20/09/2017 18:53
728 x 90

Rəqabət Məcəlləsində təkmilləşmə təklifləri aktuallaşdı…

“Hesab edirəm ki, Rəqabət Məcəlləsinin yeni layihəsinin hazırlanması müsbət addımdır və bu ümumi iqtisadi inkişafın xeyrinədir”

img

Aydın Hüseynov: “Büdcə gəlirlərinin formalaşmasında, məşğulluğun təmin olunmasında sahibkarların rolu böyükdür”

 

Azərbaycanda biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı tədbirlər çərçivəsində Rəqabət Məcəlləsinin yeni layihəsi hazırlanıb. Sözügedən məsələlərlə bağlı məqamlar "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında qeyd olunub.

Belə ki, Azərbaycanda biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı Komissiya çərçivəsində "Əmtəə bazarının səmərəliliyi və rəqabət" istiqaməti üzrə işçi qrup yaradılıb və Rəqabət Məcəlləsinin yeni layihəsi hazırlanıb.

Adıçəkilən layihədə bildirilir ki, ölkədə rəqabət mühitinin təkmilləşdirilməsi istiqamətində işlər sürətli şəkildə aparılmır.

Hesabatda Rəqabət Məcəlləsinin qəbul edilməsi və institusional islahatların aparılması istiqamətində işlərin sürətləndirilməsi tövsiyə olunur.

Həqiqətən də bu sahədə görüləsi bir sıra işlər var. Rəqabət mühitə nə qədər liberal olsa, bu bir o qədər biznesin daha əlverişli şərtlər çərçivəsində inkişafına öz töhfəsini vermiş olacaq. Nəticədə ölkədə işgüzar aktivlik artacaq və iqtisadi inkişaf bir sıra sahələri əhatə edəcək. O baxımdan ekspertlər Rəqabət Məcəlləsinin yeni layihəsinin hazırlanmasına necə yanaşır?

Məsələyə münasibət bildirən millət vəkili Aydın Hüseynov bu istiqamətdə görülən işlərə müsbət prizmadan yanaşdı: “Ölkədə biznez mühitinin yaxşılaşdırılması, onun inkişafı istiqamətində çox mühüm addımlar atılıb. Qanunvericilik bazasında dəyişikliklər edilib. Ümumilikdə götürdükdə sahibkarlıq iqtisadiyyatda həmişə önəmli yer tutur. Xüsusən də orta və kiçik sahibkarlıq. Eləcə də büdcə gəlirlərinin formalaşmasında, məşğulluğun təmin olunmasında sahibkarların rolu böyükdür. Bu təkcə bizim ölkəmizə xas olan hal deyil. Ümumən, bütün ölkələrin iqtisadiyyatında önəmli rol oynayır. Məlum olduğu kimi, Azərbaycanda da bu sahəyə çox böyük diqqət var. Qanunvericilik sahəsində bir sıra mütərəqqi addımların atılması buna əyani misaldır. Çünki bu, biznes mühitinin yaxşılaşdırılmasına, orta və kiçik sahibkarlığın daha da inkişaf etməsinə gətirib çıxarır. Nəticədə ölkədə iqtisadi inkişaf daha da böyüyür. O baxımdan hesab edirəm ki, Rəqabət Məcəlləsinin yeni layihəsinin hazırlanması müsbət addımdır və bu ümumi iqtisadi inkişafın xeyrinədir”.

Vidadi ORDAHALLI 

Son xəbərlər