Pərviz Heydərov: "2017-ci ildə Azərbaycanda iqtisadi artım bərpa olunmalıdır"

"Təkcə kənd təsərrüfatında görülmüş operativ tədbirlər nəticəsində 2,6 % artım əldə olunub"
Azərbaycanda 2017-ci ildə ÜDM-in artımı 1,2 faiz səviyyəsində proqnozlaşdırılır. Bu barədə Dünya Bankının saytında yerləşdirilmiş "Global Economic Prospects" adlı hesabatında qeyd olunub. Bankın hesabatında Azərbaycanda 2018 və 2019-cu illər üçün ÜDM-in artımı 2,3 faiz səviyyəsində proqnozlaşdırılır.
Qeyd edək ki, 2016-cı ilin iyun ayında dərc olunmuş hesabatda Azərbaycanda 2017-ci ildə ÜDM-in artımı 0,5 faiz səviyyəsində proqnozlaşdırılırdı.
Ümumiyyətlə, DB 2017 və 2018-ci illərdə dünya iqtisadiyyatının artım proqnozunu pisləşdirib.
Dünya Bankı 2016-cı ilin iyun ayında 2017-ci ildə dünya iqtisadiyyatının 2,8 %, 2018-ci ildə isə 3 % artacağını gözləyirdi. Ancaq indiki proqnozuna görə, artım 2.7 % və 2.9 % təşkil edəcək. DB 2019-cu ildə dünya iqtisadiyyatının 2,9 % artacağını gözləyir.
Məsələ ilə bağlı fikir bildirən İqtisadiyyat Nazirliyi yanında İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Pərviz Heydərov "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair yanvarın 10-da keçirilən iclasında dövlət başçımız qeyd etdi ki, ümumdaxili məhsul istehsalında neftin qiymətinin 3-4 dəfə aşağı düşməsilə əlaqədar investisiyaların və dövlət kapital qoyuluşunun azalması ilə bağlı eniş qeydə alınsa da, qeyri-neft sənaye istehsalında 5 faiz artım olduqca müsbət haldır: "Mən yazılarımda da qeyd etmişəm ki, 2016-cı il, əvvəlcədən də bəyan olunduğu kimi, iqtisadi cəhətdən çox çətin keçdi. Çünki ondan əvvəlki, yəni 2015-ci ili makroiqtisadi sabitlik sarıdan kəskin şəkildə sarsılmış vəziyyətdə yola salmışdıq. Belə ki, 2015-də birincisi 34 %, ikincisi isə 47 % səviyyəsində olmaqla 2 dəfə sərt devalvasiya baş verdi. Mərkəzi Bankın (MB) rəsmi valyuta ehtiyatları 5 milyarda düşdü. Bütün bunlar da 2016-cı il üçün çox böyük problemlər qoyub getdi.
Bununla belə, neftin qiymətinin 2014-cü ilin iyun ayından bəri 2-3 dəfədən çox aşağı düşməsi, bir çox neft ölkələrindən fərqli olaraq, Azərbaycanı hələ çox "vurmayıb". Düzdür, manatın dəyəri 125 % ucuzlaşıb, buna müvafiq olaraq istehlak qiymətləri yüksəlib, 12 % civarında inflyasiya qeydə alınıb, iqtisadi artım tənəzzüldədir. Amma bu, xarici iqtisadi təsirlərin nəticəsidir. Demək istədiyim budur ki, məlum təzyiqə kifayət qədər yaxşı tab gətirə bilmişik. Bunun da fərqinə varmalıyıq. Belə ki, AMB-nin 15 milyard dollar həcmində rəsmi valyuta ehtiyatını itirsək də, ÜDM istehsalı sıfıra düşsə də, vəziyyət hələ ki, kritik həddə deyil. Bütün bunlar ölkəmizin neft amilinə söykənən makroiqtisadi dayanıqlığının kifayət qədər möhkəm olduğunu göstərdi.
Təsadüfi deyil ki, xarici maliyyə və reytinq qurumları da bunu açıq etiraf edir. Çünki onlar Azərbaycanın daha çox tənəzzülə uğrayacağını gözləyirdi. Makroiqtisadi sabitliyin pozulacağını proqnoz edirdilər. Ancaq Prezident İlham Əliyev demişkən, hər bir ölkənin əsas inkişaf dinamikasını şərtləndirən sənaye və kənd təsərrüfatıdır. Təkcə kənd təsərrüfatında görülmüş operativ tədbirlər nəticəsində 2,6 % artım əldə olunub. Ona görə də dövlət başçısı da vurğuladı ki, bax, bu 2 rəqəm, yəni qeyri-neft sektorunda və aqrar sahədə artım deməyə əsas verir ki, biz bu çətin və böhranlı şəraitdən şərəflə çıxa bilmişik və artıq görülmüş işlər və cari il ərzində də görüləcək işlər bu dinamikanı daha da gücləndirəcək. Başqa sözlə, iqtisadiyyat dayanıqlı şəkildə inkişaf edəcək, qeyri-neft sektorunda artım dayanıqlı xarakter daşıyacaq.
Ümumiyyətlə, bir məntiqi qayda var: müvazinəti itirməmisənsə, ayaqda durmağı və addım atmağı da bacaracaqsan. Dünya Bankı başda olmaqla, xarici maliyyə və reytinq qurumları da bunu irəli sürür. 2017-ci ildə Azərbaycanda iqtisadi artım bərpa olunmalıdır. Bunu cari il üçün iqtisadi proqnozlarımda da qeyd etmişdim. Hələ ki, bizdə neft sənayesi dominant rol oynayır və bu amilin təsir gücü azaldıqca, ÜDM istehsalına dair rəqəmlər zəif və titrək xarakter daşıyacaq. Amma iqtisadiyyatda artım getdikcə sözünü deyəcək".
Günel CƏLİLOVA