23/11/2017 00:31
728 x 90

Dollar və avro ilə bağlı son proseslər Azərbaycanın xeyrinə işləməyə başlayıb…

Avro Azərbaycana daha çox vəsait qazandıracaq

img

Dünya maliyyə bazarlarında baş verənlər Azərbaycanın valyuta ehtiyatlarından daha çox gəlir əldə etməsi ilə nəticələnə bilər. Söhbət avronun məzənnəsinin sürətlə yüksəlməsindən gedir. Azərbaycanın valyuta ehtiyatlarının tərkibində avronun payının 40 faizdən çox olması nəzərə alınarsa, belə vəziyyət ölkəyə əlavə qazanc gəlməsi deməkdir. İndilikdə isə avro sürətlə bahalaşır və bu proses Azərbaycanda da özünü qabarıq büruzə verir.

Avropa valyutasının alışı hazırda 2 manatdan da yuxarıdır. Bazar  alverçilərinin sözlərinə görə, son bir neçə gündə hətta “qara bazar”da belə avroya tələbat kəskin artıb. Bildirilir ki, əvvəl gündə 1-2 nəfər avro üçün müraciət edirdisə, indi hər 7-8 nəfər avro almaq istəyir. Bundan əlavə, adi qaydada bir nəfər 100-200 avro üçün müraciət edirdisə, indi bu rəqəm 1500-2000 avroya qədər yüksəlib. O da maraqlıdır ki, avro almaq istəyənlər artsa da, satmaq istəyən çox azdır. Qarşıdakı günlərdə avronun məzənənəsinin daha sürətlə artması gözlənir. Bu hal təkcə Azərbaycanda yox, bütün dünyada müşahidə olunacaq. Almaniyanın nüfuzlu "Deutsche Bank"ı bildirir ki, bunun əsas səbəblərindən biri ABŞ-da baş verənlərlə bağlı olacaq. Belə ki, ABŞ Federal Ehtiyatlar Sistemi (FES) bir neçə ay ərzində yenidən uçot dərəcəsini 0%-ə endirə və monetar ekspansiyaya başlaya bilər.  Qeyd edək ki, hazırda ABŞ-da uçot dərəcəsi 1,25%-ə bərabərdir. 2008-ci ilin dekabr ayında başlayan monetar ekspansiya proqramı isə 4 mərhələ şəklində davam edib və 2014-cü ilin fevralında tamamlanıb. Nəticədə FES öz balansında 4,5 trilyon dollardan çox istiqraz toplayıb. Amma "Deutsche Bank"a görə, ABŞ-da iflas təhlükəsi hazırda son 10 ilin maksimal səviyyəsinə yüksəlib. Bank bildirib ki, ABŞ iqtisadiyyatı hələ "Harvey" və "İrma" qasırğasından əvvəl durğunluq mərhələsinə qədəm qoyub: "İşsizliyin azalmasına baxmayaraq, baza inflyasiya artmır, amma iş saatının müddəti yüksəlir. Bu da iflas riskinin artdığını göstərir. Kommersiya və sənaye sektorunda kreditləşmə göstəricisində artım iyul ayında 13%-dən 1,6%-ə geriləyib. Bu da resessiyanın yaxınlaşdığını göstərir". Belə vəziyyətdə dolların daha sürətlə dəyərdən düşməsi qaçılmaz sayılır. Artıq avro psixoloji, yəni 1 dollar 20 sent həddini keçib.

Azərbaycanda da bu durumda maliyyə bazarlarında vəziyytəin dəyişməsi gözlənir. Avronun daha da bahalaşması, dolların isə əksinə, ucuzlaşması gözlənir. Bu halda Avropadan Azərbaycana gələn məhsulların qiymətində yeni artımlar gözlənir. Amma əvəzində Azərbaycandan Avropaya ixrac daha səmərəli hala gələcək. Iqtisadçı Vüqar Bayarmov bununla bağlı bildirir:  "Bütövlükdə Avropa pulunun məzənnəsinin dəyişməsi tendensiyasına diqqət yetirsək, avro yay aylarında möhkəmlənməyə başladı. Bu kontekstdən, xüsusən mayın 11-i ilə sentyabrın 11-ni müqayisə etsək, avro manata nisbətən təxminən 10 faiz möhkəmlənib. Bu o deməkdir ki, avro saxlayanlar maddi fəaliyyətində hər 1000 avroda 10 faiz gəlir əldə edib. Avronun möhkəmlənməsi manatın dollara nisbətən kursuna təsir göstərmir. Çünki manatın dollara nisbətən kursunu birbaşa tələb müəyyənləşdirdiyi üçün avronun məzənnəsinin dəyişməsi dolların manata kursuna təsir göstərmir, sadəcə bu, birbaşa avronun manata nisbətən möhkəmlənməsinə gətirib çıxarır".

Ekspert vurğulayır ki,  avronun gələcək məzənnəsi ilə bağlı hazırda iki versiya var: "Bildiyiniz kimi, Avropa Mərkəzi Bankı gələn ay yenidən toplantı keçirəcək. Avropa Mərkəzi Bankı tərəfindən səhmlərin yerləşdirilməsi prosesi 2017-ci ilin sonunda başa çatır və artıq növbəti illərdə uçot dərəcəsi ilə bağlı qərar veriləcək. Bu, birbaşa avronun məzənnəsinə təsir göstərəcək. Birinci proqnoz ondan ibarətdir ki, dolların ucuzlaşması fonunda avronun növbəti dövrlərdə möhkəmlənməsi davam edə bilər. Avronun məzənnəsinin dəyişməsi, Avropa Mərkəzi Bankının qəbul edəcəyi qərarla yanaşı, dolların mövqeyi ilə də bağlı olacaq. Bildiyiniz kimi, dolların mövqeyində yumşalmalar var. Xüsusən də son aylar dollar aparıcı valyutalara nisbətən dəyər itirir. Ağ Ev dolların ucuzlaşması prosesində marağını davam etdirərsə, bu, nəticə etibarilə avronun möhkəmlənməsinə gətirib çıxaracaq. Ancaq kəskin möhkəmlənmə, yəni əvvəlki illərdə olan məzənnəyə qayıdış nəzərdə tutulmur. Nəzərə alaq ki, bir müddət avronun məzənnəsi kifayət qədər yüksək idi.

İkincisi, oktyabrda Avropa Mərkəzi Bankının uçot dərəcəsi, eləcə də yeni bondların yerləşdirilməsi ilə bağlı qərarı avronun yumşalması istiqamətində olarsa, bu, təbii ki, məzənnədəki artımların dayanmasına gətirib çıxaracaq. Hazırda mövcud vəziyyət avronun möhkəmlənməsi və ən azı mövcud kursun qorunub saxlanması üçün zəmin yaradır. Bir məqamı da nəzərə almaq lazımdır ki, Avropa Birliyi möhkəm avroda maraqlı deyil. Çünki avro kəskin möhkəmlənməkdə davam edərsə, o zaman Avropa Mərkəzi Bankı bunun qarşısını ala bilər. Hələlik isə mövcud məzənnə Avropa Birliyi üçün çətinlik yaratmadığından və ixrac qabiliyyətinə təsir göstərmədiyindən, avronun müəyyən qədər də möhkəmlənməsi mümkündür".

Tahir TAĞIYEV

Son xəbərlər