23/11/2017 00:32
728 x 90

Azərbaycanla vizasız rejim ölkələrinin sayı artırılacaqmı?

“Bu dəstək sayəsində Azərbaycan turizmi dünya arenasında öz yerini tuta bilər”

img

Çingiz İsmayılov: “Servis və qiymət məsələsi qonşu ölkələrlə müqayisədə rəqabətə davamlı olarsa, biz istədiyimiz nəticələri əldə edə bilərik”

 

Azərbaycana vizasız gəliş imkanları verilən ölkələrin sayı artırıla bilər. Hazırda Xarici İşlər Nazirliyi ilə Mədəniyyət və Turizm Nazirliyi arasında Azərbaycana vizasız gediş-gəliş imkanları verilən ölkələrin sayının artırılması, elektron vizanın daxil edildiyi ölkələrin siyahısının genişləndirilməsi istiqamətində danışıqlar aparılır.

"Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında qeyd edilib ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə aidiyyəti qurumlara sərhəddən sürətli keçidin təmin edilməsi məqsədilə turistlər və yerli vətəndaşlar üçün dövlət sərhədinin buraxılış məntəqələrində əlavə keçidlərin quraşdırılması, sərhəddə sıxlığın yollarda quraşdırılmış interaktiv lövhələr vasitəsilə turistlərə əvvəlcədən bildirilməsi, müvafiq dövlət qurumlarının əməkdaşlarına turistlərlə davranış qaydaları ilə bağlı maarifləndirici təlimlərin keçirilməsi və digər istiqamətlərdə bir sıra tapşırıqlar verilib.

Hesabatda əlavə edilib ki, "Sərhədkeçmə prosedurlarının sadələşdirilməsi və turistlər üçün viza verilməsi prosedurlarının asanlaşdırılması" üzrə işçi qrup yaradılıb.

Turist axınlarının stabilləşdirilməsi, intensivləşdirilməsi və diversifikasiyası məqsədilə 39 ölkə üzrə vizasız, 10 ölkə ilə hava limanlarında viza rejimi tətbiq ediləcək və elektron viza veriləcək ölkələrin siyahısına 35 ölkənin əlavə edilməsi ilə bağlı müvafiq təkliflər aidiyyəti qurumlara təqdim olunub.

Azərbaycana vizasız gəliş imkanları verilən ölkələrin sayının artırılması kütləvi turist axınına səbəb olacaq.

Turizm sahəsi üzrə ekspert Çingiz İsmayılov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, turizmin inkişafı ilə bağlı qəbul olunan hər bir qərar bu sahədə təkan rolunu oynayacaq. O cümlədən vizaların sadələşdirilməsi, bəzi ölkələrlə viza prosedurunun ləğv olunması turizm sektotuna müsbət təsir edəcək: “Ancaq bununla yanaşı, bəzi məsələləri də qeyd etmək lazımdır. Servis və qiymət məsələsi qonşu ölkələrlə müqayisədə rəqabətə davamlı olarsa, biz istədiyimiz nəticələri əldə edə bilərik. Qiymət qonşu ölkələrlə müqayisədə yüksək olsa, servis lazımi səviyyədə olmasa, görülən işlər istənilən nəticəni verməyəcək”.

Həmsöhbətimiz hesab edir ki, dövlətin turizmə dəstəyi çox vacibdir: “Bu dəstək sayəsində Azərbaycan turizmi dünya arenasında öz yerini tuta bilər. Ancaq təkrar edirəm ki, rəqabətə davamlılıq olduqca vacibdir. Qonşu ölkələrin turizmi ilə qiymət və servis xidməti müqayisə olunmalıdır. O zaman yerli turistlər belə qonşu ölkələrə bu həcmdə maraq göstərməyəcək. Həmçinin, xarici turistlər də Azərbaycan turizminin qiymət və xidmət səviyyəsindən xəbərdar olandan sonra ölkəmizə üz tutacaq”.

Günel CƏLİLOVA

Son xəbərlər