10/12/2018 00:18
728 x 90

Tərlan Əhmədov "Neftçi"nin ağır məğlubiyyətinə görə azarkeşlərdən üzr istədi

img

"Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov komandasının ötən gün Rusiyanın "SKA-Xabarovsk” klubuna ağır məğlubiyyətini şərh edib.

Trend-in məlumatına görə, baş məşqçi paytaxt klubunun "SKA-Xabarovsk" qarşısına yorğunluq fonunda çıxdığını bildirib: "Hava şəraiti çox ağır idi. Heyətlə bağlı ciddi çatışmazlıq vardı - 21 yaşadək futbolçulardan ibarət milli komandamızda olan, eyni zamanda, müəyyən səbəblərdən bu oyunda iştirak edə bilməyən digər əsas heyət üzvlərimizin yeri görünürdü. Rəqib artıq Antalyadakı təlim-məşq toplanışını bitirir, bizim isə ilk oyunumuz idi. Yeni transferlərimiz tədricən komandaya uyğunlaşır. "Qato" həm bizdə, həm də ümumiyyətlə, uzun müddətdən sora ilk oyununa çıxmışdı. Fiziki yükləmələr fonunda keçirdiyimiz qarşılaşmada qapımıza gələn demək olar ki, hər zərbə qolla nəticələnirdi".

T.Əhmədov bəxtsizlik faktorunun da yüksək olduğunu qeyd edib: "Rəqibin uzaq məsəfadən az qala bütün zərbələri "doqquzluğ"a gedirdi. Və bu qollarda qapıçımızı da çox qınaya bilmirəm. Belə şey bəlkə də yüz ildə bir dəfə olur. Yoldaşlıq görüşlərinin əsas məqsədi başqadır və mən razıyam ki, qarşıdakı yoxlama oyunlarının hamısını uduzaq, amma bütün səhvlərimizi görək və bu səhvlərdən nəticə çıxarıb rəsmi matçlarda qələbələri sıralayaq. Mövsümün ikinci hissəsinə hazırlığımız çətin hava şəraitinə baxmayaraq davam edir. İndi məşqlər nə qədər ağır olsa, rəsmi oyunlarda o qədər rahat çıxış edəcəyik. Hər şey nəzərdə tutduğumuz qaydada getsə, mövsümün həlledici mərhələsində formamızın pik nöqtəsinə yüksəlib qarşıya qoyulan məqsədlərə çatacağıq. Yoxlama oyunu olsa da, bu məğlubiyyət mənim üçün çox ağırdır".

"Neftçi"nin çalışdırıcısı deyib ki, istənilən halda bu cür məğlubiyyətə bəraət qazandırmaq olmaz: "Buna görə, ilk növbədə, bütün komanda adından ən çətin günlərdə yanımızda olan sadiq azarkeşlərimizdən üzr istəyirəm. Onları yaxşı başa düşürəm. Bu oyun bizim üçün bir həyəcan təbili idi. Səhvlərimizi gördük və bunun üzərində işləyib çempionat və kubok matçlarında həmin səhvləri təkrarlamamaq, daha mükəmməl oyun qurmaq üçün çalışacağıq”.

Xatırladaq ki, "Neftçi" PFK Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində dünən keçirdiyi ilk yoxlama oyununda Rusiyanın "SKA-Xabarovsk” klubuna məğlub olub – 1:8. Komandamızın yeganə qolunu meydana ikinci hissədə daxil olan İqnasio Errera vurub.

Son xəbərlər