23/01/2019 18:38
728 x 90

Bakıda Avropa Futbol Liqasının Muzeyi – Azərbaycanın beynəlxalq inteqrasiyasının yeni istiqaməti...

Vüqar Teyyubov: “Bakıda “Avropa Liqası Muzeyi”nin açılması futbol üzrə UEFA Avropa Liqasının final oyununa hazırlıq mərhələsinə bir töhfədir”

img

Muzeyə giriş pulsuz olduğu üçün, bura həm xarici turistlər, həm də yerli futbol həvəskarları gəlirlər
Tanınmış futbol ulduzlarının imza günlərinin keçirilməsi muzeyi tamaşaçılar üçün daha da maraqlı edir

 

Bu gün paytaxtımız xarici turistlərin, şəhərimizin qonaqlarının qarşısına olduqca maraqlı və diqqətçəkən layihələrlə çıxır. Bir müddət əvvəl paytaxtın Fəvvarələr meydanında reallaşan “Soyuq əllər, isti ürəklər” layihəsindən sonra elə həmin ərazidə, daha dəqiq desək, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısında “Avropa Liqası Muzeyi”i açılıb. Xüsusi quraşdırılan səyyar muzey üç hissədən ibarətdir. Muzeyin olduqca zəngin ekspozisiyası, qonaqlara təqdim edilən eksponatlar dünya futbol tarixi ilə tanışlığa əla imkanlar yaradıb.

Paytaxt sakinlərinin və xarici turistlərin, məktəblilərin böyük maraq göstərdiyi “Avropa Liqası Muzeyi”ni biz də ziyarət etdik. Əvvəlcədən onu bildirək ki, səyyar muzeydə təhlükəsizlik tədbirləri çox yüksək səviyyədə qurulub. Sərgi ilə tanış olmaq istəyən bütün seyrçilər ciddi yoxlanıldıqdan sonra sərgi salonlarına buraxılırlar. Sərgidə iştirak etmək istəyən qonaqlar girişdə yerləşdirilən məlumat bölməsində qeydiyyatdan keçir və içəri daxil olurlar. Muzey eskponatlarının zənginliyi diqqəti cəlb edir. Orada olarkən muzey zonasında Avropa Liqası tarixini özündə əks etdirən eksponatlar – 2008-2018-ci illərdə keçirilmiş final oyunlarında iştirak etmiş komandaların və futbolçuların imzalı formaları, Avropa Liqasının rəsmi oyun topu, eləcə də Avropa Liqasının final oyunlarında istifadə edilmiş imzalı oyun toplarının sərgilənməsinin şahidi olduq. Bundan əlavə, muzeyin daxilində quraşdırılan xüsusi monitorlarda Avropa Liqasının unudulmaz anları, final oyunlarında vurulmuş qollar və müxtəlif maraqlı məqamlar, epizodlar nümayiş etdirilir.

Orada olarkən bizə bildirdilər ki, muzeydə yerli və əcnəbi futbol ulduzları ilə imza günləri təşkil olunacaq. İmza günlərində muzey ziyarətçiləri futbolçularla yaxından tanış olur, onlardan imza alır, eləcə də onlarla foto çəkdirə bilirlər. Onu da bildirək ki, 22 dekabr tarixində açılan muzeyin bağlanış mərasimi 7 yanvar tarixində olacaq. Muzeyə girişin ödənişsiz olması tamaşaçıların diqqətini daha çox cəlb edir.

Məlumat üçün bildirək ki, “Avropa Liqası Muzeyi” 2017-ci il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi tərəfindən 2019-cu ildə futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda (BOS) keçirilməsi haqqında qərar qəbul edilməsi münasibətilə açılıb. Muzeydə nümayiş olunan eksponatlar hər bir tamaşaçıda böyük maraq yaradır. UEFA tərəfindən təqdim olunan eksponatlar həm paytaxt sakinlərinin, həm də xarici turistlərin diqqətini çəkir.

Muzeyin oyun və istirahət zonasında qonaqlara rəngarəng və əyləncəli proqramlar, həmçinin, futbolla bağlı bilik və bacarıqlarını nümayiş etdirə biləcəkləri maraqlı yarışmalar təklif edilir.

Muzeydə Azərbaycan və əcnəbi futbol ulduzlarının imza günlərinin keçirilməsi diqqətçəkəndir. Dekabrın 26-da “Avropa Liqası Muzeyi”ndə Azərbaycan milli komandasının və “Qəbələ” klubunun müdafiəçisi Təmkin Xəlilzadənin imza günü təşkil olunub. Dekabrın 27-də isə isə milli komandanın və “Qarabağ”ın hücumçusu Mahir Mədətovun muzeydə imza günü keçiriləcək.

Muzeydə olarkən bura ən çox azyaşlı futbol həvəskarlarının gəldiyinin şahidi olduq. 8 yaşlı Vaqif Rüstəmov bizimlə söhbətində bildirdi ki, futbolla maraqlanır. Hazırda yerli klublardan birində futbolla məşğul olduğunu deyən Vaqifin sözlərinə görə, muzeydə futbolla bağlı hər bir eksponat onun üçün çox maraqlı görünür.

Sərgidə seyrçi kimi iştirak edən idman şərhçisi Vüqar Teyyubov bizimlə söhbətində bildirdi ki, Bakıda belə bir muzeyin açılması Azərbaycanda idmana, xüsusən də futbola böyük marağın təzahürüdür. O qeyd etdi ki, “Avropa Liqası Muzeyi”ndə dünyanın futbol mənzərəsi əks olunub. Burada futbolçuların bussilərindən tutmuş, formalarına, müxtəlif futbol klublarının simvol və emblemlərinə qədər eskponatların olduğunu deyən V.Teyyubovun sözlərinə görə, bu həm də ölkəmizin 2019-cu ildə evsahibliyi edəcəyi futbol üzrə UEFA Avropa Liqasının final oyununa hazırlığının göstəricisidir. “Belə bir səyyar muzeyin paytaxtımızın mərkəzində açılması həqiqətən də təqdirəlayiqdir. Azərbaycan bütün sahələrdə olduğu kimi, futbol sahəsində də etibarlı tərəfdaş olaraq özünü təqdim edə bilir. Ölkəmiz indiyə kimi bir sıra beynəlxalq idman yarışlarına, Çempionlar Liqasına evsahibliyi edib. Paytaxtımızda keçirilən hər bir yarış, futbol çempionatı uğurla başa çatıb. Düşünürəm ki, 2019-cu ildə futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsinin özünün xüsusi tarixi əhəmiyyəti var. Bakıda “Avropa Liqası Muzeyi”nin açılması futbol üzrə UEFA Avropa Liqasının final oyununa hazırlıq mərhələsinə bir töhfədir. Neçə gündür muzey açılıb və bura kifayət qədər ziyarətçi gəlib. Bura giriş pulsuz olduğu üçün, hər kəs sərbəst şəkildə gəlib eksponatları izləyir, futbol aləmilə tanış olur, futbolçuların imzalı geyimlərinə, toplara tamaşa edirlər. Xarici turistlər, uşaqlar bu muzeydə açılan sərgiyə xüsusi maraq göstərirlər” -deyə müsahibimiz bildirdi.

İradə SAIYEVA

Son xəbərlər