20/09/2017 18:53
728 x 90

Dünya bazarında Cocuq Mərcanlı malları...

“Cocuq Mərcanlı adı altında məhsul istehsal olunaraq dünya bazarına çıxarılmalıdır”

img

Əli Orucov: “Təbliğat baxımından bunun müsbət əhəmiyyəti ola bilər”

 

Xəbər verildiyi kimi, baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycan-Türkiyə Sənayeçi və İşadamları İctimai Birliyinin sədri Ali İhsan Genç və Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim ilə görüşüb.

ATSİ İB-nin sədri Ali İhsan Genç Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində kənd təsərrüfatı ilə bağlı planlaşdırdıqları layihələr haqqında məlumat verib və bildirib ki, nümayəndə heyəti ora səfər edib, kənd sakinləri ilə görüşərək həyata keçirmək istədikləri layihələrlə bağlı fikir mübadiləsi aparıb, onların rəy və təkliflərini dinləyiblər.

Ali İhsan Genç qeyd edib ki, onların məqsədi uzun illərdən bəri istifadəsiz qalmış əkinə yararlı torpaqların yenidən əkin dövriyyəsinə qatılmasına və kənd təsərrüfatının önəmli sahələrindən biri olan heyvandarlığın inkişaf etdirilməsinə dəstək verməkdir. Bunun üçün birlikdə işləyərək orada yaşayan sakinlərin iş vərdişlərinin və dolanışıq imkanlarının bərpasına nail olunmalıdır. Eyni zamanda burada istehsal olunacaq hər hansı bir məhsul Cocuq Mərcanlı adı ilə dünyaya ixrac olunacaq və bununla da həyata keçiriləcək layihənin iqtisadi və sosial tərəfi ilə yanaşı, siyasi əhəmiyyəti də rol oynayacaq.

Diqqətə çatdırılıb ki, bununla əlaqədar olaraq mütəxəssislərdən ibarət birgə işçi qrupu yaradılıb və həyata keçiriləcək layihələrlə bağlı hərtərəfli iş aparılır. Hazırda kənd təsərrüfatında istifadə olunacaq torpaq sahələrindən nümunələr götürülərək laboratoriyalara göndərilib.

Cocuq Mərcanlı adıyla məhsul istehsal edərək ixrac etmək yenilikdir. Qeyd olunduğu kimi, bunun iqtisadi tərəfi ilə yanaşı, siyasi əhəmiyyəti də var. O baxımdan bəs ekspertlər buna necə yanaşır?

Məsələyə münasibət bildirən AMİP Siyasi Şurasının üzvü Əli Orucovun fikrincə, Türkiyədən olan iş adamlarının bununla bağlı təklifi təqdirəlayiqdir: “Nəzərə almaq lazımdır ki, Cocuq Mərcanlının Azərbaycanın müasir tarixində özünəməxsus yeri var. 1994-cü ilin yanvarında uğurlu Horadiz əməliyyatı zamanı Füzuli rayonunun 20-dən artıq yaşayış məntəqəsi azad olunsa da, Cəbrayılın yalnız bir kəndini azad etmək mümkün oldu. Ancaq strateji əhəmiyyətli Lələtəpənin düşmən nəzarəti altında olması imkan vermirdi ki, Cocuq Mərcanlıda dinc sakinlərin yaşayışı təmin edilsin. Məlum aprel döyüşləri nəticəsində bu problem aradan qaldırıldı. Artıq kənddə yeni evlər tikilib, oradan didərgin düşən sakinlər öz yurduna qayıdır. Belə olan halda, qarşıda duran başlıca məsələ, təbii ki, ora qayıdan məcburi köçkünlərin məşğulluğunun təmin olunmasıdır. Çünki təkcə kənd sakinlərini orada məskunlaşdırmaqla iş bitmir. Cocuq Mərcanlıya qayıdanlar işlə də təmin olunmalıdır ki, sakinlər iş tapmaqdan ötrü digər yerlərə köç etməsinlər. Hesab edirəm ki, kəndin torpaq ehtiyatları, iqtisadi imkanları hərtərəfli təhlil olunmalı və buna uyğun istehsal, emal müəssisələri tikilməlidir. Həmçinin, Cocuq Mərcanlı adı altında məhsul istehsal olunaraq dünya bazarına çıxarılmalıdır. Təbliğat baxımından bunun müsbət əhəmiyyəti ola bilər”.

Vidadi ORDAHALLI  

Son xəbərlər