12/12/2017 04:58
728 x 90

Daha bir beynəlxalq bank Azərbaycanın mühüm nəqliyyat dəhlizinə böyük məbləğdə kredit ayırdı…

“Beynəlxalq maliyyə qurumlarının həvəslə “Şimal-Cənub” nəqliyyat dəhlizinə maliyyə ayırması Azərbaycanın xeyrinədir”

img

Rəsul Cahangirli: “Bu, tranzit ölkə olaraq Azərbaycanın həm rolunu artıracaq, həm də bundan gələcəkdə gəlir əldə ediləcək”

 

Məlum olduğu kimi, Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurası “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin reallaşdırılması, eləcə də Azərbaycanın dəmir yolu sektorunun inkişafı üçün kreditin verilməsini təsdiq edib. Qərara əsasən, 400 milyon dollar həcmində kredit AİB tərəfindən, daha 175 milyon dollar Fransa İnkişaf Agentliyi tərəfindən təqdim olunacaq.

AİB tərəfindən vəsait 250 və 150 milyon dollarlıq iki tranşla təqdim olunacaq, Fransa İnkişaf Agentliyinin krediti isə 75 və 100 milyon dollarlıq tranşlarla veriləcək. Hər iki təşkilatın vəsaiti Bakı-Yalama dəmir yolu sahəsinin yenidən qurulmasına, “Azərbaycan Dəmir Yolları” QSC-nin idarə muxtariyyətinin genişləndirilməsinə, QSC-nin öhdəliklərinin səmərəli maliyyə restrukturizasiyasına, maliyyə və idarəetmə nəzarətinin genişləndirilməsinə, QSC-də səmərəliliyə və hesabatlılığa, həmçinin, nazirliyin korporativ restrukturizasiyasına və biznesin inkişafı üçün hesablanıb.

Məlumat üçün qeyd edək ki, “Şimal-Cənub” nəqliyyat dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə, o cümlədən, Azərbaycan, İran və Rusiya dəmir yollarını birləşdirmək məqsədi daşıyır. Birinci mərhələdə dəhliz ilə ildə 5 milyon ton yük daşımaq planlaşdırılır, gələcəkdə isə 10 milyon tondan artıq.  Sözügedən nəqliyyat dəhlizi barədə razılaşma Rusiya, İran və Hindistan arasında 12 sentyabr 2000-ci ildə Sankt-Peterburq şəhərində bağlanıb. 2005-ci ilin sentyabr ayında Azərbaycan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi haqqında” sazişə qoşulub.

Ümumilikdə, AİB-in sözügedən layihəyə kredit ayırmasını ekspertlər necə dəyərləndirir?

Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, layihəyə AİB tərəfindən vəsaitin ayrılması bununla bağlı Azərbaycanda işlərin vaxtında həyata keçirilməsinə müsbət təsir göstərəcək: “Yəni daha tez başa gələcək. Bu da tranzit ölkə olaraq Azərbaycanın həm rolunu artıracaq, həm də bundan gələcəkdə gəlir əldə ediləcək. Nəzərə almaq lazımdır ki, təsisçisi Rusiya, İran və Hindistan olan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirən meqalayihədir. Bu layihəyə Azərbaycan, Belarus, Bolqarıstan, Qazaxıstan, Qırğızıstan, Oman Sultanlığı, Tacikistan, Suriya, Türkiyə və Ukrayna da qoşulublar. Layihə 3 əsas marşrut üzrə – Transxəzər, Şərq və Qərb marşrutu üzrə həyata keçirilir. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. Hesab edirəm ki, “Şimal-Cənub” nəqliyyat dəhlizi hazır olandan sonra Bakı-Tiflis-Qars dəmir yolunun fəaliyyəti bir az da intensivləşəcək. Məsələ ondadır ki, yüklər Hind okeanından İrana daxil olaraq dəmir yolu ilə Bakıya hərəkət edəcək. Bu zaman heç də vacib deyil ki, onlar bir də Rusiyaya hərəkət etsin. Bakıda onlar Bakı-Tiflis-Qars ilə Avropaya daşına bilər. Yəni deməyim odur ki, bunun çoxşaxəli faydası olacaq. Azərbaycan, bir növ, regionun nəqliyyat qovşağına çevriləcək. Yəni bu o demək deyil ki, başqa ölkələrin yükləri üçün bu dəhlizdən istifadə edilməyəcək. İstənilən başqa ölkənin yüklərinin onun üzərindən keçməsinə şərait yaradılır. Yüklər Şərqdən Qərbə daşınacaq və əsasən yarımxammal, yarımfabrikatlar ixrac olunur. Qərbdən də Şərqə daha çox yüksək texnoloji avadanlıqlar ixrac olunur. Ümumiyyətlə, Şərqlə Qərb arasında il ərzində təxminən 40 milyona yaxın konteyner hərəkət edir. Bu konteynerlər yükləri daşıyırlar. Azərbaycan bundan tranzit ölkə olaraq faydalanacaq. O baxımdan beynəlxalq maliyyə qurumlarının həvəslə “Şimal-Cənub” nəqliyyat dəhlizinə maliyyə ayırması Azərbaycanın xeyrinədir”.

Vidadi ORDAHALLI 

Son xəbərlər