24/10/2017 06:07
728 x 90

DGK sədri Aydın Əliyev kərə yağının bahalaşmasına münasibət bildirdi

img

Dövlət Gömrük Komitəsi (DGK) sədri Aydın Əliyev kərə yağının bahalaşmasına münasibət bildirib. "APA-Economics"in məlumatına görə, qurum rəhbəri bildirib ki, DGK-nin vəzifəsi ölkəyə idxal olunan və ölkədən ixrac olunan yüklərin rəsmiləşdirilməsindən ibarətdir: "Bugünkü reallıq ondan ibarətdir ki, kərə yağı dünya birjalarında bahalaşır. Bu da ölkəyə gətirilən məhsulun qiymətinə təsirsiz ötüşmür. Əsas idxalçı ölkələrdən biri də Yeni Zelandiyadır. Gömrük orqanlarının vəzifəsi ölkəyə gətirilən yükün rəsmiləşdirilməsindən ibarətdir".

Bundan öncə DGK-nin yaydığı məlumatda qeyd edilib ki, Azərbaycana idxal olunan yağ məhsullarının qiymətləri ilə əlaqədar komitə tərəfindən xarici ticarətin statistikasına və mal nomenklaturasına uyğun olaraq 9 ay ərzində ümumiləşdirilərək yağ məhsullarının bütün çeşidlərinin, eləcə də idxal olunan ölkələr (Almaniya, Yeni Zelandiya və daha yaxın məsafədə yerləşən qonşu ölkələr - Rusiya, Ukrayna, Belarus və s.) nəzərə alınaraq orta statistik qiyməti və digər məlumatlar verilib. Əlavə olaraq daha detallaşdırılmış yağ məhsulları çeşidləri daxilində kərə yağına gəldikdə isə bu məhsulun cari ilin sentyabr ayı üçün orta statistik qiyməti 5,20 ABŞ dolları təşkil edir.

Nəzərə almaq lazımdır ki, idxal əməliyyatları zamanı gömrük dəyəri gömrük orqanlarına təqdim edilən xarici ticarət müqavilələrində müəyyən olunan satış qiymətləri, göndərmə şərtləri əsasında formalaşır və müvafiq gömrük ödənişləri hesablanır. Gömrük ödənişləri ödənildikdən sonra məhsul sərbəst dövriyyəyə buraxılır.

"Bəzi aksiz vergiləri artırıla bilər"

"Vergi rüsumlarının artırılması ilə bağlı Dövlət Gömrük Komitəsinə hər hansı müraciət daxil olmayıb". Bunu da DGK sədri Aydın Əliyev bildirib.

Bununla yanaşı, qurum rəhbəri bildirib ki, bəzi aksiz vergilərinin artırılması gündəmdədir: "Hazırda bununla bağlı hökumətlə müzakirələr aparılır. Bilirsiniz ki, manatın devalvasiyasından sonra bugünkü mövcud vəziyyət həqiqətəuyğun deyil".

DGK sədri deyib ki, tütün məmulatları, spirtli içkilərə tətbiq olunan aksiz vergisi artırıla bilər: "Bilirsiniz ki, ölkəmizdə bu sahədə kifayət qədər müəssisələr fəaliyyət göstərir. Bizim əsas vəzifələrimizdən biri də daxili istehsalı qorumaqdır".

"Büdcə daxilolmaları ilə bağlı proqnoz artıqlaması ilə icra olunacaq"

Aydın Əliyev bildirib ki, Dövlət Gömrük Komitəsi 2017-ci il üçün dövlət büdcəsinə daxilolmalarla bağlı nəzərdə tutulmuş proqnoz tapşırığı tam icra edəcək.

"İndiyədək biz proqnoz tapşırığı artıqlaması ilə icra etmişik. Yaranmış vəziyyətə nəzər salanda aydın olur ki, tapşırığın icrasında bir problem olmayacaq. Proqnoz tapşırığı artıqlaması ilə icra olunacaq. Lakin konkret məbləğ demək çətindir. Bilirsiniz ki, bizim əsas vergitutma bazamız idxaldır. Bəzi məhsullar idxal rüsumundan azad olunduğuna, bəzilərinə güzəştlər tətbiq olunduğundan konkret bir rəqəm deməkdə çətinlik çəkirəm", - deyə qurum rəhbəri vurğulayıb.

Son xəbərlər