22/04/2018 18:05
728 x 90

“Qala” taekvando klubunun 7 yaşlı idmançısı Əsgər Həsən: “Böyüyəndə olimpiya çempionu olacağam” - FOTO

img

Elə uşaqlar var ki, onlarla söhbət etmək, onların daxili aləmini öyrənmək, oxuculara çatdırmaq maraqlıdır. Bu gün Azərbaycan uşaqları arasında idmana böyük maraq var. İdman sahəsində ilk addımlarını atan 7 yaşlı Əsgər Həsən seçdiyi taekvando idman növünü çox sevir və gələcəkdə idmançı kimi Azərbaycan bayrağını ucalara qaldırıb himnimizi səsləndirmək istəyir. Yeni il ərəfəsində Əsgərlə görüşüb söhbətləşdik.

- Əsgər, özün haqqında bizə məlumat verə bilərsən?

- Mən Əsgər Səbuhi oğlu Həsən 2010-cu il sentyabrın 4-də Bakı şəhərində doğulmuşam. Nəsimi rayon 14 saylı orta ümumtəhsil məktəbinin 2-ci “a” sinif şagirdiyəm. 5 yaşımdan taekvando idman növü ilə məşğul oluram.

- Əsgər, taekvandonu sevirsən?

- Bəli, bu idman növü mənim çox xoşuma gəlir. 5 yaşım olanda valideynlərim məni taekvandoya qoyub. Əvvəlcə Nizami Rayon Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzində 3 dan qara kəmər Rəşad Mehdiyevin yanında məşğul olmuşam. Hazırda isə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbində yerləşən “Qala” taekvando klubunda 4 dan qara kəmər, I dərəcəli məşqçi Ramil Həsənovun tələbəsiyəm. Sarı kəmər almışam, bir neçə yarışın iştirakçısı olmuşam və qaliblər sırasına düşmüşəm. .

- Səni idmana kim aparıb?

- Anam. Mən hələ idmana getməmişdən əvvəl evdə atamla məşq edirdim. Sonra valideynlərim qərara gəldilər ki, məni idmana qoysunlar. Anam məni taekvandoya apardı, müəllimlə tanış oldum. Uşaqların hərəkətləri, geyimləri mənə çox maraqlı gəlirdi.

- Məşq xoşuna gəlirdi?

- Bəli, xoşuma gəlirdi. Mən özümdən böyük uşaqlarla məşq edirdim. Sonra elə oldu ki, biz Nizami rayonundan Nəsimi rayonuna köçdük və məşqlərimi “Qala” taekvando klubunda davam etdirməyə başladım.

- Müəllimin ciddidir?

- Həm ciddidir, həm də yumşaq xasiyyətli. Ramil müəllim bizi çox məşq etdirir, çalışdırır. Taekvandonu çox sevirəm. Müəllimimiz çox yaxşı müəllimdir. Həmişə istəyir ki, biz daha yaxşı idmançı olaq.

- Böyüyəndə idmançı olacaqsan?

- Mən həmişə idmanla məşğul olacağam. Çünki idmanı çox xoşlayıram. Atamın ən böyük arzusudur ki, mən idmançı olum. Atam həmişə müəllimin öyrətdiklərini təkrar məşq etdirir. Mən həmişə idmanla məşğul olmaq istəyirəm. Böyüyəndə olimpiya çempionu olacağam. Buna görə də çoxlu məşq etməli, döyüşlər keçirməliyəm. Mən körpə olanda babam həmişə anama deyirmiş ki, Əsgər böyüyəndə idmançı olacaq, olimpiya çempionu olacaq... Arzum budur ki, böyüyəndə idmanda daha böyük uğurlarım olsun, beynəlxalq yarışlarda iştirak edim və Azərbaycan bayrağını yüksəklərə qaldırıb himnimizi səsləndirim.

- Bayrağımızı çox sevirsən?

- Bəli, çox sevirəm. Bayrağımızı sevmək hər birimizin borcudur.

- Bayrağa aid şeir bilirsən?

- Bilirəm…

Bu üçrəngli bayrağım

Gözümün işığıdır.

Azadlıq yağışından

Doğan göy qurşağıdır.

Üstündəki ay-ulduz

Gəlir mənim xoşuma.

Ay üzüyə bənzəyir,

Ulduz onun qaşına.

- Kimin şeiridir?

- Rafiq Yusifoğlunun. O çox sevdiyim şairlərdəndir.

- Şairlərdən daha kimləri tanıyırsan?

- Səməd Vurğunu, Zəlimxan Yaqubu.

- Qayıdaq idmana. Heç yarışda olubsan?

- “Qala” taekvando klubunda məşqə başlayandan sonra 3 yarışda iştirak etmişəm.

- Udmusan, uduzmusan?

- Saatlıda keçirilən yarışda 2-ci oldum. “Qala” taekvando klubunun təşkil etdiyi klublararası yoldaşlıq görüşündə 3-cü yeri tutdum. Bir neçə gün əvvəl isə “Gömrükçü” klubunun keçirdiyi açıq birincilikdə 2-ci yeri qazandım.

- Döyüşəndə rəqibdən qorxursan?

- Xeyr, onu udmağa çalışıram. Düzdür, ürəyim çırpınır, həyəcanlı oluram, ancaq döyüşürəm. Təslim olmağı sevmirəm.

- Qələbə qazananda hansı hisslər keçirirsən?

- Udanda gülürəm, uduzanda isə ağlayıram.

- Niyə ağlayırsan ki?

- Uduzmaq istəmirəm. Çünki bəzən uduzmağım öz səhvim ucbatından baş verir.

- Rəqiblərin güclü olur?

- Bəzən hə, bəzən yox.

- Yaxşı, idmanla məşğul olmağın dərsinə mane olmur ki?

- Dərslərimi oxuyuram. İdmanla dərsdən sonra asudə vaxtımda məşğul oluram. İdman dərslərimə mane olmur.

- Sinif yoldaşların bilir ki, taekvando ilə məşğul olursan, sarı kəmər sahibisən?

- Bəli, bilirlər.

- Heç olur ki, onlarla döyüşəsən?

- Xeyr. Çalışıram ki, uşaqlarla dalaşmayım. Dalaşsaq da, heç vaxt taekvando fəndlərindən istifadə etmirəm.

- Klubunuzda güclü uşaqlar var?

- Niyə yoxdur ki?! Xanmurad, Mircəfər, Mirnadir, Fatimə, Məhəmməd, Emil güclü uşaqlardır, yaxşı döyüşürlər.

- Klubda sənin həmyaşıdların çoxdur?

- Bir neçə nəfər mənim yaşda uşaqlar var.

- Bu il yarışlarda iştirak etdin, sarı kəmər aldın. Ən çox səni nə sevindirdi?

- Hər bir şeyə sevindim. Sarı kəmər almışam, istəyirəm ki, qara kəmər də alım. Bu il ən çox ona sevindim ki, cənab Prezident anama jurnalistlərin binasından ev verdi. Evimiz olan binanın həyətində idman meydançası da var, mən boş vaxtlarımda atamla orada idman edəcəyəm.

- Yeni ildə şaxta babadan nə istəyirsən?

- Mənə yenə oyuncaq gətirsin. Keçən il robot maşın gətirmişdi. Bu il də başqa hədiyyə gətirməsini istəyirəm.

Günel CƏLİLOVA

Son xəbərlər