20/09/2017 05:52
728 x 90

Bakı-2017: Azərbaycan idmançılarının uğurları gözlənilən zirvəsinə yaxınlaşır - YENİLƏNDİ / FOTO

Azərbaycan qızıl medalların sayına görə liderliyə yüksəldi

img

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında sərbəst güləşçilərin yarışına start verilib. Təmsilçilərimizdən ilk olaraq tatamiyə Cəbrayıl Həsənov çıxıb.

74 kq çəki dərəcəsində mübarizə aparan güləşçimizin 1/8 finaldakı rəqibi iranlı Peyman Yarəhmədi olub.

Daha güclü çıxış edən rəqib növbəti mərhələyə yüksəlib - 1:3.

Təmsilçimiz Olqa Bıkovskaya finalda

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində suya tullanma yarışları davam edir. Qadınlar arasında 10 m platforma yarışında təmsilçimiz Olqa Bıkovskaya seçmə mərhələdə birinci yeri tutaraq finala yüksəlib.

Finala, həmçinin indoneziyalı Della Harimurti və türkiyəli Sinem Sağlam vəsiqə qazanıblar.

Məhəmməd Müslümov İslamiadada medalı təmin etdi

Sərbəst güləşçimiz Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib. 65 kq çəki dərəcəsində çıxış edən idmançımız Məhəmməd Müslümov yarımfinalda əfqanıstanlı Malik Can Sadeedi vaxtından əvvəl - 10:0 hesabı ilə məğlub edib.

Bundan əvvəl təmsilçimiz 1/8 finalda Kot-d'İvuar idmançısı Açi İnnosent Abbeyə, 1/4 final mərhələsində isə Qvinea-Bisau güləşçisi Cumba Mabaliyə qalib gəlmişdi.

Beləliklə, M.Müslümov qızıl medal uğrunda döyüşəcək.

Güləşçimiz Mahir Əmiraslanov FİNALDA

Azərbaycanın sərbəst güləşçisi Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksəlib. 57 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz Mahir Əmiraslanov 1/4 finalda Kamerun təmsilçisi Tambi Nforsonqla qarşılaşıb.

Rəqibinə 14:4 hesabı ilə qalib gələn idmançımız yarımfinala yüksəlib.

Daha sonar isə idmançımız finala gedən yolda türkiyəli Uzun Nəbini mübarizədən kənarlaşdırıb - 15:2.

Stolüstü tennisçimiz Jinq Ninq qızıl medalın bir addımlığında

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis yarışları davam edir. “adınların fərdi mübarizəsində təmsilçimiz Jinq Ninq yarımfinalda iranlı tennisçi Neda Şahsavari ilə qarşılaşıb.

J.Ninq daha dəqiq oynayaraq finala yüksəlib - 4:1 (11:5, 12:10, 9:11, 11:4, 11:3).

Digər təmsilçimiz Miao Vanq isə finala gedən yolda türkiyəli idmançı Mələk Huya məğlub olub - 1:4.

Paralimpiyaçımız Yelena Çebanu finala çıxdı

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında atletika yarışları davam edir. Azərbaycan təmsilçisi Yelena Çebanu qadın paralimpiyaçılar arasında T12 kateqoriyasında 200 metr məsafəyə qaçış yarışında finala vəsiqə qazanıb.

Güləşçimiz Nurməhəmməd Hacıyev QIZILA doğru

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında daha bir güləşçimiz yarımfinala yüksəlib.İdmançımız Nurməhəmməd Hacıyev (97 kq) 1/4 finalda türkmənistanlı Yusup Melejayevlə üz-üzə gəlib.

Güləşçimiz rəqibinə vaxtından əvvəl qalib gəlib - 11:1.

Yarımfinalda suriyalı idmançı Abdalh Kərimlə qarşılaşan Nurməhəmməd Hacıyev (97 kq) rəqibinə göz açmağa imkan verməyib - 9:0.

Güləşçimiz İslamiadanın qızıl medalı uğrunda mübarizə aparacaq.

Boks üzrə Azərbaycan millisi İslamiadanın ən güclüsü oldu

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında boksçuların mübarizəsi başa çatıb. 7 gün davam edən yarışın ən yaxşısı adını Azərbaycan millisi qazanıb. Azərbaycan Boks Federasiyasından Trend-ə verilən məlumata görə, 10 çəki dərəcəsində qüvvəsini sınayan kişi boksçuların yarışında yığmamız 7 medala sahib olub. Hesabına 3 qızıl, 3 gümüş və 1 bürünc mükafat yazan komandamız bu göstəricidə hamını qabaqlayıb.

İslamiadanın ən yaxşısı adına yiyələnən millimiz həm ümumi medal sayında, həm də mükafatlarının əyarına görə rəqibləri üçün əlçatmaz olub. Boksçularımızın ən yaxın izləyici olan Özbəkistan Oyunları 2-ci pillədə bitirib. Yığmamızdan 2 medal geri qalan asiyalılar 5 dəfə fəxri kürsüyə qalxıblar. Bunlardan 3-ü qızıl medal olub.

Medal siyahısında Qazaxıstan üçüncüdür. Bu komanda Bakıdan 2 çempionluq və 3 “bürünc”lə ayrılır. Boks yarışlarında himni çalınan digər 2 ölkə isə Suriya ilə Türkmənistandır. Bakı-2017-də yalnız bu 5 ölkə çempionluq sevinci yaşayıb. Ümumilikdə isə 13 yığmanın üzvləri medal qazanmağı bacarıb.

Qeyd edək ki, boks yığmamızın heyətində Cavid Çələbiyev (60 kq), Teymur Məmmədov (91 kq), Məhəmmədrəsul Məcidov (+91 kq) birinci, Tamerlan Abdullayev (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq) ikinci, Tayfur Əliyev (56 kq) isə üçüncü yeri tutub.

Azərbaycanın İslamiadada 60-cı qızıl medalını Olqa Bıkovskaya qazandı

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində suya tullanma yarışları davam edir. Qadınlar arasında 10 m platformadan suya tullanma yarışında təmsilçimiz Olqa Bıkovskaya qızıl medal qazanıb.

Bu, Azərbaycanın İslamiadada 60-cı qızıl medalıdır.

İkinci yeri indoneziyalı Della Harimurti, üçüncü yeri isə türkiyəli Sinem Sağlam tutub.

Tennisçimiz Jinq Ninq gümüş medal qazandı

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis yarışları davam edir. Qadınların fərdi mübarizəsində təmsilçimiz Jinq Ninq finalda türkiyəli tennisçi Mələk Hu ilə qarşılaşıb.

M.Hu daha dəqiq oynayaraq qızıl medal qazanıb - 4:0 (13:11, 11:4, 12:10, 11:4).

Azərbaycana növbəti QIZIL MEDALı Mahir Əmiraslanov qazandırdı

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan sərbəst güləşdə ilk medalını qazanıb. 57 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Mahir Əmiraslanov finalda Qazaxıstan güləşçisi Jandos İsmayılovla qarşılaşıb.

Təmsilçimiz həlledici görüşdə daha yaxşı güləşərək qalib gəlib - 5:4.

Daha bir qızıl medal Yelena Çebanudan gəldi

Azərbaycan Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının paraatletika yarışlarında növbəti qızıl medalını əldə edib. Atletimiz Yelena Çebanu qadın paralimpiyaçılar arasında 200 metr məsafəyə qaçış yarışında (T12 kateqoriyası) finiş xəttinə rəqiblərindən daha tez çatıb - 24,89 saniyə.

İndoneziya idmançısı Endanq Sitorus gümüş, mərakeşli Məryəm En-Nuri isə bürünc medal qazanıb.

Artyom Danilov və Dmitri Sorokin suya tullanma yarışında 3-cü oldular

Azərbaycan Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının suya tullanma yarışında növbəti medalını qazanıb. Trend-in məlumatına görə, təmsilçilərimiz - Artyom Danilov və Dmitri Sorokin cütlüyü 3 m tramplindən sinxron tullanma yarışında 297.90 xalla üçüncü olub.

İramn təmsilçiləri qızıl (334.08), indoneziyalılar isə gümüş (330.30) medala sahib olublar.

Güləşçimiz Məhəmməd Müslümov İslamiadanı gümüş medalla başa vurdu

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında sərbəst güləşçimiz gümüş medal qazanıb. 65 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz Məhəmməd Müslümov həlledici görüşdə iranlı Meysam Nasiri ilə üz-üzə gəlib.

Gərgin keçən qarşılaşma M.Nasirinin qələbəsi ilə başa çatıb - 3:5.

Nurməhəmməd Hacıyev də qızıl medal qazandı

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında daha bir güləşçimiz qızıl medal qazanıb. 97 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz Nurməhəmməd Hacıyev finalda iranlı Əmir Məhəmmədi ilə qarşılaşıb.

Daha yaxşı güləşən idmançımız rəqib üzərində inamlı qələbə qazanıb - 11:2.

Bu, Azərbaycanın İslamiadada əldə etdiyi 63-cü qızıl medaldır.

Futbol komanlarının final oyununun vaxtı dəyişdirildi

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində futbol komanlarının final matçının vaxtı dəyişdirilib. 23 yaşadək futbolçulardan ibarət futbol üzrə Azərbaycan və Oman komandaları arasında 21 may tarixində baş tutacaq finalın keçirilmə vaxtı dəyişdirilib.

Oyun həmin gün saat 20:00-da deyil, saat 21:00-da keçiriləcək.

İdmançılarımız İslamiadada bugünədək 63-ü qızıl olmaqla 124 medal qazanıb. Bununla idmançılarımız qızılların  sayına görə liderliyə yüksəlib.

Son xəbərlər