24/10/2017 06:13
728 x 90

Prezident yol xəritələrinin icrasında bəzi gecikmələrdən danışanda nəyi nəzərdə tutdu?

“Kommunikasiya məsələləri üzrə strategiyada işlərin görülmə səviyyəsi çox aşağıdır”

img

Rəşad Həsənov: “Bilərəkdən prosesə maneçilik yaradan qurumlarla bağlı müəyyən tədbirlər görülməlidir”

 

“Monitorinq göstərir ki, bəzi hallarda nəzərdə tutulan tədbirlərin icrası gecikir”. Bu barədə Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yekun nitqində bildirib.

Ölkə başçısı strateji yol xəritələrinin icrası ilə bağlı monitorinq aparıldığını vurğulayıb: “Monitorinqin nəticələri mənə məruzə edildi. Monitorinq göstərir ki, bəzi hallarda nəzərdə tutulan tədbirlərin icrası gecikir. Buna yol vermək olmaz. Bütün dövlət qurumları qarşısında vəzifə qoyulmuşdur. Hər bir dövlət qurumu bilir nə etməlidir. Ona görə bəzi qurumlarda strateji yol xəritələrinin icrası 50 faizdir, 70 faizdir, bəzi qurumlarda isə 10 faizdir, 15 faizdir. Bunun izahatı tələb olunmalıdır”. Prezident onu da bildirib ki, gecikməyə yol verən qurumların tezliklə işlərində dönüş yaratmaları barədə göstəriş verib: “Bütövlükdə strateji yol xəritələrinin qəbulu və elan edilməsi çox ciddi islahatdır - 164 prioritet və 683 tədbir nəzərdə tutulmuşdur. Onların hamısı 2020-ci ilə qədər öz həllini tapmalıdır. Ona görə bu məsələ ilə bağlı monitorinqin nəticələri təhlil olunmalı və burada qüsurlara yol verən qurumlar tezliklə düzəlişlər etməlidirlər. Mənə mütəmadi olaraq məlumat veriləcək. Yubanma aradan qaldırılmalıdır. Aidiyyəti dövlət qurumları nəticə çıxarsınlar”.

Maraqlıdır, strateji yol xəritələrinin icrası zamanı hansı sahələrdə geriləmə var və bunu necə aradan qaldırmaq olar? Bununla bağlı ekspertlər nə təklif edir?

Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, elə sahələr var ki, orada işlərin çox az hissəsi görülüb: “Sözügedən monitorinqlərdən məlum olur ki, iki istiqamət üzrə işlər daha yaxşı icra olunub. Bunlardan birincisi milli iqtisadiyyatın perspektivləri üzrə, ikincisi uyğun qiymətə mənzil strategiyası üzrə işlər daha yaxşı gedir. Belə ki, birincidə işlərin 62 faizi, ikincidə isə işlərin 50 faizi icra olunub. Digərlərində isə daha aşağı göstəricilər qeydə alınıb. Məsələ ondadır ki, kommunikasiya məsələləri üzrə strategiyada işlərin görülmə səviyyəsi çox aşağıdır. Həmçinin, kiçik və orta sahibkarlıq hesabına istehlak məhsullarının istehsalı üzrə strategiyada nəzərdə tutulan işlərin 30 faizindən azı icra olunub. Bənzər vəziyyət kənd təsərrüfatı məhsullarının istehsalında da özünü göstərir. Hətta bəzi qurumlar var ki, onların öhdəlikləri icraetmə səviyyələri 0 faizlə qiymətləndirilir. Sözügedən qurumların da adı məlumdur. Həmin qurumlara izah olunmalıdır ki, artıq bu strategiyaları digərlərindən fərqləndirən məqamlar var. Bu məqamlar ondan ibarətdir ki, bu strategiyaların icra olunmasında hökumət qərarlıdır. Digər bir tərəfdən, əsas məqam odur ki, strategiyaların hər birində konkret hədəflər, fəaliyyətlər və ölçü meyarları müəyyənləşdirilib. Bu da monitorinqlərin həyata keçirilməsinə şərait yaradır. Eyni zamanda, dövlət qurumlarının da bu istiqamətdə performansının ölçülməsini mümkün edir. Ona görə də həmin qurumlar buna daha məsuliyyətlə yanaşmalıdırlar. Başqa bir tərəfdən, sözügedən işdə koordinasiya məsələləri təşkil olunmalıdır. Çünki bəzi hallarda müşahidə edirik ki, strateji yol xəritələrində nəzərdə tutulan fəaliyyətlərin icrasını qurumlar bir-birinin üzərinə atır. Hansı ki, orada qurumlar üzrə konkret fəaliyyətlər müəyyənləşdirilib və iştirakçı dövlət qurumlarının öhdəlikləri də göstərilib. Buna baxmayaraq, bəzi qurumlar buna əməl etmir. Hesab edirəm ki, bu kimi məqamlara xüsusi diqqət etmək lazımdır. Ən nəhayət, elə məsələlər var ki, müvafiq qurumların maraq dairəsinə daxil deyil. Yaxud da hansısa formada onların fəaliyyətlərinə müəyyən maneələrin yaranmasına gətirib çıxarır. Ona görə də prosesi sabotaj etməyə çalışırlar. Fikrimcə, bu kimi məqamlar da tez bir zamanda üzə çıxarılmalıdır. Ən başlıcası, bilərəkdən prosesə maneçilik yaradan qurumlarla bağlı müəyyən tədbirlər görülməlidir”.

Vidadi ORDAHALLI 

Son xəbərlər