12/12/2017 04:54
728 x 90

Gələn ildən ünvanlı yardım 175 manata çatdırılacaq…

“Ünvanlı sosial yardımın artırılması onların sosial vəziyyətinin yaxşılaşmasına müsbət təsir göstərəcək”

img

İlqar Hüseynli: “Bu, dövlətin həyata keçirdiyi sosial siyasətin tərkib hissəsidir”

 

“Dövlət büdcəsi sosialyönümlüdür. Cənab Prezidentin tapşırığı ilə ehtiyac meyarının həddi 116 manatdan 130 manata qaldırıldı. Bu da Azərbaycanda ünvanlı sosial yardım alan ailələrin bir ailəyə düşən orta aylıq məbləğinin 14 manat artmasına gətirib çıxaracaq. Bu da gələn il bir ailəyə düşən məbləğin 175 manata çatmasına səbəb olacaq”. Bunu mətbuata açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazirin sözlərinə görə, bu bir daha dövlət başçısının diqqətinin sosial problemlərin həllinə yönəldiyini göstərir: “Büdcə müzakirəsindən sonra edilən dəyişiklik sosial xarakter daşıyır. Növbəti ildə əhalinin aztəminatlı təbəqəsinin sosial ödənişləri, müxtəlif sosial müavinətlərlə və ünvanlı sosial yardımla təmin olunması diqqət mərkəzində olacaq. Artırılan məbləğin onlara çatdırılmasında problem olmayacaq”.

Məlumat üçün qeyd edək ki, aztəminatlı ailələrin ünvanlı dövlət sosial yardımı ilə təmin olunması 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş və iyulun 1-dən tətbiq edilən “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən həyata keçirilir.

Bu gün çoxlarını maraqlandıran mövzulardan biri dövlətin aztəminatlı ailələrə göstərdiyi yardımlardır. Dövlət tərəfindən edilən belə yardımlar sırasında ünvanlı sosial yardım adlanan müavinətlər də mövcuddur. Dövlət tərəfindən hər il ünvanlı sosial yardımın miqdarı artırılır. Göründüyü kimi, növbəti il də artımlar olacaq.

Ümumilikdə, mövcud imkanlar çərçivəsində gələn il bir ailəyə düşən məbləğin 175 manata çatdırılmasını ekspertlər necə dəyərləndirirlər?

Məsələyə münasibət bildirən ekspert İlqar Hüseynli ünvanlı sosial yardımın məbləğinin artırılmasına müsbət prizmadan yanaşdı: “Təbii ki, artımların edilməsinə müsbət yanaşıram. Nəzərə almaq lazımdır ki, ünvanlı sosial yardım alan insanlarımız kifayət qədər maddi imkanı olmayan şəxslərdir. Çünki onlar maddi ehtiyac içində yaşayırlar. O baxımdan ünvanlı sosial yardımın artırılması onların sosial vəziyyətinin yaxşılaşmasına müsbət təsir göstərəcək. Onların büdcəsinə bu və ya digər dərəcədə öz müsbət təsirini göstərəcək. Artımın edilməsini dəstəkləmək lazımdır. Məsələ ondadır ki, bu gün ölkə vətəndaşlarının heç də hamısının təminat səviyyəsi yüksək səviyyədə deyil. Elə insanlar var ki, onlar maddi çətinliklər içərisində yaşayırlar. Əlbəttə ki, işsiz insanların işlə təmin olunması daha məqsədəuyğundur. Ancaq bu heç də hər zaman mümkün olmur. Belə olduqda, əlbəttə ki, ehtiyacı olan insanlara ünvanlı sosial yardımın verilməsi vacibdir. Belə ki, 2006-cı ildən dövlətin bu istiqamətdə yeritdiyi siyasət var. Ona uyğun olaraq ehtiyacı olan insanlara ünvanlı sosial yardım verilir. Onu da nəzərə almaq lazımdır ki, ünvanlı sosial yardımın özü sosial bir aksiyadır. Yəni dövlətin həyata keçirdiyi sosial siyasətin tərkib hissəsidir. Burda da ehtiyacı olan insanların həyatında sosial imkanların artırılmasından söhbət gedir. Bu mənada dəyərləndiriləsi bir addımdır. Düşünürəm ki, dövlətin imkanları artdıqca, bu kateqoriyadan olan insanlara verilən sosial yardımın həcmi artırılacaq”.

Vidadi ORDAHALLI 

Son xəbərlər