24/10/2017 06:04
728 x 90

İqtisadiyyatımıza qoyulmuş 8,3 milyard dollar sərmayə yenidən “geri qayıdacaq”…

img

Müslüm İbrahimov: “Yatırılan investisiyalardan əldə olunan vəsait iqtisadiyyata gəlir kimi qayıdacaq”
Natiq Cəfərli: “Bu il investisiya layihələrinin əsas hədəfi enerji sektoru oldu”

 

“Azərbaycan dünya miqyasında iqtisadi cəhətdən 35 ən rəqabətqabiliyyətli ölkə sırasındadır. Bu böyük uğurumuzdur, tarixi nailiyyətdir. Onu da qeyd etməliyəm ki, biz MDB məkanında liderliyi saxlayırıq, qoruyuruq. Bu, əslində, bizim iqtisadi siyasətimizin uğurlarının dünyanın ən mötəbər iqtisadi forumu olan Davos Forumu tərəfindən qiymətləndirilməsi deməkdir.

Biz onsuz da bilirdik ki, düzgün yoldayıq. Bizim iqtisadi siyasətimiz real həyatda öz əksini tapır. Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik, xalq-iqtidar birliyi iqtisadi sahədə də həm investisiyaların cəlb edilməsini, həm yerli investorların investisiyaları ölkəmizə həvəslə yatırmalarını təmin etmişdir. Həm xarici investorlar, həm də yerli sahibkarlar tərəfindən ölkəmizin gələcəyinə çox böyük inam var və bu inam əsaslıdır. Təsadüfi deyil ki, bu ilin doqquz ayında ölkə iqtisadiyyatına 8,3 milyard dollar sərmayə qoyulub. Onun böyük hissəsi xarici sərmayədir”.

İlham Əliyev onu da deyib ki, ilin sonuna qədər qalan işlər də görüləcək: “Əminəm ki, gələn il daha da yaxşı iqtisadi göstəricilərimiz olacaq. Bu ilin göstəriciləri də çox müsbətdir. İlin doqquz ayının yekunları göstərir ki, istər beynəlxalq sahədə, istər daxili siyasətlə, iqtisadi siyasətlə bağlı bütün istiqamətlər üzrə çox gözəl nəticələr var. Bu bir daha bizim düzgün yolda olmağımızı göstərir”.

İlin doqquz ayında ölkə iqtisadiyyatına 8,3 milyard sərmayə qoyulması barədə fikir bildirən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat kafedrasının müdiri, iqtisad elmləri doktoru, iqtisadçı- ekspert Müslüm İbrahimov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, yatırılan investisiyalardan əldə olunan vəsait iqtisadiyyata gəlir kimi qayıdacaq. Həmsöhbətimizin sözlərinə görə, bu gün Azərbaycanın neft sahəsinin inkişafına dəstək məqsədilə yatırımlar edilir: “Ümumiyyətlə, Azərbaycan iqtisadi istehsal strukturunun dəyişdirilməsinə investisiya yatırılır. Hazırda iqtisadiyyatın elə sahələrinə yatırım etmək lazımdır ki, iqtisadi istehsal sahəsində dəyişiklik qeydə alınsın. İnvestisiyaların artması üçün yatırılan depozitlərdən əldə olunan gəlir yenidən o sahənin inkişafına yönəlməlidir”. 

İqtisadçı Natiq Cəfərli bizimlə söhbətində qeyd etdi ki, bu il investisiya layihələrinin əsas hədəfi enerji sektoru oldu: “Bəllidir ki, Azərbaycan iki böyük layihənin ən əsas iştirakçısıdır. Söhbət “Cənub Qaz Dəhlizi” və sentyabr ayında BP ilə növbəti illər ərzində “Əsrin müqaviləsi”nin uzadılmasından gedir. Bu iki layihə çərçivəsində Azərbaycanda investisiyaların artımı müşahidə olundu. Əsas bu iki sahədə depozit yatırımı qeydə alınıb. Qeyri-neft sektoruna qoyulan sərmayənin həcmində təəssüf ki, ötən illərə nisbətən azalma müşahidə olunur. Azalma əsasən təmir-tikinti layihələrində qeydə alınıb. Ancaq buna baxmayaraq, bu ilin ikinci yarısından başlayaraq Prezidentin ehtiyat fondundan regionlarda kiçik layihələrin maliyyələşməsi sürətlə artdı. Bu da ümumi investisiyaların artmasında mühum rol oynadı”.

Günel CƏLİLOVA

Son xəbərlər