22/11/2017 15:19
728 x 90

Kərə yağlarının qiymətinə görə indi bütün məsuliyyət sahibkarların üzərində qaldı

img

Vahid Əhmədov: “Gömrük rüsumunun azaldılması qiymətə ciddi təsir göstərəcək”
Zakir Əhmədov: “Kərə yağının qiyməti təxminən 5 manata qədər ucuzlaşa bilər”

 

Azərbaycanda həyata keçirilən sosial siyasət əhalinin maraqlarının qorunmasına xidmət edir. Elə bu səbəbdən də dünya ölkələrində iqtisadi geriliyin müşahidə olunduğu bir dövrdə Azərbaycanda çoxsaylı sosial layihə reallaşdırılır. Məhz bunun nəticəsidir ki, əhalinin ərzaqla təminatı, onların alıcılıq qabiliyyətinin artırılması məsələsi ön sıralarda durur. Bütün çatışmazlıqlara, dünya bazarında ərzaq məhsullarının qiymətinin artmasına baxmayaraq, Azərbaycanda həyata keçirilən tədbirlər həmin məhsulların əhali üçün əlçatan olmasına hesablanıb.

Məlum olduğu kimi, Prezident İlham Əliyevin kərə yağının ucuzlaşması ilə bağlı verdiyi göstərişin nəticəsi olaraq, ölkəyə idxal edilən kərə yağı və süddən hazırlanmış digər yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları 3 dəfə azaldılır. Belə ki, Nazirlər Kabineti məsələ ilə bağlı “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə müvafiq dəyişiklik edib. Məlumat üçün qeyd edək ki, indiyə qədər Azərbaycana idxal edilən kərə yağı və süddən hazırlanmış digər yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 15 faizi həcmində olub. Qərara əsasən, kərə yağı və süddən hazırlanmış digər yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 5 faizi həcmində müəyyənləşib. Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 2019-cu il dekabrın 31-dək qüvvədədir.

Bakı mağazalarının piştaxtaları müxtəlif ölkə istehsallı və yerli kərə yağı ilə doludur. Burada hər qiymətə kərə yağı var, xarici istehsallı kərə yağılarının qiymətinin kilosu 17 manatdan 24 manata qədər dəyişir. Yerli kərə yağlarının da qiyməti, yağlılığından asılı olaraq, 5-16 manata qədərdir.

Maraqlıdır, idxal rüsumunun 3 dəfə azaldılmasından sonra kərə yağı nə qədər ucuzlaşacaq?
Məsələyə münasibət bildirən millət vəkili Vahid Əhmədovun sözlərinə görə, gömrük rüsumunun 3 dəfə azaldılması kərə yağının maya dəyərinə təsir edəcək: “Nazirlər Kabinetinin bu qərarı pərakəndə satışa təsir edəcək. Manat stabildir, amma qiymət qalxır. Düzdür, dünyada kərə yağının qiyməti qalxıb, amma gömrük rüsumunun azaldılması qiymətə ciddi təsir göstərəcək. Bu, əhalinin sosial vəziyyətinə hesablanmış addımdır. Bu qərar yerli istehsala təsir etməyəcək. Ona görə də yerli istehsalçıların qiyməti qaldırması üçün əsas yoxdur. Çünki istehsalla bağlı olan hər hansı komponent xaricdən gəlmir”.

Digər ekspert Zakir Əhmədovun fikrincə, kərə yağının qiyməti 5 manata qədər ucuzlaşa bilər: “Kərə yağına gömrük rüsumunun azaldılması müsbət addımdır. Çünki son bir ayda sözügedən məhsulun qiyməti xeyli artmışdı. Azərbaycan kərə yağına olan tələbatın əsas hissəsini idxal hesabına təmin etdiyi üçün, rüsumların azaldılmasına ehtiyac var idi. O baxımdan kərə yağının qiyməti təxminən 5 manata qədər ucuzlaşa bilər. Bazarda yağla bağlı təklif artarsa, o zaman yağın qiymətində ucuzlaşma bundan çox ola bilər. Hesab edirəm ki, ölkə daxilində kərə yağının istehsalı genişləndirilməlidir. Yalnız o halda idxal amilinin qiymətlərə təsirini minimum həddə endirmək mümkün olacaq”.

Vidadi ORDAHALLI 

Son xəbərlər