23/03/2019 01:35
728 x 90

İdmançı polis əməkdaşlarımız növbəti dəfə ustalıq göstərdilər - FOTO

img

Dekabrın  12-dən 14-dək əlbəyaxa döyüş üzrə DİN çempionatı keçirilib. Yarışda ərazi polis orqanları, nizami hissə və tədris müəssisələrini təmsil edən ümumilikdə 10 komandadan 80 idmançı qələbə uğrunda mübarizə aparıb.

Açılış mərasimində çıxış edən Olimpiya, dünya və Avropa çempionu, DİN İdman Cəmiyyətinin sədri, polis polkovniki Zemfira Meftaxetdinova yarış iştirakçılarını və qonaqları salamlayıb, idmançılara uğurlar arzulayıb. O, Azərbaycanın dünyada güclü idman ölkəsi kimi tanıdılmasında beynəlxalq miqyasda uğurlar qazanan daxili işlər orqanları əməkdaşlarının da əməyini qeyd edərək, 2018-ci ilin idman yekunlarına həsr olunan tədbirdə möhtərəm dövlət başçımız tərəfindən mükafatlandırılanlar arasında polis əməkdaşlarının və yetirmələrimizin olmasını da diqqətə çatdırıb, qiymətli hədiyyələrin polis idmançılarının əməyinə verilən layiqli qiymət kimi dəyərləndirib.

Gərgin keçən yarışlarda iştirakçılar arasında qaliblər müəyyənləşib. Ümumi birincilikdə ilk üçlükdə Bakı Şəhər Baş Polis İdarəsi, DİN Daxili Qoşunlarının Baş İdarəsi və Gəncə Şəhər Baş Polis İdarəsinin komandaları qərarlaşıb.

Şəxsi birinciliklərdə isə Bakı şəhər BPİ-nin əməkdaşları Abbas Tunc (65 kiloqram), Ənvər Nəhmətov (70 kiloqram), Həsən Əliyev (85 kiloqram), Samir İmanov (+90 kiloqram), DQBİ-nin hərbi qulluqçularından Elçin Səmədov(75 kiloqram,) Ramin Orucov (80 kiloqram), Müşviq Hüseynov (90 kiloqram) yarışın baş mükafatını qazanaraq çempion olub.

Yarışları polis polkovnik-leytenantı Elnur Həsənov, polis kapitanı Əlişan Tunc, əməkdar məşqçilər Hikmət Hacıyev və Rəsul Məmmədov idarə edib.

Mükafatlandırma mərasimində çıxış edən İdmanın təşkili bölməsinin rəisi, polis polkovnik-leytenantı Mülayim Xıdırov DİN-in əlbəyaxa döyüş üzrə yığma komandasının hər il hüquq-mühafizə orqanları arasında keçirilən beynəlxalq yarışlarda ciddi uğurlar qazandığını diqqətə çatdırıb. Yarışın məqsədinin həm də ölkəmizi beynəlxalq yarışlarda təmsil edəcək komandanın heyətini müəyyənləşdirmək xarakteri daşıdığını deyən bölmə rəisi cinayətkarlıqla mübarizədə silahsız özünü müdafiə və əlbəyaxa döyüş fənlərini bilməyin əhəmiyyətini diqqətə çatdrıb.

Sonda qaliblərə medallar, diplomlar və qiymətli hədiyyələr təqdim olunub.

Zeyni HÜSEYNOV
DİN Mətbuat Xidmətinin əməkdaşı 

Son xəbərlər