22/11/2017 15:22
728 x 90

Hindistan diplomatı Bakı Şopinqin əsasında Azərbaycan iqtisadiyyatının əldə edə biləcəyi böyük nəticələrdən birinə işarə etdi...

“Gələcəkdə Şopinq Festivalı davamlı olacaqsa, yerli istehsal sahələrinin yaranmasına və satış həcminin artmasına müəyyən müsbət təsiri ola bilər”

img

Natiq Cəfərli: “İstehsal sahələrinin yaranmasının əsas hədəfi Azərbaycanın daxilində deyil, xaricdə məhsul satmaqdır”

 

Oktyabrın 15-dən başlayan ikinci Bakı Şopinq Festivalı noyabrın 15-dək davam edəcək. İlk Şopinq Festivalı bu ilin aprel-may aylarında keçirilib. Paytaxt ərazisində keçirilən ticarət bayramında yerli əhali ilə yanaşı, ölkəmizə gələn turistlər həvəslə iştirak edirlər. Təbii ki, bu tədbir ölkəmizə turist axınının güclənməsində müəyyən rol oynayır. Eyni zamanda, sahibkarlığın inkişafına səbəb olur. 

Məlumat üçün bildirək ki, 2016-cı ilin 8 ayına nisbətən bu il ölkəmizə 1 milyon 818 min çox turist gəlib. İlk yeddi ayda bank əməliyyatları 97 faiz artaraq 703 milyondan çox olub. Bu da ötən illə nisbətdə iki dəfə artım deməkdir. Artımın səbəbləri arasında ikinci dəfə paytaxtda keçirilən Şopinq Festivalıdır.

Qeyd etdiyimiz kimi, Şopinq Festivalında yerli vətəndaşlarla yanaşı, xaricilərdə iştirak edir. Onların arasında tanınmışlar, diplomatlar və digər yüksək postlarda çalışanlar var.

Festivalda iştirak edən Hindistanın Azərbaycandakı səfiri Sancay Ranan “bakushopfest.com” saytına açıqlamasında bildirib ki, Azərbaycanda Şopinq Festivalının keçirilməsi qeyri-neft sektorunun inkişafını göstərir. Xüsusilə ölkəyə turist axını baxımından əlverişli layihədir. Səfir onu da vurğulayıb ki, belə festivalı təşkil etmək ilk növbədə böyük iqtisadi potensial tələb edir: “Şopinq Festivalın əhəmiyyəti həm də ondadır ki, bu, ölkənin istehsal sahəsinin şaxələndirilməsinə zəmin yaradır. Azərbaycan hökuməti artıq ikinci dəfədir ki, Şopinq Festival keçirir. Nəticədə ölkəyə turist axını müşahidə olunur. Hindistandan gələn turistlər də Bakı Şopinq Festivalına maraqla yanaşırlar. Məlum olduğu kimi, Bakıda böyük Hindistan sərgisi təşkil olundu. Bu sərginin iştirakçıları da festivalın əlverişli imkanlarından yararlandılar”.

Şopinq Festivalının ölkənin istehsal sahəsinin şaxələndirilməsinə təsiri barəsində danışan iqtisadçı-ekspert Natiq Cəfərli “Bakı-Xəbər”ə açıqlamasında bunları qeyd etdi: “İstehsal sahələrinin yaranmasının əsas hədəfi Azərbaycanın daxilində deyil, xaricdə məhsul satmaqdır. Nəzərə almaq lazımdır ki, ixracatın artması ölkəyə əlavə valyutanın gətirilməsi deməkdir. İlk Şopinq Festivalında rəsmi rəqəmlər açıqlananda müşahidə etdik  ki, alıcıların 90 faizi yerli vətəndaşlar idi. Ölkə vətəndaşları ticarət bayramına daha çox maraq göstərir. İstehsal sahələrinin yaradılmasında əsas hədəf festivallarda iştirak deyil, ixracatın artırılması olmalıdır. Ölkədən xaricə daha çox məhsul satılsın və daha çox valyuta gəlsin”.

Həmsöhbətimizin sözlərinə görə, Şopinq Festivalı davamlı olacaqsa, yerli istehsal sahələrinin yaranmasına və satış həcminin artmasına müəyyən müsbət təsiri ola bilər.

Günel CƏLİLOVA

Son xəbərlər