23/02/2019 05:45
728 x 90

Azərbaycan Qran Prisi 2023-cü ilədək keçiriləcək - FOTO

img

Formula 1 Şirkətlər Qrupunun baş icraçı direktoru Çeyz Kerri Bakıda “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” adı altında hər il ənənəvi olaraq təşkil olunan konfransın builki yığıncağına qatılaraq Azərbaycan Qran Prisinin daha üç il keçirilməsini nəzərdə tutan müqaviləni imzalayıb.

Baki-xeber.com-un xəbərinə görə, Formula 1 Şirkətlər Qrupunun baş icraçı direktoru və idarə heyətinin sədri Çeyz Kerri Azərbaycan Qran Prisinin promouteri Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Fairmont otelində təşkil etdiyi “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” adlı konfransda iştirak edib.

Konfrans başlamazdan əvvəl Formula 1 rəsmisi Çeyz Kerri gənclər və idman naziri Azad Rəhimovla bir araya gələrək Azərbaycan Qran Prisinin Formula 1 yarış cədvəlində 2023-cü ilədək qalmasını təmin edən müqaviləni imzalayıb. Bakıda Formula 1 yarışının 2020-ci ilədək keçirilməsini nəzərdə tutan mövcud müqavilənin daha 3 il uzadılması bütün mərasim iştirakçıları tərəfindən böyük məmnuniyyətlə qarşılanıb və beləliklə hər mövsümün ən maraqlı Formula 1 yarışlarından biri olan Azərbaycan Qran Prisi bu idmanın azarkeşlərinə həyəcanlı anlar yaşatmaqda davam edəcək.

İmzalanma mərasimindən sonra çıxış edən nazir Azad Rəhimov Azərbaycan Qran Prisinin keçirilməsinə dair müqavilənin müddətinin uzadılmasından böyük məmnunluq duyduğunu bildirib: “Bu, bizim hamımız üçün qürurverici hadisədir. Son bir neçə il ərzində paytaxt sakinlərinin arzuları gerçəkləşdi və biz Bakıda baş tutan Formula 1 yarışlarının sadə bir ideyadan bu idmanın tarixində həyəcan və gərginliklə dolu keçən ən maraqlı yarış həftəsonlarından birinə çevrilməsinə hamılıqla şahid olduq. Həmçinin bu yarışlarda biz Formula 1-in ən önəmli məqamlarını da müşahidə edə bildik.

Bundan başqa, hər ötən il dünyanın dörd bir yanından Bakıya daha çox avtoidman həvəskarı təşrif buyurur və biz çox şadıq ki, dünya avtoidman ictimaiyyəti xüsusilə Azərbaycan Qran Prisinə böyük maraq göstərir. Fürsətdən istifadə edərək mən cənab Kerri başda olmaqla Formula 1-də yer alan hər kəsə bizə bu uğurda göstərdikləri böyük dəstəyə görə xüsusi təşəkkürümü bildirirəm.

Müqavilənin uzadılması nəticəsində yerli və regional biznes qurumları Formula 1-in qlobal platformasından daha çox faydalanmaq imkanına sahib olacaqlar. Digər tərəfdən yarış həvəskarları daha çox əyləncə imkanı əldə edəcəklər. Bunun nəticəsində biz öz kommersiya gəlirlərimizi maksimum səviyyədə artıra biləcəyik. Bu fürsətləri nəzərə alaraq deyə bilərəm ki, müqavilənin uzadılması bizim üçün heç vaxt mübahisəli məsələ olmayıb və biz böyük məmnuniyyətlə builki yarış daxil olmaqla daha 5 yarışa evsahibliyi etməyə hazırıq”.

Çeyz Kerri isə öz növbəsində Azərbaycanın Formula 1 yarışı üçün ideal məkan olduğunu bildirib: “Çox şadıq ki, bu müqaviləni yeniləməklə biz Azərbaycan Qran Prisini daha bir neçə il ərzində Formula 1 Dünya Çempionatında görə biləcəyik. Bu yarış hər dəfəsində yaratdığı gərgin mübarizə və həyəcan dolu anlarla çox qısa müddət ərzində mövsümün ən məşhur yarışlarından birinə çevrilə bildi.

Azərbaycan hər zaman Formula 1-də olan hər bir kəs üçün böyük qonaqpərvərlik nümayiş etdirir, gözoxşayan Bakı şəhəri isə mükəmməl yarış üçün möhtəşəm ab-hava təqdim edir. Bu baxımdan bütün avtoidman həvəskarlarını möhtəşəm yarışı qaçırmamaq üçün Formula 1 Azərbaycan Qran Prisinin keçiriləcəyi 28 aprel tarixini gündəliklərinə qeyd etməyə dəvət edirəm”.

Səfər çərçivəsində cənab Kerrini Formula 1-in promouter və biznes qurumları ilə əlaqələr üzrə baş meneceri Emili Preyzer müşayiət edib. Onunla birlikdə BŞH-nin icraçı direktoru Arif Rəhimov, Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid və “Heineken International” şirkətində Formula 1 və Formula E yarışlarına dair sponsorluq üzrə aparıcı mütəxəssis Ben Pinkus “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” adı altında keçirilən konfransda iştirak edərək “Formula 1: Qlobal Brendlər Platforması” mövzusunda məruzə ilə çıxış edib.

Azərbaycandakı Amerika Ticarət Palatasının (AmCham) dəstəyilə sayca 3-cü dəfə keçirilən konfransda biznes, texnologiya və səyahət sahələrinin təmsilçiləri ilə yanaşı dövlət qurumlarından 250-ə yaxın ali səviyyəli qonaq iştirak edib. Konfrans çərçivəsində sponsorluq imkanlarından danışılıb və bu mövzu ətrafında təcrübələr bölüşülüb.

Bu il baş tutacaq növbəti Formula 1 Azərbaycan Qran Prisinə bilet almaq və Bakıya səyahəti indidən planlaşdırmaq istəyənlər ətraflı məlumatı www.bakucitycircuit.com

saytından əldə edə bilər.

Baki-xeber.com 

Son xəbərlər