24/10/2017 06:11
728 x 90

Qeyri-rəsmi işçi işlədən sahibkarlara qarşı hüquqi müstəvidə yeni mübarizə başlayır

“Hesab edirəm ki, əmək bazarı öyrənilməli, göstəriciləri dəqiqləşdirilməlidir”

img

Sahib Məmmədov: “Ondan sonra sözügedən tədbirlər planı ciddi effekt verə bilər”

 

Məlumdur ki, bu günlərdə Prezident İlham Əliyev “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı” təsdiq edilir.

Sərəncamda məqsəd ölkədə işəgötürən–işçi münasibətlərinin rəsmiləşdirilməsi, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və bu sahədə dövlət orqanları arasında daha səmərəli koordinasiya olunmuş siyasətin həyata keçirilməsidir.

Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasına bu sərəncamla təsdiq edilmiş Tədbirlər Planının icrasını əlaqələndirmək və icranın gedişi barədə hər yarımildə bir dəfə Azərbaycan Prezidentinə məlumat vermək; bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ümumilikdə, “Qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın təsdiq olunması bu sahədə mövcud olan problemlərin həllinə necə təsir göstərə bilər?

Məsələyə münasibət bildirən Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəru Sahib Məmmədovun sözlərinə görə, effektiv nəticə əldə etmək üçün müvafiq qurumlar əmək bazarını düzgün öyrənməlidirlər: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birinci növbədə bununla bağlı məlumtları düz tərtib etməlidir. Bu başlıca faktorlardan biridir. Çünki həm işsizlik, həm də məşğulluq göstəriciləri ilə bağlı problemlər var. Bununla bağlı say dəqiq deyil. Ona görə də bütün bunlar öz həllini tapmalıdır. Hesab edirəm ki, əmək bazarı öyrənilməli, göstəriciləri dəqiqləşdirilməlidir. Əmək bazarında nə baş verməsi, daimi, mövsümi iş yerlərinin sayı göstərilməlidir. Eyni zamanda, real məşğul olanların statistikası aparılmalıdır. Ondan sonra sözügedən tədbirlər planı ciddi effekt verə bilər. Nəticədə qeyri-rəsmi məşğulluğun qarşısı əsaslı şəkildə alına bilər. O üzdən, sözügedən tədbirlərin görülməsi vacibdir”.

Belə görünür ki, işçiləri rəsmiləşdirmədən və müvafiq sığorta orqanında qeydiyyatdan keçirmədən işlədən sahibkarlar, işəgötürənlər bundan sonra öz fəaliyyətlərində ciddi dönüş yaratmalıdırlar.

Vidadi ORDAHALLI 

Son xəbərlər