət faizlərini aşağı salırlar. Banklar əhalidən cəlb etdikləri vəsaitləri sata bilmədikləri, yəni kredit götürənlər azaldığı üçün yüksək faizlə əmanət cəlb etməkdə maraqlı deyillər. Digər tərəfdən, fiziki və hüquqi şəxslərə bank hesablarından nağd vəsaitin çıxarılmasına məhdudiyyətlər tətbiq edildiyindən, banklarda böyük məbləğdə vəsait yığılıb. Əvvəllər banklar yüksək faizlə kreditlər verdikləri üçün, yüksək faizlə də əmanətlər cəlb edə biliblər. Bu gün kredit az verildiyindən, əmanət faizləri də aşağı düşməyə meyl edir. Əksər banklarda manat əmanətinə təklif edilən illik qazanc faizi 10 faizə və ya daha aşağı düşüb. 

Maraqlıdır, yaranan vəziyyəti ekspertlər nə ilə əlaqələndirirlər?

Sözügedən məsələyə aydınlıq gətirən iqtisadçı-ekspert Vüqar Bayramov bunu bir sıra amillərlə əlaqələndirdi: “Bu il kommersiya banklarındakı əmanətlərin həcmi 7 milyard 747 milyon manatdan 7 milyard 22 milyon manatadək azalıb. Bu isə o deməkdir ki, bu müddətdə banklardakı əmanətlərin həcmi 725 milyon manat azalıb. Mövcud əmanətlərin 1 milyard 982 milyon manatı milli, 5 milyard 40 milyon manatı isə xarici valyutada saxlanır. Deməli, əmanətlərin 70 faizindən çoxu xarici valyutadadır. Əmanətlərin həcminin azalması ilə yanaşı, diqqətçəkən digər məqam depozit faizlərinin aşağı düşməsidir. Əvvəllər əksər banklarda manat üzrə depozitlərə 15, dollardakı vəsaitə 3 faiz təklif olunurdusa, indi bu göstərici milli valyuta üzrə əksər banklarda 10 faizdən aşağı, xarici valyutada isə orta hesabla 1 faizdir. Bankların  əmanətlərinin yerləşdirilməsi ilə bağlı çətinliklərin olması belə vəziyyət yaradıb. Yəni bankların əksəriyyəti depozit kimi cəlb etdiyi vəsaiti kredit formasında yerləşdirməkdə çətinlik çəkirlər. Bu, kreditlər üzrə şərtlərin sərtləşdirilməsi ilə yanaşı, hələ də kredit bazarında risqin yüksək olması ilə əlaqədardır. Rəsmi statistikaya əsasən, bu il bankların kredit portfeli 16 milyard 705 milyon manatdan 12 milyard 437 milyon manatadək azalıb. Bu isə o deməkdir ki, kredit portfelində azalma hətta depozit həcmi ilə müqayisədə daha qabarıq özünü göstərməkdədir. Nəticədə banklar cəlb etdikləri vəsaiti iqtisadiyyata yönəltməkdə çətinlik çəkdikləri üçün, depozit faizlərini aşağı salmaqda davam edirlər. Təəssüf ki, depozit faizlərinin aşağı salınmasına baxmayaraq, Azərbaycanda kredit faizləri yüksək olaraq qalmaqdadır. Bununla yanaşı, güman olunur ki, depozit faizlərində azalmalar davam edəcək”.

Vidadi ORDAHALLI  

Son xəbərlər