12/12/2017 04:58
728 x 90

Prezident Azərbaycanın ixrac imkanlarının böyümə perspektivinə tam hesabatlı yanaşdı…

“Aqroparkların yaradılması ölkəmizin ixrac potensialını xeyli dərəcədə artırmağa imkan verəcək”

img

Zakir Əhmədov: “Azərbaycanda qeyri-neft sektorunun inkişafına yönəldilən sərmayə bir neçə ildən sonra öz səmərəsini verəcək”

 

“Burada ixracyönümlü məhsullar istehsal olunur. Bu da bizim iqtisadiyyatımızın şaxələndirilməsi üçün çox vacibdir. İndiki şəraitdə biz bu məsələyə xüsusi diqqət göstəririk. Kənd təsərrüfatının inkişafı prioritet məsələdir. Mənə verilən məlumata görə, ölkədə 400 hektardan çox sahədə yeni istixana kompleksləri salınır. Burada yetişdiriləcək məhsulların hamısı, demək olar ki, xaricə ixrac olunacaq. Çünki biz özümüzü tərəvəzlə təmin etmişik”. Xəbər verildiyi kimi, bunu Prezident İlham Əliyev Xəzər rayonunun Zirə qəsəbəsində “BAKU AGROPARK”ın birinci mərhələsi çərçivəsində görülən işlərlə tanış olarkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın ixrac imkanları dəfələrlə artacaq: “Ölkəmizə ən çox gəlir gətirən sahə pomidorla bağlıdır. Bu ilin 10 ayı ərzində pomidor ixracından ölkəyə 130 milyon dollar vəsait gəlib. İndi təsəvvür edin, əgər biz növbəti mərhələdə 400 hektarda yeni istixana komplekslərini istifadəyə versək, - bu da təbii ki, olacaq, - bu, bizim ixrac imkanlarımızı qat-qat artıracaq”.

Bütövlükdə, Azərbaycanda həyata keçirilən məqsədyönlü və uğurlu siyasət nəticəsində əldə edilən nailiyyətlər, xüsusilə iqtisadi sahədə qazandığımız uğurlar və mövcud iqtisadi inkişaf öz səmərəsini verir. Görünən odur ki, Azərbaycanın ixrac imkanları növbəti illərdə daha böyük olacaq. Təsadüfi deyil ki, bir çox beynəlxalq təşkilat və qurumlar tərəfindən də görülən işlər müsbət qiymətləndirilir. Həmçinin, təqdir olunur.

Bütün bu deyilənlərin fonunda, ekspertlərin yanaşması necədir? Azərbaycanın ixrac imkanları nəyin sayəsində artacaq?

Məsələyə münasibət bildirən ekspert Zakir Əhmədovun sözlərinə görə, Azərbaycanın ixrac potensialının artmasını şərtləndirən bir sıra faktorlar var: “Məsələ ondadır ki, ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı kompleks tədbirlər görülür. Regionlarda sənaye parkları, sənaye məhəllələri yaradılır. Məlum məsələdir ki, hansısa sahənin inkişafı üçün müəyyən vaxt lazımdır. Yəni əvvəl sərmayə qoyulur və bir sıra müəssisələr yaradılır. Ondan sonra həmin müəssisələrin istehsal etdiyi məhsullar bazara çıxarılır. Ölkə başçısının da hökumət qarşısında qoyduğu əsas vəzifə ondan ibarətdir ki, bir sıra məhsullara, xüsusən də kənd təsərrüfatı məhsullarına olan tələbat əsasən daxili istehsal hesabına təmin olunsun. Eyni zamanda, ixrac olunan məhsulların içərisində qeyri-neft sektorunun payı böyük olsun. Hələlik ölkə ixracatının böyük hissəsini neft və neft məhsulları təşkil edir. Hesab edirəm ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafına yönəldilən sərmayə bir neçə ildən sonra öz səmərəsini verəcək. Nəticədə Azərbaycanın ixrac imkanları indikindən qat-qat böyük olacaq. Hazırda ölkədə kənd təsərrüfatına geniş maliyyə və texniki dəstək göstərilir. Eyni zamanda, bu sahədə hədəflənən yüksək nəticələrin əldə olunması məqsədilə institusional islahatlar həyata keçirilir, qanunvericilik bazası möhkəmləndirilir. Hər il Sahibkarlığa Kömək Milli Fondunun kredit portfelinin 65-70 faizi kənd təsərrüfatı istehsalına və kənd təsərrüfatı məhsullarının emalı sahələrinə yönəldilir. Müasir meliorasiya, irriqasiya sistemləri dövlət investisiyaları hesabına yaradılır. Onu da xüsusi olaraq qeyd etmək istəyirəm ki, Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə aqroparkların tikintisinə xüsusi diqqət göstərilir. Kənd təsərrüfatının inkişafında diqqətçəkən çox mühüm hadisə 38 böyük aqroparkın yaradılması prosesinin başlanmasıdır. Bu aqroparkların yaradılması ölkəmizin ixrac potensialını xeyli dərəcədə artırmağa imkan verəcək. Azərbaycanın kənd təsərrüfatının inkişafında özünəməxsusluq odur ki, burada şaxələndirmə tendensiyasına daha çox üstünlük verilir. Belə ki, pambıqçılıq, taxılçılıq, baramaçılıq, tütünçülük, üzümçülük, fındıqçılıq, zeytunçuluq və digər ixrac potensialı yüksək olan məhsulların istehsalının artırılması bu məhsulların dünya bazarlarına ixracını aktuallaşdırıb. Müasir standartlara cavab verən kənd təsərrüfatı məhsullarının istehsalı yaxın perspektivdə ölkəmizə böyük maliyyə vəsaitlərinin daxil olmasına imkan verəcək”.

Vidadi ORDAHALLI  

Son xəbərlər