24/10/2017 06:13
728 x 90

Prezident bütün kənd yollarının dövlət təmir proqramına salınması üçün səmərəli yol göstərdi…

“Bərbad vəziyyətdə olan bütün yollar araşdırılmalı və irəli sürülən təkliflər əsasında həmin yollar tam bərpa olunmalıdır”

img

İlqar Hüseynli: “Bu sahə artıq nəzarət altındadır, elə kənd yolları var ki, onların təmiri ya başa çatdırılıb, ya da başa çatdırılmaq ərəfəsindədir”

 

“Bizim gözəl turizm məkanımız olan Göygölə gedən yol artıq uzun illərdir ki, təmirsiz qalmışdı. Biz indi Göygölü turizm mərkəzinə çevirərək oraya böyük turist axınına nail olmuşuq. Əlbəttə ki, oraya gedən yol tam yüksək səviyyədə təmir edilməlidir. Bu göstəriş də verilmişdir. Eyni zamanda, o bölgədə olarkən bu məsələ də qaldırıldı.

Bu yaxınlarda Şamaxı rayonunda olarkən orada da Şamaxını Lahıcla birləşdirən yol haqqında məsələ də öz həllini tapmışdır. Bu yolun bir hissəsi istifadəyə verilib, qalan hissə də bu il və gələn il istifadəyə veriləcək. Lahıc nadir bir yaşayış mərkəzidir. Oraya hər il on minlərlə turist gəlir. İndi Lahıca həm alternativ, həm də ən qısa yol Şamaxı-Dəmirçi-Lahıc yolu olacaqdır. Bu da bir neçə kəndi birləşdirən yoldur. Ona görə, bunu deyirəm ki, biz proqramı tərtib edirik, vəsait ayırırıq. Ancaq il ərzində yeni təkliflər gəlir və bu təkliflər də həmişə təmin edilir. Ona görə bizim əsas fəaliyyət istiqamətimiz də bundan ibarətdir ki, Azərbaycan xalqının maraqlarını təmin edək, xalqı narahat edən məsələlər öz həllini tezliklə tapmalıdır. Çalışmalıyıq ki, gələn ilin kənd yolları proqramının tərtibində və təşkilində bütün yerlərdən gələn təkliflər nəzərə alınsın. Mənə artıq ilkin məruzə edilib. Biz gələn il bu ilə nisbətən daha çox kəndi yeni yollarla təmin edəcəyik. Baxmayaraq ki, bu il də yüzlərlə kəndə yol salınıb. Bu proses hələ neçə il bundan sonra da davam etməlidir, o vaxta qədər ki, bizim bir dənə də təmirsiz və yaxşı vəziyyətdə olmayan kənd yolu qalmasın”.

Bu sözləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışı zamanı deyib.

Gələn il kənd yollarının təmiri proqramında bütün yerlərdən gələcək təkliflərin nəzərə alınması kənd yollarının abadlı olmasına şərait yaradacaq.

Sosial sahə üzrə ekspert İlqar Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki,  kənd yollarının təmiri prosesinə artıq start verilib: “Bu sahə artıq nəzarət altındadır. Elə kənd yolları var ki, onların təmiri ya başa çatdırılıb, ya da başa çatdırılmaq ərəfəsindədir. “Strateji Yol Xəritəsi”ndə bu məsələ öz əksini tapıb. Həmin sənəddə də qeyd olunub ki, 2020-ci ilə qədər qarşıya qoyulan bütün hədəflər öz həllini tapmalıdır. O cümlədən kənd yollarının təmiri”.

Həmsöhbətimiz onu da vurğuladı ki, elə ərazilər var ki, oranın yolları olduqca bərbaddır. Söhbət kənd ərazilərindən gedir. Elə yollar var ki, onun strateji əhəmiyyəti böyükdür: “Məsələn, bu yaxınlarda Lahıcın yolları təmir olundu. Bəllidir ki, Lahıca turist axını böyükdür. Bu səbəbdən həmin ərazilərin yolları təmir olunmalıdır. Ümumiyyətlə, bərbad vəziyyətdə olan bütün yollar araşdırılmalı və irəli sürülən təkliflər əsasında həmin yollar tam bərpa olunmalıdır”.

Günel CƏLİLOVA

Son xəbərlər