24/10/2017 06:04
728 x 90

Bank kreditləri ucuzlaşmaq əvəzinə bahalaşır…

“Bank vəsaitləri kreditlərə deyil, digər alətlərə yönəlib”

img

Rəşad Həsənov: “Atılan addımlar kredit bazarında problemlərin həllinə deyil, bankların özünə doğru yönəldiyi üçün, sadaladığımız məsələlər öz həllini tapa bilməyib”

 

Mərkəzi Bank hesabat ayı üzrə depozit və kreditlər üzrə orta faiz dərəcəsını açıqlayıb. Hesabatdan məlum olub ki, manatla kreditlər üzrə orta faiz dərəcəsi 0,10 faiz, xarici valyutada kreditlər üzrə faiz dərəcəsi 0,62 faiz artıb. İlin əvvəlindən manatda olan depozitlərin faizi qalxır, dollarda olanların isə azalır.

Nəticədə ölkədə kreditlər bahalaşır. Kredit faizinin artmasına səbəb risqlər, banklarin əməliyyat xərcləri və mənfəət marjalarıdır. Manat uzrə depozit faizlərində artım musahıdə olunur. Hazırda manatla sıgortalanan depozitlər 15 faiz, dollarla olanlar 3 faizdən təklif olunur. Bəzi məlumatlara görə, banklar əmanət və depozit cəlb etmək üçün faizi yüksəldiblər. Bu isə, öz növbəsində, kreditlərin faizinin artmasına səbəb olub. Belə fikirlər var ki, manatın məzənnəsi stabil olaraq qalarsa, kredit faizlərində artım dayanacaq.

Bütün hallarda, müşahidə olunan mənzərə ondan ibarətdir ki, kreditlərə tələbatın azalması fonunda, onsuz da yuxarı olan faizlər bir az da artır. Əsas artım isə istehlak kreditlərində müşahidə olunur. Belə ki, istehlak kreditlərində artım fiziki şəxslər üçün xarıcı valyutada 16,25 faiz, şirkətlərə isə 7,5 faizdir. Bu isə ondan xəbər verir ki, istehlak kreditləri, yəni vətəndaşın mebel, telefon və digər avadanlıqlar uçün götürdüyu kreditlər baha olaraq qalır.

Hazırda Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən bank sektorunun sağlamlaşdırılması istiqamətində ciddi addımlar atılır.

Sektora inamın artmasının əmanətlərin artmasına, bu isə, öz növbəsində, faiz dərəcələrinin, eləcə də kredit faizlərinin aşaği düşməsinə səbəb olacağı deyilir. Ancaq hələ ki, bunun əlamətləri müşahidə olunmur?

Sözügedən məsələni dəyərləndirən iqtisadçı-ekspert Rəşad Həsənovun fikrincə, əvvəlki illərdən yığılıb qalan problemlərin həll olunmaması bankların kredit siyasətini təsir altında saxlayıb: “Ona görə də banklar alternativ yollarla aktivlərini artırmağa çalışırlar. Xüsusilə buradakı alətlərdən biri Mərkəzi Bankın depozitlər hərraclarıdır. Bank vəsaitləri kreditlərə deyil, digər alətlərə yönəlib. Bank sektorunda problemli kreditlərin həcmi hələ də böyükdür. Faktiki olaraq, əhalinin kredit qaytarma qabiliyyəti zəifləyib, müştəri bazarı kiçilib. Əmanət bazarının kiçilməsinin müxtəlif səbəbləri var. Birinci səbəb bank sektoruna inamın azalmasıdırsa, ikinci səbəb isə 2014-cü ilə qədər olan yığımların vətəndaşlar tərəfindən istehlak bazarına yönəldilməsidir. Hazırkı iqtisadi vəziyyət onların gəlirlərinin aşağı düşməsinə gətirib çıxarıb. Bötüvlükdə götürəndə, bank sektorunda atılan addımlar öz effektini verməyib. Atılan addımlar kredit bazarında problemlərin həllinə deyil, bankların özünə doğru yönəldiyi üçün, sadaladığımız məsələlər öz həllini tapa bilməyib”.

R.Həsənov hesab edir ki, beynəlxalq reytinqlərdə kredit portfelindəki problemli aktivlərin həcminin 6-7 faizdən yüksək təşkil etməsi risqli hesab edilir: “Bundan yuxarı olduqda maliyyə təşkilatlarının likvidikliyinə təsir göstərir. Hazırda Azərbaycanda problemli kreditlərin artmasının 2 səbəbi var: birincisi, vaxtı keçmiş kreditlərin həcmində artım baş verir. Burada banklar bir müddət sənəd üzərində problemli kreditlərin həcmini azalda bildilər. Belə ki, əksər banklar müştərilər üçün restruktrizasiya təkifləri etdilər. Restruktrizasiya olunan kreditlər müəyyən dövr üçün problemli kreditlər siyahısından çıxarıldı. Biznes subyekti ödəmə qabiliyyətini itiribsə, bu formada təklif edilən qrafik üzrə öhdəliklərini yerinə yetirə bilmir və yenə də həmin vəsait vaxtı keçmiş borclar siyahısına düşür. İkinci bir məsələ isə ondan ibarətdir ki, kredit portfelinin özü kiçilib. Son nəticədə bu, portfeldə problemli kreditlərin xüsusi çəkisini artırır. Sadalanan problemlər üzündən kredt faizləri aşağı düşmür, əksinə, qalxır”.

Vidadi ORDAHALLI 

Son xəbərlər