20/09/2017 18:49
728 x 90

Əsrin yeni neft kontraktında Azərbaycanın iki dəfə artıq payı nə deməkdir...

“Təbii ki, hər bir tərəf payının artıq olmasını istəyər”

img

İlham Şaban:  “Çoxlu pay çoxlu pul deməkdir”

 

Dünya neft birjalarında baş verənlər bu məhsulun qiymətinin yaxın tezlikdə daha da artacağını göstərir. Hazırda baş verənlər Azərbaycan tərəfindən də xüsusi diqqətlə izlənir. Çünki Azərbaycan neftlə bağlı növbəti mühüm addım atmağa hazırlaşır.

Belə bir vaxtda bəlli olub ki, SOCAR BP ilə imzalayacağı yeni müqavilədə “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsindəki iştirak payını artırmaq istəyir. Məsələ ilə bağlı “Reuters” agentliyinin iki mənbədən aldığı məlumata görə, SOCAR-ın BP ilə imzalayacağı yeni müqavilədə “Azəri-Çıraq-Günəşli”  layihəsindəki payının artırılması gözlənir. Mənbə bununla bağlı bildirib: “İlk məlumatlara görə, SOCAR digər şirkətlərin paylarının azalması bahasına payını artıracaq”. SOCAR-ın yeni müqavilə üzrə payının 11,6 faizdən 20 faizə çatdıracağı, BP-nin payının isə 35,8 faizdən 30 faizə düşəcəyi bildirilir.

Xatırladaq ki, ötən il dekabrın 23-də SOCAR və BP-nin əməliyyatçısı olduğu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yatağının gələcək işlənməsi üçün niyyət məktubu imzalayıb. Bu razılaşma “Azəri-Çıraq-Günəşli”  yatağının 2050-ci ilədək işlənməsini və əsrin ortalarınadək əhəmiyyətli həcmdə ehtiyatların işlənməsi potensialını əhatə edəcək. Yeni müqavilədə Azərbaycanın payının artırılması ölkəmizin neft satışından daha çox gəlir əldə etməsini şərtləndirəcək.

Azərbaycanın yeni müqavilədə payını artırması bizim üçün əlavə nələr vəd edir?

Neft məsələləri üzrə ekspert İlham Şaban qəzetimizə açıqlamasında bildirdi ki, belə bir müqavilənin imzalanması  iki gündən sonra baş tutacaq: “Məndə olan məlumata görə, bu tip iqtisadi müqavilələrdə tərəflərin üzərinə götürdüyü ən mühüm şərtlərdən biri də məxfiçiliklə bağlıdır. Tərəflər müqavilədə əks olunan şərtlərin heç yerə sızdırılmayacağına dair öhdəlik götürür. Belə bir məlumatın yayılması isə çox maraqlıdır. Özü də bu məlumatın dünyanın nüfuzlu bir agentliyi tərəfindən dövriyyəyə buraxılması səhihliyə şübhə yeri qoymur. Məlumatın necə sızması, doğru və yalan olması ilə bağlı məqamı isə tez bir vaxtda biləcəyik.  Azərbaycanın payının artırılmasının mümkün təsiri ilə bağlı isə məsələ bəllidir. Təbii ki, hər bir tərəf  payının artıq olmasını istəyər. Çoxlu pay çoxlu pul deməkdir. Bir sözlə, yeni müqavilədə Azərbaycanın payının artırılması ölkəmizin neft satışından daha çox gəlir əldə etməsini şərtləndirəcək”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər