22/11/2017 15:19
728 x 90

Bakı Şopinq Azərbaycanın neft-qaz şöhrətinə güclü “rəqib” kimi...

“Festivala qatılan turistlər ölkəyə gələn ümumi turist sayında da özünü göstərir”

img

Təranə Xudabaxşiyeva: “Ölkəmiz ticarət, şopinq ölkəsi kimi dünyada tanınmağa başlayır”

 

Səyahəti sevənlər və dəb dünyasındakı ən son yeniliklərdən xəbərdar olanlar oktyabrın 15-dən etibarən Bakı şəhərində keçirilən Şopinq Festivalında iştirak edirlər. Festival noyabrın 15-nə qədər davam edəcək.

Festivalın səs-sorağı tək qonşu ölkələrdən deyil, uzaq ölkələrdən də gəlir. Xarici ölkə vətəndaşları, blogerlər, ümumiyyətlə, müxtəlif sahədə çalışanlar Bakı Şopinq Festivalı haqqında öz fikirlərini bölüşürlər. Onlar Şopinq Festivalından razı qaldıqlarını və bunun mütəmadi keçirilməsinin tərafdarı olduqlarını öz sosial şəbəkələrində və ya festivalın saytına açıqlamalarında bildirirlər.

Artıq ikinci dəfədir Azərbaycanda keçirilən Şopinq Festivalı ölkəmizin dünyada formalaşan imicini dəyişir.

ABŞ-ın Hudson İnstitutunun Avrasiya Siyasəti Mərkəzinin müdiri, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayzanın həyat yoldaşı Zeyno Baran festivalın saytına açıqlamasında bildirib ki, Azərbaycanı hər zaman neft-qaz ölkəsi kimi tanımışıq: “Hər zaman Azərbaycanı fərqli ampluada görmək çox maraqlıdır. Bakıda Şopinq Festivalının keçirilməsi isə ölkənin bütün sahələrdə güclü olmasının göstəricisidir. Bu kimi tədbirlərin keçirilməsi Azərbaycan iqtisadiyyatı və turizmini daha da inkişaf etdirəcək”.

Jurnalist Təranə Xudabaxşiyeva “Bakı-Xəbər”ə açıqlamasında bunları qeyd etdi: “Son bir neçə il ərzində ölkəmizdə müxtəlif formatda tədbirlər keçirilir. İdman, mədəniyyət, iqtisadiyyat və siyasi xarakterli beynəlxalq tədbirlər keçirilib. Hazırda paytaxt ərazisində ikinci Şopinq Festivalı keçirilir. Bəllidir ki, ilk festival aprel-may aylarında keçirilib. Ötən festivaldan fərqli olaraq bu ticarət bayramında daha artıq aktivlik müşahidə olunur. Ölkəmiz ticarət, şopinq ölkəsi kimi dünyada tanınmağa başlayır. Bu sevindiricidir. ABŞ-ın Hudson İnstitutunun Avrasiya Siyasəti Mərkəzinin müdiri Zeyno Baranın dediyi kimi, əvvəllər Azərbaycanı neft-qaz ölkəsi kimi tanıyırdılar. Ancaq artıq Azərbaycan tək neft-qaz sektoru üzrə deyil, eyni zamanda, turizm, ticarət festivalları və qeyri-neft sektorunun digər sahələri üzrə tanınmağa başlayır”.

Həmsöhbətimizin sözlərinə görə, ölkəmizdə belə festivalların keçirilməsi çox müsbət haldır. Bu, turizm potensialının inkişafında çox böyük rol oynayır. Festival çərçivəsində ölkəyə gələn turistlərdə Azərbaycan haqqında müsbət rəy formalaşır: “Son illər ərzində ölkəmiz müxtəlif beynəlxalq tədbirlərə evsahibliyi edir. Böyük tədbirlərə görə artıq Azərbaycan dünyanın bir çox ölkələrində kifayət qədər tanınır. Festivala qatılan turistlər ölkəyə gələn ümumi turist sayında da özünü göstərir. Açıqlanan statistik rəqəmlərə əsasən, bu il ölkəyə gələn turistlərin sayı ötən illə müqayisədə 20 faiz artıb”.

Günel CƏLİLOVA

Son xəbərlər