24/10/2017 06:09
728 x 90

Qeyri-neft məhsullarının ixracı Azərbaycana daha çox valyuta qazandırmağa başlayır

img

İqtisadi müstəvidə xüsusi diqqət mərkəzində yer alan başlıca məqamlardan biri qeyri-neft sektoru üzrə ixrac həcminin artırılması, bu istiqamət üzrə ölkəyə daha çox valyuta axınının təmin edilməsidir. Son vəziyyətin təhlili əslində qeyd edilən səpkidə ciddi nailiyyətlərin əldə olunduğunu göstərir. 

Bunu Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev də təsdiqlədi. Doqquz ayda iqtisadi göstəricilərin çox müsbət olduğunu vurğulayan dövlət başçısı qeyd etdi: "Qeyri-neft iqtisadiyyatımız 2,5 faiz artıb. Hesab edirəm ki, bu, çox gözəl göstəricidir. Bu, son illərdə apardığımız siyasətin nəticəsidir. Çünki qeyri-neft sektorunun inkişafı bizim əsas prioritetimizdir və 2,5 faiz artan qeyri-neft iqtisadiyyatımız həm uğurlu islahatlarımızın göstəricisidir, həm də onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi məsələləri öz həllini uğurla tapıbdır. Qeyri-neft sektorunun sənaye hissəsi də uğurla inkişaf edir. Qeyri-neft sənayesi 9 ayda 3,1 faiz artmışdır. Bu da sənayeləşmə siyasətimizin gözəl nəticəsidir. Bildiyiniz kimi, son illər kənd təsərrüfatında çox böyük inkişaf var, böyük investisiyalar qoyulur. Kənd təsərrüfatının hərtərəfli inkişafı dövlət prioritetidir və bu sahədə də nəticələr özünü göstərir. Kənd təsərrüfatı 2,8 faiz artmışdır".

Ümumiyyətlə, real durum bu qənaətə gəlməyə əsas verir ki, hazırda iqtisadi artım əsas etibarı ilə qeyri-neft sektoru hesabına baş verir. Eyni zamanda, bu istiqamət üzrə ölkəyə daxil olan valyutanın həcmində də əhəmiyyətli dərəcədə artım qeydə alınır. Yeri gəlmişkən qeyd edək ki, cari ilin ilk 9 ayı ərzində Azərbaycandan qeyri-neft ixracı 1 milyard 69 milyon dollar təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 30 faiz artım deməkdir. Ekspertlər isə bildirir ki, qeyri-neft ixracının sürətlə artması ölkədə aparılan əhatəli iqtisadi islahatların birbaşa nəticəsidir. Məsələ ilə bağlı  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirir: "Doqquz ayda 1582 şirkət bilavasitə qeyri-neft ixracına cəlb edilib. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə daha çox şirkətin ixrac həcmini artırması deməkdir. İxracda sənaye məhsulları, o cümlədən polad, alüminium, polietilen, plastik məmulatlardan hazırlamış məhsullar, eyni zamanda kənd təsərrüfatı məhsulları ilk onluqdadır. Bu müddətdə ölkədən ixrac olunan pomidorun ümumi dəyəri 128 milyon ABŞ dollarından çoxdur".

Bir məsələni də qeyd edək ki, qeyri-neft sahəsi üzrə ixracın artmasında hökumət təərfindən yaradılan "Azexport" portalı da vacib rol oynayır. Təkcə bu ilin 9 ayında "Azexport" portalına 60 ölkədən 355 milyon dollardan çox ixrac sifarişi daxil olub. Araşıdrmalar göstərir ki, "Azexport" portalına daxil olan ixrac sifarişləri bilavasitə Azərbaycanın qeyri-neft ixracı strukturu ilə kifayət qədər üst-üstə düşür. Portalın fəaliyyəti, ixrac-təşviq işlərinin aparılması, ticarət evlərinin və nümayəndəliklərinin açılması, biznes-forumların təşkili, ixracın təşviqi üçün subsidiyalaşdırma məsələləri bütövlükdə qeyri-neft ixracının artmasına səbəb olub. Qarşıdakı dövr ərzində isə qeyri-neft sahəsindən daha çox gəlir əldə edilməsi gözlənir. Xüsusən də aqrar sahə üzrə ixrac həcminin artması proqnozlaşdırılır. Üzümçülük, tütünçülük, baramaçılıq, çayçılıq,  fındıqçılığın inkişafı istiqamətində görülən işlər öz nəticəsini verir.

Bundan başqa, pambıqçılığın inkişafına artan diqqət təkcə bu məhsulun ölkəyə böyük miqdarda valyuta gətirəcəyini deməyə əsas verir. Xatırladaq ki, keçən əsrin 70-ci və 80-ci illərində ölkədə 800-900 min ton pambıq tədarük olunurdu. 2015-ci ildə bu rəqəm güc-bəla ilə 35 min ton təşkil etmişdi. Ancaq sonradan dövlətin pambıqçılığa diqqət ayırması ilə cəmi iki il ərzində bu sahədə dönüş yaranıb. Keçən il 51 min hektar sahədə pambıq əkildi və 90 min tona yaxın məhsul götürüldü. Cari ildə 140 min hektara yaxın sahədən 270 min ton məhsul əldə edilməsi nəzərdə tutulub. Tütünçülük, baramaçılıq, fındıqçılıq, çayçılıq və digər istiqamətlər üzrə də inkişaf göstəriciləri yüksəkdir. Hazırda dövlət həmin sahələrin inkişafına xüsusi diqqət yetirir. Hökumət  kənd təsərrüfatının inkişafına müntəzəm olaraq çox böyük vəsait ayırır və investisiyalar yönəldir. Bu da artıq öz müsbət nəticələrini verir. Qeyri-neft sektorunun digər vacib sahələrində də analoji vəziyyət müşahidə olunur. Bu da, öz növbəsində, həmin istiqamətdən ölkəyə valyuta daxil olmasını əhəmiyyətli dərəcədə artırır.

Tahir TAĞIYEV

Son xəbərlər