20/09/2017 18:51
728 x 90

26 turizm zonası…

“Azərbaycanda turizm zonaları yaradılandan sonra turistlərin bölgə turizminə marağı daha da artacaq”

img

Bahadur Bilalov: “Strateji Yol Xəritəsində qeyd olunanlar zamanla öz həllini tapandan sonra turizm sektoru arzuolunan səviyyədə öz yerini alacaq”

 

Azərbaycanda Lənkəran, Masallı, Cəlilabad, Lerik, Yardımlı, Biləsuvar, Astara, Qazax, Samux, Şəmkir, Goranboy, Gədəbəy, Daşkəsən, Ağstafa, Naftalan, Göygöl, Tovuz, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayon və şəhərlərində yeni turizm və rekreasiya zonalarının yaradılması məqsədilə iş aparılır.

Bu barədə “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında deyilir. Hesabatda qeyd edilib ki, “Xızı-Xaçmaz, Quba və Qusar turizm və rekreasiya zonalarının 2017-2018-ci illər üzrə Fəaliyyət Planı” hazırlanıb və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə təsdiq edilib. Qusar turizm və rekreasiya zonasının idarəetmə strukturu yaradılıb. Hazırda zonanın baş inkişaf planlarının hazırlanması üzrə işlər aparılır.

Hesabatda bildirilib ki, turizm və rekreasiya zonalarının baş planlarının hazırlanması məqsədilə aidiyyəti qurumlardan strateji planların və digər zəruri sənədlərin əldə edilməsində çətinliklər mövcuddur ki, bu da işlərin gecikməsi ilə nəticələnir.

Ekspertlərin fikrincə,  Azərbaycanın 26 turizm zonasının yaradılması gələcəkdə bu sahənin daha da inkişaf etməsinə səbəb olacaq.

Turizm sahəsi üzrə ekspert Bahadur Bilalov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, 26 turizm zonasının yaradılması ölkə turizminin inkişafına təkan verəcək amillərdir: “Ötən il Strateji Yol Xəritəsi qəbul olundu. Strateji Yol Xəritəsinin həyata keçirilməsi üçün tədbirlər planı hazırlandı. Həmin plana əsasən, müxətlif turizm zonaları yaradılmalıdır. 26 turizm zonası yaradılandan sonra turistlərin ölkəmizə marağı daha da artacaq.

Dünya praktikasında turizm zonaları infrastruktura görə müəyyən olunur. Azərbaycanda turizm zonaları yaradılandan sonra turistlərin bölgə turizminə marağı artacaq”.

Həmsöhbətimizin sözlərinə görə, turizm zonaları yaradılandan sonra turistlərə xidmət səviyyəsinin daha da yüksək olması nəzərdə tutulur: “Həmçinin, Strateji Yol Xəritəsi ilə bağlı kadr hazırlığı nəzərdə tutulur. Azərbaycan Turizm Menecment Universitetinin 5 ayrı-ayrı bölgələrdə peşə məktəbinin yaradılması nəzərdə tutulur. Bu gün əsas məqsədimiz ölkənin infrastrukturunun istənilən səviyyəyə çatması, maddi-texniki baza və kadr hazırlığının formalaşmasıdır. Bu gün turizm sahəsində daha çox xidmət sahəsi tənqid olunur. Strateji Yol Xəritəsində qeyd olunanlar zamanla öz həllini tapandan sonra turizm sektoru arzuolunan səviyyədə öz yerini alacaq”.

Günel CƏLİLOVA

Son xəbərlər