24/10/2017 06:12
728 x 90

Hökumət müşavirəsində Prezidentin sahibkarlara unikal çağırışı öz reaksiyasını gözləyir...

“Hesab edirəm ki, sahibkarlar regionlarda müxtəlif emal və istehsal müəssisələrinin yaradılmasına sərmayə cəlb edə bilərlər”

img

Vüqar Bayramov: “Yüngül sənaye məhsullarının istehsalı ilə bağlı sahibkarlar bir sıra təkliflərlə çıxış edə bilərlər”

 

Sənayeləşmə iqtisadiyyatda bu aparıcı sahənin xüsusi çəkisinin artırılması yolu ilə yeni mərhələyə sürətli sosial-iqtisadi keçid prosesidir. Bu proses xüsusilə metallurgiya, maşınqayırma, cihazqayırma, energetika kimi sənaye sahələrində yeni texnologiyaların inkişafı ilə əlaqədardır. Sənayeləşmə prosesi investisiyaları və iqtisadi inkişafı stimullaşdıraraq cəmiyyətin dünyaya baxışını dəyişdirir.

Prezident İlham Əliyev 9 ayın yekunlarına dair Nazirlər Kabinetinin iclasında çıxışı zamanı ölkədə sənaye zonalarının yaradılması üçün sahibkarları fəal olmağa çağırıb. Ölkə başçısı  çıxışında vurğulayıb ki, sahibkarlar bunun üçün təkliflər verməli, bazarın düzgün monitorinqini aparmalıdır: “Xüsusilə o sahələrə üstünlük verilməlidir ki, biz o sahələrdə hələ idxaldan asılıyıq. Yəni birinci növbədə idxal təhlil edilməli və idxalı əvəzləyən məhsulların istehsalı ilə bağlı təkliflər verilməlidir.Sənaye zonalarının yaradılması artıq reallaşır. Mən bu barədə bir neçə il bundan əvvəlki müşavirələrdə də demişdim ki, hər rayonda müasir sənaye zonaları yaradılmalıdır. Biz artıq buna da nail oluruq”.

Prezident onu da qeyd edib ki, idxalı əvəzləyən məhsulların istehsalı ilə yanaşı, ixrac məhsullarının istehsalına da önəm verilməlidir: “Bununla bərabər, əlbəttə ki, ixrac potensialı olan istehsalın yaradılması da diqqət mərkəzində olmalıdır. Yəni daxili tələbat və ixrac sənaye zonalarının əsas meyarları olmalıdır. Ona görə ixrac bazarları da düzgün təhlil edilməlidir ki, biz hansı məhsulla hansı bazara çıxa bilərik. Elə olmasın ki, belə zonalar yaradılsın, orada məhsul istehsal olunsun, sonra da onu sata bilməsinlər. Əlbəttə ki, sahibkarlar da bu işlərdə çox fəal iştirak etməlidirlər - həm bölgələrdə, həm də Bakıda yaşayan sahibkarlar”.

Bütün bu deyilənlərin fonunda, sahibkarlar sənaye zonalarının yaradılmasında nə etməlidirlər, hansı təkliflər verməlidirlər?

Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, sənaye zonalarının yaradılmasında yerli sahibkarların fəal iştirak etməsi vacibdir: “Çünki sənaye zonaları yaradarkən təkcə dövlət xətti ilə ayrılan vəsaitlər, xarici investorların sərmayələri yetərli deyil. Yerli investorların da bu sahəyə sərmayə qoymalarına ehtiyac var. Fərqli layihələrin maliyyələşdirilməsində yerli sahibkarlar təşəbbüslə çıxış etməlidirlər. Təsadüfi deyil ki, dövlət başçısı bununla bağlı çıxışında yerli sahibkarları fəal olmağa çağırdı. Eyni zamanda, dövlət qurumları qarşısında investisiya mühitinin daha da yaxşılaşdırılması tələbini qoydu. Hesab edirəm ki, sahibkarlar regionlarda müxtəlif emal və istehsal müəssisələrinin yaradılmasına sərmayə cəlb edə bilərlər. Söhbət tələbin yüksək olduğu sənaye məhsullarından gedir. Məsələn, yüngül sənaye məhsullarının istehsalı ilə bağlı sahibkarlar bir sıra təkliflərlə çıxış edə bilərlər. Çünki bununla bağlı bazar var. Həmçinin, xammal və işçi qüvvəsi var. Əsas odur ki, sahibkarlar bununla bağlı işi təşkil edə bilsinlər. Eyni zamanda, sahibkarlar tranzit xərclərinin ucuz olduğu, böyük xərc tələb etməyən sahələrin inkişafına diqqəti artırmalıdırlar. Hesab edirəm ki, bu kimi sahələrə vəsaitin cəlb edilməsi məqsədəuyğundur. Bu həm yerli istehlakın daxili istehsal hesabına ödənilməsi baxımından sərfəlidir, həm də idxaldan asılılığın mərhələli şəkildə aradan qaldırılmasına gətirib çıxaracaq”.

Vidadi ORDAHALLI 

Son xəbərlər