23/01/2019 18:27
728 x 90

Azərbaycanda dopinqə ən çox meyllilər güləşçilər imiş…

“Güləş üzrə sonuncu ölkə çempionatında bizim idmançılardan dopinqə görə heç bir nümunə götürülməyib”

img

Elçin Cəfərov: “İndiyə qədər kimlərdən dopinqə görə nümunə götürüldüyü məlumdur...”

 

Azərbaycanda idmançılar arasında dopinqdən istifadə ilə bağlı mübarizə tədbirlərinin aktuallaşması müşahidə edilir. Son günlər Azərbaycan Milli Antidopinq Agentliyi idman zallarında, eləcə də klublarda sözügedən problemlərin araşdırılıb üzə çıxarılması ilə əlaqədar tədbirlər həyata keçirir. Agentlikdən verilən məlumata görə, 2018-ci ildə dopinqlə bağlı 817 test keçirilib.

Agentliyin direktoru Şəfəq Hüseynlinin bildirdiyinə görə, keçirilən testlər ötən illə müqayisədə iki dəfə çoxdur: “2017-ci ildə agentlik tərəfindən 402 test götürülmüşdü”.

O, həmçinin, bildirib ki, ən çox test güləş idman növündə olub - 16,8 faiz. Onun sözlərinə görə, ikinci yerdə futbol (14,9 faiz), üçüncü yerdə isə velosiped idman növüdür (11,22 faiz).

Agentlik tərəfindən ən çox güləş idman növündə test tətbiq edilməsi nə ilə bağlıdır? Doğrudanmı güləşçilərimiz dopinqdən istifadə edirlər?

Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, 2018-ci ildə güləş idman növündə test tətbiq edilməyib. Agentlik tərəfindən mətbuata verilən məlumatların köhnə olduğunu deyən E.Cəfərovun sözlərinə görə, son zamanlar güləşçilərdən nümunə götürülməyib. “Güləş üzrə sonuncu ölkə çempionatında, yaxud başqa yarışlarda bizim idmançılardan dopinqə görə heç bir  nümunə götürülməyib. Ümumiyyətlə, indiyə qədər kimlərdən dopinqə görə nümunə götürüldüyü məlumdur və onlar öz cəzalarını alıblar. Həmin idmançılar müəyyən müddətə qədər cəzalandırılıblar. Konkret olaraq son zamanlar “prob” götürülməyib. Məsələ burasındadır ki, agentlik əvvəlki dövrlərdə götürülən nümunələrin nəticələrini açıqlayıb. Amma axır vaxtlar belə bir testin keçirildiyi bizə məlum deyil” - deyə E.Cəfərov bildirdi.

İradə SARIYEVA  

Son xəbərlər