25/06/2018 17:26
728 x 90

Polisin yüzillik yubileyinə həsr olunmuş yarışlar... - FOTO

img

Azərbaycan polisinin 100 illik yubileyi ilə əlaqədar müxtəlif tədbirlər keçirilir. Fevralın 19-dan 21-dək  DİN İdman Cəmiyyətində keçirilən qol güləşi (armrestlinq) və ağırlıq daşlarının qaldırılması yarışı da bu əlamətdar yubileyə həsr olunub.

Öncə Xocalı faciəsinin 26–cı ildönümü ilə bağlı faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış mərasimində çıxış edən DİN İdman Cəmiyyətinin sədri, Olimpiya, dünya vəAvropa çempionu, polis polkovniki Zemfira Meftahətdinova bildirib ki, Azərbaycan Respublikası bu gün öz tarixinin çox şərəfli inkişaf və tərəqqi dövrünü yaşamaqdadır. Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi uzun illər ərzində bütün idman ictimaiyyətimizi ruhlandırdı, hamını problemlərin aradan qaldırılmasına, qarşıda duran mühüm vəzifələrin yerinə yetirilməsinə və beləliklə də, respublikamızın dünyanın idman mərkəzlərindən birinə çevrilməsi işinə səfərbər etmiş oldu. Görülmüş gərgin və məqsədyönlü işlərin nəticəsi bu gün göz önündədir. Ulu öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Möhtərəm dövlət başçısının diqqəti biz idmançıları yeni qələbələrə səsləyir.

Daha sonra İdman Cəmiyyətinin Fiziki hazırlıq şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elnur Həsənov yarışın qaydaları barədə iştirakçıları və komanda rəhbərlərini məlumatlandırıb.

Əsasən dənizçilər arasında yaranan qol güləşi (armrestlinq) idman növü kimi 100 ilə yaxındır ki, tanınır. İdman daşlarının qaldırılması hərəkəti də vaxtilə dövrlərinin ən güclüləri hesab olunan pəhləvanlardan miras qalıb. Güc, dözüm və çevikliyi müəyyən edən bu idman növü indi də orduda, xüsusi təyinatlılar və dənizçilər arasında ən sevilən yarışmadır. Fiziki gücü yoxlamağın ən asan və sadə üsulu kimi tanınan bu idman növündə  polislərimiz əvvəlcə nümunəvi çıxışlar göstəriblər.

DİN İdman Cəmiyyətində  keçirilən bu yarışda ərazi polis orqanları, nizami hissə və tədris müəssisələrini təmsil edən ümumilikdə 10 komandadan 80 idmançı qələbə uğrunda mübarizə aparıb.

Gərgin keçən yarışlarda iştirakçılar arasında qaliblər müəyyənləşib. Komanda birinciliyində ilk üçlükdə DİN Daxili Qoşunlarının Baş İdarəsi, Baş Mühafizə İdarəsi və Əlahiddə Çevik Polis Alayının əməkdaşları qərarlaşıb.

Keçirilən yarışda Azərbaycan Qol Güləşi Federasiyasının nümayəndələri hakimlik edib.

Qol güləşi yarışlarında müvafiq olaraq  öz çəki dərəcələrində gücünü sınayan R.Muradov (70 kiloqram, BMİ), E.Paşayev (75 kiloqram, BMİ), S.Qədirov (80 kiloqram, Bakı şəhər BPİ), R.Şirinov (85 kiloqram, Sumqayıt ŞPİ), R.Kubərov (90 kiloqram, DİN DQ) və Y.Şirinov (+ 90 kiloqram, Sumqayıt ŞPİ), sol qol üzrə isə C.Abbasov (BDYPİ) yarışın baş mükafatını qazanaraq çempion olub.

Ağırlıq daşlarının qaldırılmasında A.Allahverdiyev (70 kiloqram, DQ), E.Dövlətov (75 kiloqram, DQ), T.Məmmədov (80 kiloqram, DQ), C.Musayev (85 kiloqram, ƏÇPA), M.Hüseynov (90kiloqram, DQ) və E.Cahangirov (+90 kiloqram, ƏÇPA)  birinci yerə layiq görülərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Yarışların idarə olunmasında polis kapitanı Əlişan Tunc iştirak edib.

Mükafatlandırma mərasimində çıxış edən İdmanın təşkili bölməsinin rəisi, polis polkovnik-leytenantı Mülayim Xıdırov əməkdaşların hazırlıq səviyyəsinin yüksək olmasını, polis idmançılarımızın ildən-ilə təcrübələrinin artdığını diqqətə çatdırıb.

Sonda qaliblərə medallar, diplomlar və qiymətli hədiyyələr təqdim olunub.

Zeyni HÜSEYNOV
DİN Mətbuat Xidmətinin əməkdaşı

Son xəbərlər