24/10/2017 06:10
728 x 90

Prezident Əliyevin səsləndirdiyi rəqəmlərin arxasındakı sosial-iqtisadi mətləblər...

img

Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev tərəfindən səsləndirilən rəqəmlər 2017-ci ildə çox böyük iqtisadi uğurların əldə edildiyini göstərir.

Bunu “Trend”ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, bu ilin tarixə iqtisadi islahatlar ili kimi düşməsi 2014 və 2015-ci illərdə Azərbaycan Prezidenti tərəfindən qlobal iqtisadiyyatda baş vermiş kataklizmlərlə bağlı çevik və effektiv iqtisadi siyasət strategiyasının müəyyənləşdirilməsi ilə bağlıdır: “Əgər 2015 və 2016-cı illərdə ölkəmizdə strateji iqtisadi islahatlar kursu müəyyənləşdirilməsəydi, qanunvericilik və institusional sahələrdə islahatlar aparılmasaydı, bugünkü uğurlardan da danışmaq olmazdı. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanın valyuta ehtiyatları, ölkəmizin iqtisadi və siyasi müstəqilliyini şərtləndirən strateji vasitədir. Çünki ölkənin valyuta ehtiyatları yoxdursa, dərhal ən müxtəlif beynəlxalq maliyyə institutları ilkin növbədə bir qədər cəlbedici, sonrakı mərhələdə isə ağır şərtlərlə borc verməklə dövlətləri kredit və borclarla yükləyirlər. Bununla da yenidən iqtisadiyyatı dirçəltmək üçün məşəqqətli bir yol keçmək lazım gəlir. Məhz bu məsələnin həssaslığını və hazırki mərhələdə Azərbaycan üçün bunun nə dərəcədə təhlükəli olduğunu nəzərə alan dövlət başçısı valyuta ehtiyatlarımızın artdığını vurğuladı. Qeyd olundu ki, bu gün Azərbaycanın 42 milyarddan çox valyuta ehtiyatı var və təkcə 2017-ci ilin əvvəlindən valyuta ehtiyatlarımız 4,5 milyard artıb”.

H.Babaoğlu bildirib ki, müharibə vəziyyətində olan bir ölkə üçün valyuta ehtiyatlarının qorunması başlıca strateji məsələdir: “Biz bilirik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli, o cümlədən Azərbaycanın ərazi bütövlüyü məsələsində ölkəmizə çoxsaylı beynəlxalq təzyiqlər edilir. Ona görə də həyata keçirilən çevik, iqtisadi-siyasi islahatlar hazırki mürəkkəb iqtisadi mərhələdə Azərbaycanın siyasi və iqtisadi müstəqilliyini təmin edir. Azərbaycanın beynəlxalq nüfuzunun gündən-günə artdığını deyən Prezident İlham Əliyev bildirdi ki, 2017-ci ilin 9 ayında ölkə başçısı kimi 14 xarici ölkəyə səfər edib. Eyni zamanda, 10 ölkənin dövlət və hökümət başçısı Azərbaycana səfər edib. Və ilin sonuna kimi qarşılıqlı səfərlər davam edəcək. Bu isə Azərbaycanın dünya dövlətləri ilə, beynəlxalq təşkilatlarla münasibətlərinin ikitərəfli və çoxtərəfli qaydada inkişaf etdiyinin göstəricisidir”.

Ötən 8 ayın iqtisadi inkişaf göstəriciləri onu deməyə əsas verir ki, Azərbaycan iqtisadiyyatının inkişaf istiqamətləri düzgün müəyyən edilib.

Bunu isə agentliyə Milli Məclisin deputatı Aydın Hüseynov Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin iqtisadi inkişafla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

A.Hüseynov bildirib ki, dünyada neftin qiyməti aşağı düşəndə belə fikir səslənirdi ki, Azərbaycan iqtisadiyyatının böhran dövrü başlayacaq, valyuta ehtiyatları xərclənəcək və bununla da iqtisadiyyat iflas olacaq: “Ancaq bunun tamamilə əksini gördük, çünki Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə ölkənin strateji yol xəritəsi müəyyənləşdirildi, ölkədə vacib islahatlar aparıldı, maliyyə və bank sistemində sağlamlaşdırma prosesləri həyata keçirildi. Ən başlıcası, qeyri-neft sektorunun inkişaf etdirilməsi, ixracyönlü, rəqabətqabiliyyətli məhsulların istehsal olunması, sahibkarlığın, turizmin, kənd təsərrüfatının və qeyri-neft sektorunun digər sahələrinin inkişaf etdirilməsi istiqamətində ciddi addımlar atıldı. İqtisadiyyatın saxələndirilməsi ilə bağlı çox önəmli işlər görüldü. Artıq biz görürük ki, Azərbaycan iqtisadiyyatı özünün inkişaf mərhələsini yaşayır. Təsadüfi deyil ki, ölkənin strateji valyuta ehtiyatları bu ilin 9 ayı ərzində 4,5 milyard dollar artaraq 42 milyard dollara çatıb”.

Deputat əlavə edib ki, bütün bunlar göstərir ki, ölkə iqtisadiyyatının inkişaf istiqamətləri düzgün formalaşıb və bu bizim iqtisadi nüfuzumuzu və qüdrətimizi daha da artıracaq.

"Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasəti Azərbaycana hər gün yeni-yeni nailiyyətlər qazandırır. Biz bunu daxili və xarici siyasət sahəsində, eləcə də sosial və mədəniyyət sektorlarında müşahidə edirik. Əlbəttə ki, daha çox diqqət cəlb edən sahə də məhz iqtisadiyyatdır"- deyən Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva bildirib ki, ötən ildən başlayaraq qlobal böhranın təsirlərini minimuma endirmək və ölkəmizi yenidən dinamik inkişaf mərhələsinə çatdırmaq üçün reallaşdırılan islahatlar artıq öz bəhrəsini verir: “Belə ki, bu ilin son 9 ayının yekunlarına görə, qeyri-neft iqtisadiyyatımız 2,5 faiz, eləcə də qeyri-neft sənayesi 3,1 faiz və kənd təsərrüfatı 2,8 faiz artıb. Bununla yanaşı, xarici ticarət dövriyyəsi 7 faiz artıb, xarici ticarətin müsbət saldosu isə 4,4 milyard dollara bərabər olub. Hətta dünya bazarlarında neftin qiymətinin hələ də aşağı səviyyədə olmasına baxmayaraq, Azərbaycanın valyuta ehtiyatları 4,5 milyard dollar artaraq 42 milyard dollara çatıb. Ötən müddət ərzində yeni istehsal müəssisələrinin yaradılması, aqroparkların və sənaye məhəllələrinin işə salınması nəticəsində yeni iş yerlərinin yaradılması prosesi də uğurla gedib. Elə bu səbəbdəndir ki, son 9 ay ərzində 226 min yeni iş yeri yaradılıb, onlardan 171 mini isə daimidir. Göründüyü kimi, son 9 ayın yekunları Azərbaycanın uğurla inkişaf etdiyini sübut edir”.

Deputat qeyd edib ki, ölkəmizin tərəqqisi davamlı, dinamik və hərtərəfli xarakter alıb: "Əldə olunan nailiyyətlər bir daha əminlik yaradır ki, Azərbaycan 2017-ci ili də uğurla başa vuracaq".

Xəbər xidməti

Son xəbərlər