18/03/2019 18:40
728 x 90

Radikallar bu dəfə Bakıda qadın batalyonunu qabağa verdi

img

Bütün xanımların böyük həvəslə qeyd etdiyi 8 mart günü hakimiyyətə qarşı radikal siyasi mövqeyi ilə seçilən bir qrup qadın şəhərin mərkəzində aksiya keçirərək, təxribat törətməyə cəhd etdi.

Əvvəlcədən sosial şəbəkələr və xaricdə qərarlaşan KİV tərəfindən anonsu verilən həmin aksiyanın sabitliyi pozmaq məqsədilə ortaya atıldığına şübhə yeri qalmırdı. Çünki həmin aksiyanı edənlərin mövqeyilə 8 mart bayramının fəlsəfəsi arasında kəskin təzad vardı. Eyni zamanda, aksiyada nümayiş olunan şüarların və səsləndirilən tələblərin müasir Azərbaycan qadınına heç bir aidiyyəti yox idi. Məlum aksiyaya liderliyi özünü müstəqil jurnalist kimi təqdim edən Xədicə İsmayıl həyata keçirirdi. Təşkilatçı qrup yürüşü "8 Marş - Zorakılığa qarşı GET" adlandırmışdı. Xədicə İsmayıl Facebook-dakı səhifəsində belə anons vermişdi: "Bu gün saat 2-də Azad qadın heykəli yanında mən də olacam. Solçu deyiləm. Feminist deyiləm. Qadınam". Digər qrup isə yürüşü "Qadına şiddətə yox!" aksiyası adlandırdı. 8 mart günü saat 14.00-da "Nizami" metrosunun yaxınlığına toplaşan bir qrup xanım əllərindəki şüarları, şarları və çiçəkləri yelləyərək "Azad Qadın" heykəlindən yola çıxıb, Natəvanın heykəlinədək yürümək istədi. Aksiya iştirakçıları yolun ortası ilə hərəkət etdikləri və hündürdən süarlar səsləndirərək, ictimai asayişi, başqa şəxslərin istirahət hüquqlarını pozduqları üçün polis prosesə müdaxilə etmək məcburiyyətində qaldı. Qeyd edək ki, aksiyadan bir gün əvvəl, martın 7-də Bakı polisi bəyanat yayaraq bildirmişdi ki, xanımların keçirməyə hazırlaşdığı aksiya şəhərin hakimiyyət dairələri ilə razılaşdırılmadığı üçün icazəsizdir və qarşısı alınacaq. Aydın şəkildə hiss olunur ki, ideyası, siyasi manevr imkanları tükənən müxalif dairələr son vaxtlar fərqli taktikadan istifadə etməyə çalışır. Xüsusilə də ölkə üçün əlamətdar sayılan günlərdə, insanların tamamilə başqa məqsədlər üçün toplaşdığı izdihamın diqqətini müəyyən təxribatlarla özlərinə cəmləməyə cəhdlər olunur. Son üç ay ərzində bunun baş verdiyini konkret dəlillərlə ortaya qoya bilərik. 20 yanvar günü, başda AXCP və Milli Şuranın rəhbərliyinin olduğu bir qrup insan Şəhidlər Xiyabanında provakativ addımlar ataraq, polislə qarşıdurma yaratdı. Nəticədə bir neçə müxalif fəalla bağlı müvafiq hüquqi ölçülər götürüldü. Bundan sonra, 26 yanvar tarixində xalqın böyük izdihamla Xocalı abidəsini ziyarət etdiyi mərasimdə Müsavat Partiyasının rəhbərliyi rəsmi protokol qaydalarını pozmağa cəhd edərək, yenə də düşünülmüş şəkildə polislə qarşıdurma yaratdılar. Dünən isə biz Xədicənin dəstəsinin 8 martda sui-stifadə cəhdinin şahidi olduq. Belə təxribatçı addımlara sosial şəbəkələr vasitəsilə bir qrup adamın xüsusi dəstək verməsinin də məqsədi aydındır. Son vaxtlar ölkə rəhbərliyinin xalqla birbaşa təmaslar qurması, cəmiyyətin müxtəlif təbəqələrinin problemlərini şəxsən Prezidentin özü tərəfindən dinlənilməsi və müvafiq addımların atılmasına sosial şəbəkələrdə böyük dəstək verilir. Ətrafında ciddi elektorat toplaya bilməyən radikal dairələrin əlamətdar günlərdən yararlanaraq oxşar təxribatlar törətməyə cəhd etməsi və buna sosial şəbəkələrdə diqqəti fokuslamağa çalışması hakimiyyətin yeni açılım siyasətinə kölgə salmaq məqsədi daşıyır. Ancaq Azərbaycanın hüquq-mühafizə orqanlarının ayıqlığı göstərir ki, belə ucuz vasitələrlə ölkədəki stabilliyi pozmaq cəhdləri alınan deyil.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər