24/10/2017 06:04
728 x 90

Yerlərdən gələn təkliflər əsasında önəmli dövlət layihələri – Prezident Əliyevin iqtisadiyyatda demokratik mərkəziyyət üslubu…

“Bu həm də ölkənin iqtisadi cəhətdən idarə olunmasındakı demokratik prinsiplərin tətbiqinə dair bir nümunədir”

img

Günel Fərhadqızı:  “Elə sahələr var ki, mərkəzdə oturanlar onlar barədə ətraflı bilgiyə sahib deyil”

 

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib ki, gələn ilin Dövlət İnvestisiya Proqramı ilə bağlı ilkin təkliflər gəlməkdədir:

"Gələn il kifayət qədər vəsait nəzərdə tutulmalıdır ki, həm infrastruktur layihələri, eyni zamanda, ölkə qarşısında duran əsas vəzifələr icra edilsin. Ona görə hesab edirəm ki, gələn ilin investisiya proqramı ilin sonuna qədər təsdiq edilə bilər. Gələn ilin büdcəsi bu ilin büdcəsindən daha da böyük olmalıdır. Buna bütün imkanlar var. Yaxın zamanlarda bu məsələyə də baxılacaq.

Bildiyiniz kimi, sahibkarlığın inkişafı üçün bir çox işlər görülür. Onların arasında güzəştli kreditlərin verilməsi də var. Artıq uzun illərdir ki, bu proses davam edir. Hazırda sahibkarlara verilən güzəştli kreditlərin, demək olar ki, tam həcmi əvvəllər verilmiş və qaytarılmış kreditlər hesabına təşkil edilir. Bu il kifayət qədər böyük proqram nəzərdə tutulmuşdur. Mənə məruzə edilib. Bu proqramın böyük hissəsi icra edilmişdir. Amma hələ də Sahibkarlığa Kömək Milli Fondunun sərəncamında kifayət qədər vəsait - bölüşdürülməmiş, yaxud da ki, bölüşdürülmüş, ancaq verilməmiş kreditlər var. Çalışmaq lazımdır ki, ilin sonuna qədər nəzərdə tutulmuş kreditləşmə tam həcmdə təmin edilsin.

Yol infrastrukturu ilə bağlı görülmüş işlər haqqında burada məruzədə göstərildi. Qeyd etməliyəm ki, ilin əvvəlində nəzərdə tutulmuş layihələrin hamısı təbii ki, icra ediləcək. Bundan əlavə, il ərzində mənim bölgələrə səfərlərim çərçivəsində və yerlərdən gələn təkliflər nəticəsində yeni yol layihələri də icra edilməyə başlanıb. Bunlar daha çox kənd yollarıdır və eyni zamanda, şəhərlərarası yollardır. Onların arasında əvvəlcədən nəzərdə tutulmamış, ancaq builki proqrama salınan və indi icrası gedən Qax-Zaqatala-Balakən yolunu qeyd etməliyəm. Bu yolun əsaslı təmiri bu il nəzərdə tutulmayıb. Ancaq bölgəyə səfərim zamanı bu məsələ qaldırıldı və göstəriş verildi. İndi bu layihə icra edilir. Cəlilabad-Yardımlı yolunun bir hissəsi əvvəlki dövrdə əsaslı təmir edilmişdir. Ancaq bu layihə yarımçıq qalıb. Cənub bölgəsinə səfərim zamanı bu məsələ də qaldırıldı və göstəriş verildi. Cəlilabad-Yardımlı yolunun tam istifadəyə verilməsi ilə bağlı bütün lazımi tədbirlər görülüb. Bu, Yardımlıya Bakıdan və digər bölgələrdən ən qısa yol olacaq və bir çox kəndləri birləşdirəcək".

Prezident deyib ki, bu il yerlərdən gələn təkliflər nəticəsində bir neçə önəmli layihənin icrasına başlanıb. Şəmkirçay su anbarından kanalın Goranboy rayonuna qədər uzadılması, Neftçala su kanalının tikintisinin davam etdirilməsi və digər layihələr on minlərlə hektar yeni torpaq sahəsinə suyun verilməsini təmin edəcək. Əlbəttə, Taxtakörpü su anbarının mövcudluğu və yeni kanalların çəkilməsi Xızı, Siyəzən, Şabran rayonlarındakı böyük torpaq sahələrinə suyun verilməsini təmin edəcək.

Göründüyü kimi, Prezident yerlərdən  gələn təkliflər əsasında böyük layihələrə start verildiyini xüsusi olaraq vurğulayıb. Bu fakt ölkənin iqtisadi idarə edilməsində demokratik mərkəziyyət modeli sayıla bilərmi?

Ekspert Günel Fərhadqızının sözlərinə görə, bu model olduqca mütərəqqidir və dünyanın bir çox inkişaf etmiş ölkələrində tətbiq edilir: “Bu, eyni zamanda, yerlərdəki iş adamlarına, icra qurumlarına, fermərlərə daha da təşəbbüskar olmağa stimul verir. Ölkə başçısı belə bir fəallığın ortaya qoyulmasında  xüsusilə maraqlıdır. Yadınızdadırsa, bir müddət əvvəl hətta icra başçılarına  rəhbərlik etdikləri rayonlara xarici investisiyanı cəlb etməklə bağlı sərbəstlik verildi. Yerlərdəki problemləri, hansı layihələrin daha səmərəli olacağını məhz orada yaşayanlar daha gözəl bilir. Belə bir təşəbbüslərə ölkə başçısının da ciddi reaksiya verməsi həmin müraciətlərin sayını artıracaq. Bu həm də ölkənin iqtisadi cəhətdən idarə olunmasındakı demokratik prinsiplərin tətbiqinə dair bir nümunədir. Elə sahələr var ki, mərkəzdə oturanlar onlar barədə ətraflı bilgiyə sahib deyil. Məhz yerlərdən həmin sahələr üzrə məlumatların alınması icra olunan layihələrlə bağlı rentabelliyi də artıra bilər. Bu məsələdə yalnız yerli dövlət qurumları deyil, özəl strukturlar da fəal olmalıdır. Çünki hazırda ölkədə kənd təsərrüfatının inkişafına böyük diqqət ayrılır. Biz bunu ölkə başçısının etdiyi son çıxışının mətnindən də gördük. Yerli kənd təsərrüfatı mütəxəssislərinin verdiyi təkliflər bu sahədəki vəziyyəti daha da yaxşılaşdıra bilər. Ölkə iqtisadiyyatında nəzərəçarpan uğurlar bizi daha da təşəbbüskar olmağa vadar etməlidir”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər