22/11/2017 15:17
728 x 90

Prezident Əliyevin SOCAR-la bağlı çoxillik strateji hədəfi...

“SOCAR-ın beynəlxalq səviyyəli bir şirkət statusuna sahib olması Azərbaycanın uğurudur”

img

Rəsul Cahangirli: “Bu, ölkənin dünyada imicinin daha da yüksəlməsi baxımından çox böyük əhəmiyyətə malikdir”

 

“Bir neçə il bundan əvvəl mənim tərəfimdən qarşıya məqsəd qoyulmuşdur ki, SOCAR böyük beynəlxalq neft şirkətinə çevrilməlidir”. Bunu Prezident İlham Əliyev Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə keçirilən təntənəli mərasimdə deyib.

Dövlət başçısının sözlərinə görə, Dövlət Neft Şirkətinin çox böyük fəaliyyəti var. O bunu bir sıra ciddi arqumentlərlə əsaslandırıb: “Əsrin kontraktı”, “Şahdəniz” yatağı üzrə imzalanmış və icra edilən kontrakt, eyni zamanda, Dövlət Neft Şirkətini böyük beynəlxalq şirkətə çevirib. Yəni bir neçə il bundan əvvəl mənim tərəfimdən qarşıya məqsəd qoyulmuşdur ki, SOCAR böyük beynəlxalq neft şirkətinə çevrilməlidir. Biz bu məqsədlə SOCAR-ın fəaliyyətini genişləndirdik, bir çox müəssisələr SOCAR-a verildi. Bu gün həm ölkə daxilində, həm xaricdə Azərbaycan Dövlət Neft Şirkətinin çox böyük fəaliyyəti var. Bizim xaricə qoyduğumuz investisiyalar milyard dollarla ölçülür. Təkcə Türkiyədəki layihələrə 20 milyard dollara yaxın sərmayə qoyulması nəzərdə tutulub ki, onun təxminən yarısı artıq yatırılıb. Digər ölkələrdə, Avropa ölkələrində, yaxın qonşuluqda SOCAR-ın çox böyük işləri, sərmayəsi var. Azərbaycan dövləti SOCAR-ın fəaliyyətini dəstəkləyir. Bu bizim iqtisadi gücümüzü artırır, bizə gələcəkdə yeni mənbələrdən böyük həcmdə valyuta axını da təmin ediləcək. Mən hazırda ölkə daxilində icra edilən iki layihəni – SOCAR polimer və karbamid zavodlarının tikintisini qeyd etmək istərdim. Bu iki layihənin ölkəmizin qeyri-neft sektorunun inkişafında çox böyük əhəmiyyəti var. Hər iki layihə qrafik üzrə icra edilir və əminəm ki, gələn il istifadəyə veriləcək”.

Həqiqətən də ötən dövr ərzində SOCAR çox böyük beynəlxalq layihələrə imza ataraq dünyada özünü doğruldub. Bu, sözügedən şirkətdə idarəçiliyin yüksək səviyyədə qurulmasının göstəricisidir.

Ümumilikdə, SOCAR-ın beynəlxalq səviyyəli şirkət statusunu qazanması Azərbaycan dövləti üçün nə deməkdir?
Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, bunun bir sıra əhəmiyyəti var: “Əvvəla SOCAR bir dünya brendi olaraq kifayət qədər tanınıb. Məsələ ondadır ki, SOCAR bir sıra tanınmış dünya şirkətləri ilə həyata keçirdiyi birgə layihələrdə özünü tam doğruldub. Bunun çoxsaylı nümunələrini göstərmək olar. Dünyanın aparıcı şirkətləri SOCAR-a etibarlı tərəfdaş kimi yanaşırlar. Nəzərə almaq lazımdır ki, sözügedən şirkət regionda və dünyanın bir sıra ölkələrində ciddi layihələr həyata keçirir. Məsələn, qonşu Türkiyədə neft-kimya kompleksi ilə bağlı həyata keçirilən böyük layihələr ciddi perspektivə malikdir. Yaxın illərdə həmin layihələrin işə düşməsi nəticəsində Azərbaycana böyük həcmdə vəsait daxil olacaq. SOCAR digər dünya dövlətlərində də bənzər layihələr həyata keçirir və bununla bağlı perspektiv imkanlar böyükdür. Çünki ancaq beynəlxalq səviyyəli şirkət bu cür meqalayihələri reallaşdırmaq gücünə malikdir. Şübhəsiz ki, SOCAR-ın beynəlxalq səviyyəli bir şirkət statusuna sahib olması Azərbaycanın uğurudur. Bu, Azərbaycanın dünyada imicinin daha da yüksəlməsi baxımından çox böyük əhəmiyyətə malikdir. Eyni zamanda, bu ona gətirib çıxaracaq ki, gələcəkdə daha çox dünya dövləti, şirkətlər SOCAR-la əməkdaşlığa üstünlük verəcək. Nəticədə yaranan yeni imkanlar Azərbaycanın iqtisadi inkişafına əlavə təkan verəcək. Bir sözlə, bunun həm iqtisadi, həm də siyasi baxımdan əhəmiyyəti böyükdür. Zaman keçdikcə, Azərbaycan bunu daha çox hiss edəcək”.

Vidadi ORDAHALLI 

Son xəbərlər