21/06/2018 19:33
728 x 90

Bu sevinci paylaşaq ki, böyüsün... - FOTO

img

Övladlarının uğurunu görmək hər kəsin ən böyük arzusu, fərəhidir. Bu sırada polis övladlarının da uğuruna bütün tanıyanların, bilənlərin sevinməsi  təbiidir. Çünki polis əməkdaşları günün çox hissəsini asayişin, sabitliyin qorunmasına, ölkədə əminamanlığın təmini üçün üzərinə düşən vəzifələrin icrasına həsr etməli olur. Bu səbəbdən paqondaşlarımız ev qayğılarından uzaq düşür, digər peşə sahibləri qədər övladlarının, belə deyək, “nazını” çəkə, onlara lazımınca vaxt ayıra bilmir.

Amma nə yaxşı ki, övladlar da valideynlərin bu əziyyətini anlayışla qarşılayır, təhsildə, idmanda, zəka yarışlarında yüksək nəticələr əldə edirlər.

Bu mövzuya vaxtaşırı müraciət edib həmkarlarımızın sevincinə şərik olmuşuq. Yenidən bizi bu barədə yazmağa sövq edən bu yaxınlarda keçirilən kiqboksinq üzrə ölkə çempionatında təmsilçimiz Ağamahmud Siracovun uğurlu çıxışı oldu. O, yeniyetmə yaşlarından DİN İdman Cəmiyyətində məşğul olub, kiqboksa həvəs göstərib. Atası, İdman Cəmiyyətinin İdman təlimi şöbəsinin rəisi, polis polkovnik-leytenantı İlyas Siracov ölkəmizin idman ictimaiyyəti arasında tanınan mütəxəssislərdəndir. Əməkdar məşqçidir. Olimpiya oyunlarına, dünya və Avropa çempionatlarına qatılan təmsilçilərimizin hazırlığı üçün əlindən gələni əsirgəmir. Elə çoxillik təcrübəsinə əsaslanıb övladına idmanla məşğul olmağı tövsiyə etsə də, hansı növü seçməsində tam sərbəstlik verib.

Nəticə uğurlu olub. Kiqboksinqi seçən Ağamahmud qısa vaxtda yüksək nəticələr əldə edib. Ölkə və beynəlxalq turnirlərdə layiqli qələbələr qazanıb. Dəfələrlə ölkə birinciliyinin və çempionatının qalibi olub. 2013-cü ildə yeniyetmələrin Avropa birinciliyində qalib gəlib. 2 il əvvəl İtaliyada dünya çempionu olub, ötən il Macarıstanda isə dünya çempionatının bürünc medalına sahib olub.

Amma İlyas müəllimin də təvazökarlığından keçmə. Bu vaxta qədər bütün idmançılar barədə məlumatları ondan alsaq da, öz övladı haqda bir kəlmə də deməyib.

Atalarımız “gec olar, güc olar” deyiblər. DİN Daxili Qoşunlarının İdman komandasının əsgəri Ağamahmud Siracovun bu qədər nailiyyət qazanması doğrudan da sevindiricidir. Məşqçisi Hikmət Hacıyev də bildirdi ki, daha böyük qələbələr üçün bu yetirməsinin bütün keyfiyyətləri var - gücü də, dözümü də, nizam-intizamı da...

Zeyni HÜSEYNOV
DİN Mətbuat Xidmətinin əməkdaşı

Son xəbərlər