24/10/2017 06:13
728 x 90

Azərbaycanda daimi yaşamağa gələnlərin sayı gedənləri iki dəfə üstələyir, Ermənistanda isə tam əksinə…

“2008-ci ildən etibarən ölkə ərazisinə gələnlərin sayı gedənlərin sayından qat-qat çoxdur”

img

Azər Allahverənov: “Ermənistanın siyasi-iqtisadi vəziyyətində qeyri-sabitlik var və oranın vətəndaşları öz gələcəyini həmin ölkə ilə bağlamaq istəmirlər”

 

Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayı ölkədən daimi yaşamaq üçün gedənlərin sayından təxminən 2 dəfə çoxdur. Açıqlanan statistik rəqəmlərə əsasən, 2016-cı ildə Azərbaycana daimi yaşamaq üçün 3233 nəfər gəlib, daimi yaşamaq üçün isə ölkədən 1711 nəfər gedib.

Ölkəyə daimi yaşamaq üçün gələnlər daha çox 30-39 yaşlılar olub. 2016-cı ildə ölkəyə daimi yaşamaq üçün 30-34 yaşlı 474, 35-39 yaşlı 445 nəfər gəlib. Ölkədən daimi yaşamaq üçün gedənlər daha çox 20-29 yaşlı gənclərdir. 2016-cı ildə Azərbaycandan 20-24 yaşlı 364, 25-29 yaşlı 357 nəfər gedib. Ölkəyə daimi yaşamaq üçün gələnlər daha çox şəhər yerlərini seçirlər. Ötən il daimi yaşamaq üçün gələnlərin 2057-si şəhərləri, 1176-sı kəndləri seçib. Ölkədən daimi gedənlər arasında da şəhər yerləri üzrə göstərici üstünlük təşkil edir. Ötən il ölkədən daimi gedənlərin 1079 nəfəri şəhər, 632 nəfəri isə kənd sakini olub.

Onu da qeyd edək ki, Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayı gedənlərin sayından iki dəfə çoxdur. Ancaq düşmən ölkə olan Ermənistanda isə vəziyyət fərqlidir. Belə ki, həmin ölkəni tərk edənlərin sayı nəinki ildən-ilə, günü-gündən artır. Açıqlanan statistik rəqəmlərdə qeyd olunur ki, son illərdə 15 min 200 nəfər ölkə vətəndaşlığından imtina edərək getdikləri yerlərdə daimi məskunlaşıblar.

Rəsmi statistikaya görə, 2008-ci ilin yanvar ayından 2016-cı ilin dekabr ayına qədər 41 310 nəfər əsasən Avropa dövlətlərinə qaçqın statusu ilə müraciət edib.  Bura postsovet dövlətlərinə köçən insanlar daxil deyil. 2016-cı ilin avqust-sentyabr aylarında Avropa dövlətlərindən qaçqın statusu tələb edən ermənilərin sayı 2008-2016-cı illərin orta aylıq statistikasından çox olub. Əgər 2008-ci ildə Avropa İttifaqı ölkələrinə qaçqın statusunda müraciət edən ermənilərin sayı ayda ortalama 385 nəfər idisə, 2016-cı ilin avqust ayında bu rəqəm 1110, sentyabr ayında isə 1185 nəfər olub. Aİ-nin Statistika Xidmətinin hesabatına görə, 20 yanvar 2017-ci ilə qədər qaçqın statusu almaq istəyənlərin 49 faizi qadın, 51 faizi kişi olub. Qaçqın statusu almaq üçün müraciət edənlərin 33 faizinin ortalama yaşı 35-64 yaş olub. 18-34 yaşlı ermənilərin də böyük bir qismi ölkəni tərk edib, onların ümumu sayı 32 faiz təşkil edir.

Ermənilərin ölkələrini tərk etməsinin səbəbi kimi həmin ölkədə sosial-iqtisadi, təhlükəsizlik və psixoloji amil göstərilir.

Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın sədri Azər Allahverənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, 2008-ci ildən etibarən ölkə ərazisinə gələnlərin sayı gedənlərin sayından qat-qat çoxdur: “Amma onu da vurğulamaq lazımdır ki, bəzi media orqanları Statistika Komitəsi və Miqrasiya Xidmətinin açıqladığı rəqəmləri həqiqəti əks etdirməyən fakt kimi təqdim edirlər. Bu tamamilə yanlış bir fikirdir. Bu tip fikri yayanlar ölkəyə daimi yaşamağa gələnlər və ya ölkəni daimi tərk edənlərin nə demək olduğunu tam olaraq bilmirlər. Hansısa xarici ölkənin vətəndaşı Azərbaycanda daimi yaşamaq üçün müvafiq qurumlardan icazə alır. Rahat şəkildə qanunvericiliyin bütün inkanlarından yararlanırlar. Hətta icazə olmadan əmək fəaliyyəti olanlar sonradan daimi yaşamaq üçün aidiyyəti qurumlara müraciət edirlər. Ölkə ərazisini tərk edənlər isə olduqca azdır. Bəllidir ki, ölkənin hüdudları kənarında yaşayan çoxsaylı həmvətənimiz var.   O insanlar Azərbaycan Respublikasının vətəndaşı olaraq qalırlar və buranın qeydiyyatındadırlar. Onlar il ərzində bir neçə dəfə Azərbaycana gəlib doğmalarını görürlər. Qazandıqlarını öz doğma torpağında yaşayan insanlarla bölüşürlər”.

A.Allahverənovun sözlərinə görə, Ermənistan əhalisinin öz ölkəsini tərk etməsi gözləniləndir. Çünki orada iqtisadi tənəzzül yaşanır: “Ermənistanın iqtisadi tənəzzüldə olması ölkədə acınacaqlı vəziyyətin yaranmasına səbəb olub. Bir çox sosial proqramların məhdud şəkildə həyata keçirilməsi ölkədə insanların iqtisadi vəziyyətinə təsir edib. Ölkənin siyasi-iqtisadi vəziyyətində qeyri-sabitlik varsa, insanlar öz gələcəyini həmin ölkə ilə bağlamaq istəmirlər. Belə olan şəraitdə insanlar miqrasiya barədə düşünürlər və ilk fürsətdə ölkəni tərk edirlər”.

Günel CƏLİLOVA

Son xəbərlər