24/10/2017 06:11
728 x 90

38 aqropark Azərbaycan iqtisadiyyatı üçün nə deməkdir…

“Ölkənin kənd təsərrüfatının inkişafında aqroparkların böyük əhəmiyyəti var”

img

Zakir Əhmədov: “İstehsalçıların ixrac imkanları yüksələcək”

 

“Ölkəmizdə 38 aqroparkın yaradılması prosesi gedir”. Bu sözləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.

Onun fikrincə, aqroparkların ikisi artıq fəaliyyət göstərir: “Qalan aqroparklarda işlər gedir. Bu işlər tam nəzarət altındadır, mənə müntəzəm olaraq məlumat verilir. Hesab edirəm ki, bu aqroparkların uğurlu fəaliyyəti bizim bütün sahibkarların diqqətini cəlb edəcək. Bu həm sahibkarlar, həm dövlət, həm də bizim valyuta ehtiyatlarımızın artırılması üçün çox gəlirli sahədir”.

Məlumat üçün qeyd edək ki, aqrar sahə istər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan bütün ölkələrdə əhalinin gündəlik qida tələbatını ödəməsi, sənayeni xammalla təmin etməsi və sənaye məhsullarına tələb yaratması, ÜDM və ixracatda rolu baxımından daim digər sahələrdən üstün olub. Əhalinin sayı ilə kənd təsərrüfatına yararlı torpaqların inkişafı tərs mütənasib olduğundan, məhsuldarlığın artırılması məsələsi indiki vaxtda daha çox önəm kəsb etməyə başlayıb. Bu məsələni uğurla həll etmək üçün aqrar sahənin inkişafı və dayanıqlığının təmin edilməsi məsələsi bioloji, ekoloji, iqtisadi və sosial tərəfləri ilə birgə qiymətləndirilməlidir.

Azərbaycan da istər sahib olduğu məhsuldar torpaqlar, istər müxtəlif iqlim tiplərini özündə birləşdirən coğrafiyası kimi fiziki göstəricilər, istərsə də kənd təsərrüfatının ənənəvi sahə olması səbəbilə aqrar sahədə özünəməxsus yer tutmağa qadirdir. O baxımdan yaradılan aqroparklar ölkənin kənd təsərrüfatına olan tələbatını təmin etməklə yanaşı, məhsulun bir hissəsinin ixrac olunmasına da şərait yarada bilər. Maraqlıdır, ekspertlərin bundan gözləntiləri nədir?

Məsələyə münasibət bildirən ekspert Zakir Əhmədovun fikrincə, aqroparkların yaxşı qurulması kənd təsərrüfatı məhsulları istehsalı və ixracın artımında mühüm rol oynaya bilərr: “Ölkənin kənd təsərrüfatının inkişafında aqroparkların böyük əhəmiyyəti var. Bu sahənin inkişafında qarşıya qoyulan məqsədlərdən biri də aqroparkların yaradılmasıdır. Yeni biznes texnologiyasının tətbiqi baxımından da aqroparkların yaradılması əhəmiyyətli məsələdir. Aqroparklar günün tələbləri səviyyəsində qurularsa, kənd təsərrüfatında bir sıra məsələlərin həlli mümkün olacaq. Bu zaman istehsal artacaq. Eyni zamanda, məhsulun vaxtında emalı və istehlakçılara çatdırılması təmin ediləcək. Bununla yanaşı, istehsalçıların ixrac imkanları yüksələcək. Bütövlükdə isə, aqroparkların yaradılmasının qeyri-neft sektorunun inkişafında mühüm mərhələ olduğunu qeyd edə bilərik. Nəzərə almaq lazımdır ki, müasir aqroparklarda kənd təsərrüfatı texnikası və istehsalat texnoparkları aqroparkların bir bölümünü əhatə edir. Aqroparklar müasir tələblərə uyğun təşkil edildikdə onların içərisində həm əkin sahələri, heyvandarlıq, quşçuluq təsərrüfatları, ətçilik istehsal sahələri, anbarlar, məhsulların saxlanması üçün böyük soyuducu qurğular olmalıdır. Bütün bunların səmərəli fəaliyyət göstərməsi üçün aqroparklar müasir kənd təsərrüfatı parkları, istehsal, emal prosesində lazım olan avadanlıqlarla təchiz edilməlidir. Həmçinin aqroparklar lazım olan infrastrukturla əhatə olunmalıdır. Görünən odur ki, Azərbaycanda yaradılan aqroparklar bütün tələblərə cavab verəcək”.

Vidadi ORDAHALLI 

Son xəbərlər