23/03/2019 12:03
728 x 90

“Dopinq satanların bəziləri idman sahəsində qeyri-peşəkarlardır, bəziləri isə peşəkar olsalar da, pul qazanmaq məqsədilə qəsdən idmançılara dopinq satırlar”

“Hətta idman zallarında satılan dopinqlər idmançılarda hormonal dəyişikliklərə səbəb ola bilir”

img

Təranə Xudabaxşıyeva: “Nəzarətsizlikdən sui-istifadə edən bəzi özünü məşqçi adlandıranlar...”

 

Dünyanın, demək olar ki, hər bir yerində müxtəlif idman növləri ilə məşğul olan idmançılarla bağlı dopinq qalmaqalları yaşanır. Tez-tez bir sıra ünlü idmançıların adları dopinq olayında hallandırılır. Azərbaycan idmançıları arasında da dopinqdən istifadə edənlər yox deyil. İdmançılara süni güc verən dopinq idman sahəsində arzuolunmazdır.   

Azərbaycanda qanunsuz dopinq satan idman mərkəzlərinə qarşı 2019-cu ildən ciddi tədbirlər görüləcəyi bildirilir. Azərbaycan Milli Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynli mətbuata bildirib ki, dopinqlə bağlı bu qanunsuz əməllər artıq televiziyalara yol tapıb, sosial şəbəkələrdə təbliğ olunur. “Nəzərə almaq lazımdır ki, bu qanunsuz əməllər gənclərimizin sağlamlığı üçün ciddi fəsadlar törədə bilər. Bu baxımdan gələn ildən biz bu cür qanunsuzluqlara yol verən idman zallarına qarşı hüquq-mühafizə orqanları ilə birgə ciddi tədbirlər görəcəyik” - deyə Ş.Hüseynli bildirib. O, həmçinin, vurğulayıb ki, dopinq təkcə idman sahəsində deyil, cəmiyyətdə də böyük problemlərdən birinə çevrilib.

O, həmçinin, qeyd edib ki, bu gün bəzi idman zallarında dopinqin qanunsuz satışı ilə məşğul olanlar var. Agentlik direktorunun sözlərinə görə, dopinqdən istifadə xərçəng və digər xəstəliklərə yol açır. Bu xəstəliklərin törədicilərindən sayılan sözügedən vasitələr, dərmanları yeniyetmələrə, gənclərə satırlar. “Bu, tamamilə qanunsuzdur” - deyə bildirən Ş.Hüseynli bu hala qarşı agentlik tərəfindən ciddi tədbirlər görüldüyünü vurğulayıb. Agentlik direktorunun qeyd etdiyinə görə, bəzi federasiyalar, idmançılar və məşqçilər antidopinq qaydalarının pozulması ilə bağlı korrupsiya xarakterli təkliflər verirlər. O qeyd edib ki, agentlik şəffaf şəkildə fəaliyyət göstərir: “Biz fəaliyyətə başladığımız zaman bildirmişdik ki, agentlik şəffaf şəkildə işləyəcək. Agentlik qəti olararaq bu cür təkliflərə etiraz edir”.

Ş.Hüseynli, həmçinin, vurğulayıb ki, bu cür təkliflər irəli sürən istər federasiyalara, istər məşqçilərə, istərsə də idmançılara qarşı sanksiyalar tətbiq ediləcək.

İdman mütəxəssisi Təranə Xudabaxşıyeva “Bakı-Xəbər”ə bildirdi ki, çox təəssüf ki, bu hal var və buna qarşı mübarizə tədbirləri genişləndirilməlidir. “Həqiqətən də hazırda Azərbaycanda bu məsələ gündəmdədir. Bir sıra idman zallarında özlərini məşqçi adlandıran şəxslər bunun tibbi cəhətdən zərərini nəzərə almadan bədən şişirdən dərmanları, dopinqi idmanla məşğul olan insanlara satırlar. Bu dərmanlardan idmanla məşğul olan insanlar arıqlamaq, yaxud da bədənlərini şişirtmək üçün istifadə edirlər. Bu dərmanlar isə insan orqanizminə kifayət qədər güclü zərər vurur. Hətta idman zallarında satılan dopinqlər idmançılarda hormonal dəyişikliklərə səbəb ola bilir. Bu vasitələr sabah ondan istifadə edənlərin daxili orqanlarının sıradan çıxmasına gətirib çıxarır. Demək olar ki, bu məsələyə hazırda nəzarət yoxdur. Nəzarətsizlikdən sui-istifadə edən bəzi özünü məşqçi adlandıranlar bununla yeniyetmə və gənclərə zərər vururlar. İnsanlara dopinq satanların bəziləri idman sahəsində qeyri-peşəkarlardır, bəziləri isə peşəkar olsalar da, pul qazanmaq məqsədilə qəsdən idmançılara dopinq satırlar. Onların bu cür neqativ işlərə əl atması yolverilməzdir. Halbuki, bu məsələyə ciddi nəzarət edilərsə, onlar buna yol verə bilməzlər”.

T.Xudabaxşıyevanın bildirdiyinə görə, idman zallarında yeniyetmə və gənclərə satılan dərmanlar həkimlər tərəfindən ciddi şəkildə araşdırılmalıdır. O, həmçinin, vurğuladı ki, belə dərmanlardan protein, yaxud dopinq kimi istifadə edilməsi gənc nəslə zərər vurur. “Bilirsiniz, dopinq dərmanları bir ilə deyil, bir neçə ilə öz mənfi təsirini büruzə verir. Bunu isə gənclər bilmirlər. Bu bir neçə ildən sonra özünü göstərəndə çox gec olur, artıq o insanların sağlamlığı əldən getmiş olur. Düşünürəm ki, bu hala qarşı mübarizə tədbirləri daha güclü şəkildə həyata keçirilməlidir” - deyə T.Xudabaxşıyeva bildirdi.

İradə SARIYEVA

Son xəbərlər